12px14px16px18px

Millət vəkilləri İrana etiraz etdilər

“İRANIN ABŞ-a GÜCÜ ÇATMIR, AZƏRBAYCANIN ÜSTÜNƏ DÜŞÜB. BU, NƏ MÜSƏLMANÇILIĞA, NƏ BAŞQA ŞEYƏ SIĞIR”

00:55 / 23.05.2012
“Eurovision-2012” yarışması artıq öz işinə başlayıb və uğurla davam etməlidir. Amma təəssüflər olsun ki, son dövrlər bəzi dairələr, xüsusilə erməni lobbisi və İrandakı anti-Azərbaycan dairələri bu yarışmanın əleyhinə gedirlər ki, bu da hər birimizdə narahatçılıq doğurur”. Bu fikirləri parlamentin mayın 22-də keçirilən növbəti plenar iclasında cari məsələlərin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Mübariz Qurbanlı dilə gətirib. Onun qeyd etdiyinə görə, istər erməni lobbisinin, istərsə də onunla eyni mövqedən çıxış edən İrandakı anti-Azərbaycan dairələrinin “Eurovision” mahnı yarışmasına qarşı açıq-aşkar təbliğat aparmaları, etiraz aksiyaları keçirmələri qətiyyətlə pislənməlidir.
Millət vəkili qeyd edib ki, adında İslam olan bir dövlət Azərbaycan torpaqlarının 20%-ni hələ də işğalda saxlayan təcavüzkar bir ölkə – Ermənistanla həmrəylik nümayiş etdirməməli, Azərbaycan əleyhinə bəzi dairələr tərəfindən başladılan təxribatlarda yer almamalıdırlar: “İranın bəzi dairələrinin “Eurovision” musiqi yarışmasından öz məqsədləri naminə bəhanə kimi istifadə edərək Azərbaycan əleyhinə fəaliyyətə başlaması bölgədə sülhə və əmin-amanlığa ciddi təhlükə, qorxu törədir. Bu gün İranla təcavüzkar Ermənistanın Azərbaycana qarşı sinxron fəaliyyəti tamamilə yolverilməzdir. Eyni zamanda İran səfirliyinin məsləhətləşmə adı altında İrana geri çağırılması düzgün deyil. Bu iki ölkə arasında diplomatik münasibətlərin gərginləşdirilməsindən başqa heç nə deyil. Ona görə də, İrandakı antiazərbaycan dairələrinin ölkəmiz əleyhinə təxribatlarına son qoyulmalı, bunlar durdurulmalıdır”.
Millət vəkili Azay Quliyev İranın apardığı siyasətin nə İrana, nə də Azərbaycana xeyir gətirdiyini bildirib. O, İctimai Palatanın Bakının ən qaynar yerlərində aksiya keçirməsi ilə İranda Azərbaycan əleyhinə keçirilən aksiyaların fərqlənmədiyini də vurğulayıb: “Eurovision” mahnı müsabiqəsi ərəfəsində belə aksiyalar nə üçün keçirilir? Bu aksiyalar mahnı müsabiqəsindən sonra da keçirilə bilər”.
Digər millət vəkili Qüdrət Həsənquliyev İranın ali dini lideri Xamneyinin məhz Fransada siyasi sığınacaq tapdığını xatırladıb: “Başqa yerlərdə qızlar, Tehranda isə oğlanlar daha çox ciddi nəzarət altında saxlanılır. Əgər gey-parad keçiriləcəksə, elə Tehranda keçiriləcək. İranda bir dövlət rəsmisi demişdi ki, qadınların 25 faizi sulu qəlyan çəkir. Qadınların da çoxu ailə həyatı qurana qədər “ailə həyatı” yaşayırlar. Belələrinin Azərbaycana əxlaq dərsi keçməyə haqqı yoxdur.
Deyirlər ki, İran səfiri Azərbaycanı tərk edib. Əslində İranın səfirini qovmaq lazımdır”.
YAP icra katibinin müavini Siyavuş Novruzov öz növbəsində deyib ki, Azərbaycan prezidenti ölkə ərazisindən İrana qarşı istifadə olunmayacağını bəyan edib: “Başqa nə deyilməlidir? İranın ABŞ-a gücü çatmır, Azərbaycanın üstünə düşüb. Bu, nə müsəlmançılığa, nə başqa şeyə sığır. İranın Azərbaycandakı səfirinin geri çağırılmasına gəlincə, heç Azərbaycanın adını da yazmırlar, Azərbaycan adına da qısqanclıqla yaaşırlar. Azərbaycanda çaxnaşma yaratmaq istəyənlər niyyətlərinə çatmayacaqlar”.
Millət vəkili Fazil Mustafa bildirib ki, bu gün əziyyətlə tikilən Azərbaycan məbədinin yanmaması üçün ölkədə daxili siyasətin dəyişməsi lazımdır: “Biz İrana, Almaniyaya, Rusiyaya etiraz edirik və haqlı məqamlar var. Daxildə niyə müxalifətlə oyun qaydalarını müəyyənləşdirmirik? Həbsdə olan adamların buraxılması lazımdır ki, “Eurovision” mahnı müsabiqəsi zamanı Azərbaycanın imicinə zərər gəlməsin”. F.Mustafa qeyd edib ki, Gürcüstan və Moldova nümayədələri beynəlxalq platformalarda Azərbaycanın torpaqlarını işğal etdiyini söyləmirlər: “Biz niyə hər dəfə qeyd etməliyik? Biz işğal olunmuş ərazilərimizi də hər an xatırlatmalıyıq”.
Vitse-spiker Bahar Muradova isə vurğulayıb ki, Azərbaycanın bugünkü nailiyyətləri fonunda nöqsan axtarmaq lazım deyil: “Əleyhdarlarımızın bəhanəsini əlinə almaq çağırışını məqbul saymıram, başqa bəhanələr tapacaqlar. Digər tərəfdən, qonşularımızla beynəlxalq hüquq müstəvisində qururuq. Əgər irandakılar Azərbaycan hökuməti Azərbaycan deməyə dili gəlmirsə, Bakı hökuməti deyirsə, biz nə etməliyik?”. B. Muradovanın sözlərinə görə, bir sıra ölkələrdə Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparılır: “Düşünmürlərmi ki, niyə Azərbaycana qarşı kampaniya birdən başladı? 30 milyon azərbaycanlının yaşadığı ölkənin davranışı başa düşüləndir. Çünki İranda başa düşürlər ki, 30 milyon azərbaycanlı da oyana bilər. İranın bəzi rəsmiləri ona görə belə çıxışlar edirlər”.
Vitse-spiker bildirib ki, Azərbaycan işğala qarşı çıxır, Gürcüstan və Moldova ilə bağlı mövqe də bundan qaynaqlanır: “Azərbaycan müstəqil siyasət yürüdür. Gözü götürməyənlər yaxşılıqdan əziyyət çəkəcəklər. Millətin uğuruna sevinməyənlərin sonu da yaxşı olmayacaq”.
KAMİL



Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar