12px14px16px18px

Ombudsman Bərdədə Milli Fəaliyyət Proqramına dair ictimai dinləmələr keçirib

00:44 / 25.05.2012  
Ombudsman Elmira Süleymanova ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (MFP) ilə bağlı növbəti regional ictimai dinləmələri Bərdədə keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Milli Məclisin bu bölgə üzrə seçilmiş deputatı Gövhər Baxşəliyeva, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, regiondakı ətraf rayonlar – Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Saatlı, Sabirabad, Ucar, Zərdab və Kürdəmir icra hakimiyyətlərinin, məhkəmə, daxili işlər orqanları və prokurorluğun rəhbər işçiləri, bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatları, KİV-lərin və icmaların nümayəndələri, qaçqın və məcburi köçkünlər iştirak ediblər. V.İsayev tədbiri açaraq, ombudsmanı salamlayıb, ictimai dinləmənin təşkilinə görə ona minnətdarlığını bildirib. Məruzəçi ölkəmizdə insan hüquqlarının təmininin prioritet məsələlərdən olduğunu, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) əhəmiyyətini qeyd edərək, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən adı çəkilən sənədin icrası ilə bağlı tədbirlər planının qəbul olunduğunu söyləyib, bu sahədə görülmüş işlər, insan hüquqlarına, o cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarına diqqətlə yanaşılması, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönəlmiş tədbirlər haqqında ətraflı məlumat verib. Ombudsman Ermənistanın təcavüzkar siyasəti nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş çoxsaylı soydaşımızın bu rayonda məskunlaşdığını, dövlət tərəfindən bu insanların problemlərinə diqqət yetirildiyini vurğulayıb, ölkə prezidentinin uğurlu fəaliyyəti nəticəsində bütün qaçqın düşərgələrinin ləğv olunduğunu, oradan məcburi köçkünlərin yeni tam infrastrukturla təmin olunub qəsəbələrə köçürüldüyünü, onların sosial rifahının yaxşılaşdığını qeyd edib. O hazırda təşəbbüsü ilə ölkənin bütün ərazisində 18 iyun — Milli İnsan Hüquqları günü ilə əlaqədar İnsan hüquqları aylığı çərçivəsində tədbirlərin keçirildiyini söyləyib, bu müzakirələrin vacibliyini vurğulayıb. Millət vəkili G.Baxşəliyeva müvəkkilin insan hüquqları sahəsində fəaliyyətini və təcrübəsini yüksək dəyərləndirmiş, onun parlamentlə səmərəli əməkdaşlıq etdiyini, qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı səmərəli təkliflər verdiyini qeyd edib. O, insan hüquqları istiqamətində milli qanunvericilik, yeni qəbul olunmuş qanunlar barədə məlumat verib, MFP-nin əhəmiyyətini diqqətə çatdırmış, insanların öz hüquqlarını bilməsinin vacibliyini vurğulayıb. Sonra müvəkkil bəzi problemləri qeyd edib, insan hüquqları sahəsində vəzifələrin birgə səylərlə uğurla həyata keçiriləcəyini deyib. O, bu regionda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi və digər zəruri məsələləri müzakirəyə çıxarıb. Müvəkkil səfər çərçivəsində İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Bərdə Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirmiş, şübhəli və təqsirləndirilən şəxs qismində saxlanılan hər bir kəslə təkbətək söhbət aparmış, hüquqlarını izah edib, həmin şəxslər burada saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazılıq etməyiblər.
Pərvanə


Bu yazı ( 71 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar