12px14px16px18px

Rəbiyyət Aslanova: “Hələ də uşaq hüquqları ilə bağlı konvensiyaya qoşulmayan ölkələr var”

MİLLİ MƏCLİSDƏ BMT-NİN UŞAQ HÜQUQLARI KOMİTƏSİNİN AZƏRBAYCAN DÖVLƏTİNƏ ÜNVANLADIĞI YEKUN MÜŞAHİDƏLƏRƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLİB

00:30 / 24.05.2012
“Azərbaycan BMT-nin Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Konvensiyasına hələ 1992-ci ildə qoşulub. Bu konvensiyanın fakultativ protokollarına, o cümlədən uşaq alverinin, uşaq fahişəliyinin, uşaq pornoqrafiyasının qarşısının alınması ilə bağlı protokollarına isə 2002-ci ildə qoşulub”. Bu fikirləri çərşənbə günü vitse-spiker Bahar Muradova dilə gətirib. B.Muradovanın sözlərinə görə, bu konvensiyadan və Azərbaycanın tərəfdar çıxdığı fakultativ protokolların tələblərindən irəli gələrək Azərbaycan tərəfi və parlamenti ötən müddət ərzində uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkə qanunvericiliyini sözügedən beynəlxalq sənədlərə uyğunlaşdırıb və bu istiqamətdə bir sıra uğurlu nəticələrə nail olub. Vitse-spiker eyni zamanda qeyd edib ki, sözügedən konvensiyanın tələblərinin Azərbaycanda yerinə yetirilməsi, icra olunması yönündə də hökumət tərəfindən bir sıra müsbət addımlar atılıb və bu yöndə sonuncu hesabat 2012-ci ilin yanvar-fevral aylarında BMT-nin Uşaq Hüquqlarının Müdafiəsi Komitəsinin 59-cu sessiyasına təqdim olunub: “Sözügedən komitədə Azərbaycanda uşaq hüquqlarının vəziyyəti ilə bağlı məsələnin müzakirəsi zamanı çox yaxşı dialoq alındı. Azərbaycanın bu sahədəki işləri müsbət qiymətləndirildi. O cümlədən, müəyyən çatışmayan məqamlarla bağlı da fikirlər səsləndirildi. Bu müzakirələrin yekunu olaraq, sözügedən komitənin tövsiyələri, müşahidələrindən ibarət sənəd Azərbaycan tərəfinə təqdim edildi. Bugünkü müzakirəmiz isə elə məhz bu məsələ ilə bağlıdır”.
“ABŞ başda olmaqla dünyanın bir sıra aparıcı və nüfuzlu dövlətləri var ki, hələ də bu günə kimi BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmayıblar. Ancaq Azərbaycan BMT tərəfindən 1989-cu ildə hazırlanan bu konvensiyaya çox qısa müddət ərzində – 1992-ci ildə qoşulub”. Bunu dəyirmi masada çıxışı zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova dilə gətirib. Millət vəkilinin qeyd etdiyinə görə, müstəqilliyinin cəmi 21 ili ərzində Azərbaycan uşaq hüquqlarının müdafiəsi ilə bağlı 11 beynəlxalq konvensiyanı ratifikasiya edib, həmçinin 72 qanunda bu məsələ ilə bağlı məqamlar öz əksini tapıb: “Qeyd etdiyim kimi, bu gün dünyanın bir sıra aparıcı və nüfuzlu ölkələri var ki, onlar nəinki BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabatlar təqdim edir, hətta sözügedən qurumun uşaq hüquqları ilə bağlı konvensiyasını ratifikasiya etməkdən belə yayınırlar. Ancaq həmin komitənin cəsarəti çatıb ABŞ başda olmaqla həmin dövlətlərdən tələb etmir ki, niyə uşaq hüquqları ilə bağlı məsələyə bu qədər səthi və qeyri-adekvat yanaşırlar”. R.Aslanova vurğulayıb ki, bir məqam da etiraf olunmalıdır ki, BMT-nin Uşaq Hüquqları Komitəsinin hazırladığı hesabatda Azərbaycanın təkcə son 5 il ərzində bu istiqamətdə gördüyü işlər müsbət qiymətləndirilib: “Halbuki həmin hesabatda böyük və super dövlət olan qonşu Rusiya ilə, o cümlədən digər aparıcı dövlətlərlə bağlı kəskin və mənfi məqamlar öz əksini tapıb. Bunlar bir daha onu göstərir ki, uşaq hüquqlarının müdafiəsi bu yöndə qanunvericilik bazasının formalaşdırılması və onun vaxtında düzgün icra edilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir”. R.Aslanova eyni zamanda onu da qeyd edib ki, dünyada xüsusilə son 60 ildə insan hüquqları, o cümlədən uşaq hüquqlarına münasibət kəskin şəkildə dəyişdi: “Bunun nəticəsi idi ki, BMT kimi nüfuzlu təşkilatın yaranmasından cəmi 1 il sonra bu qurumun Uşaq Fondu (UNISEF) təşkil edildi. Amma bir daha onu qeyd etməyi vacib sayıram ki, dünyanın bir sıra ölkələrində uşaq hüquqlarının müdafiəsi, bu yöndə müvafiq qanunvericiliyin yaradılması sanki arxa plana keçirilməkdədir. Bunlar isə qətiyyən yolverilməzdir”.
Kamil



Bu yazı ( 61 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar