12px14px16px18px

Jalə Əliyeva: “Ermənistana səfər azərbaycanlı xanım üçün çox məsuliyyətli olsa da, buna özümü tam hazır hiss edirəm”

00:51 / 19.05.2012
 
Millət vəkili Jalə Əliyeva mayın 21-də Ermənistana səfər edəcək. O, mayın 21-dən 24-dək İrəvanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) 39-cu plenar iclasında iştirak edəcək. Bu haqda mətbuata açıqlamasında millət vəkilinin özü məlumat verib. J.Əliyevanın bildirdiyinə görə, Ermənistana səfər etmək Azərbaycanın mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün çox əhəmiyyətlidir. Millət vəkili deyib ki, adıçəkilən Assambleyaya ev sahiblik etmək 6 aydan bir növbə ilə bir ölkəyə düşür və bu dəfə də ev sahiblik etmək Ermənistanın payına düşüb: 
 “Azərbaycan da bu beynəlxalq təşkilatda öz nümayəndə heyəti ilə Ermənistanda olan toplantıda iştirak edəcək. Düşünürəm ki, bu səfər mənim üçün, Azərbaycanın mövqeyini dolayısı yolla, beynəlxalq təşkilatların vasitəsi ilə deyil, birbaşa qarşı tərəfə üzbəüz çatdırmaq baxımından çox əhəmiyyətlidir.20 ildən artıq Azərbaycanın öz torpaqlarını Ermənistan işğalından azad etmək istiqamətində apardığı haqlı mübarizə təbii ki, göz önündədir. Azərbaycan Prezidenti keçirdiyi bütün görüşlərdə Azərbaycanın mövqeyini ortaya qoyub. O da məlumdur ki, Ermənistan bu günə qədər BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsinə məhəl qoymayıb. Bu günə qədər Azərbaycanın bu məsələni sülh vasitəsi ilə yoluna qoyması ilə bağlı addımlarına Ermənistan tərəfindən heç bir zaman adekvat cavab verilməyib”. Millət vəkili Ermənistana səfərlə bağlı qeyd edib ki, beynəlxalq təşkilatın nizamnaməsinə əsasən görüşlərdə siyasi məsələlərə toxunmaq qadağan olunsa da, Azərbaycan öz haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışacaq. J.Əliyevanın qeyd etdiyinə görə, bu təşkilatın nizamnaməsində siyasi məsələlərə yer verilmir və siyasi məsələlərə toxunmaq qadağandır, ancaq buna baxmayaraq, Azərbaycan hər bir iclasda fürsətdən istifadə edərək,   haqsız yerə düçar olduğu müharibə və müharibənin acı nəticələri haqqında üzv olan 12 ölkəyə, bu təşkilatda qonaq, dinləyici qismində iştirak edən digər beynəlxalq təşkilatlara da öz problemlərini,mövqeyini qırmızı hərflərlə altından xətt çəkərək bildirib:
“Əgər bu təşkilatda qoyulan məsələlərdən biri ətraf mühitin çirklənməsi, ətraf mühitin mühafizəsi ilə bağlıdırsa, biz burada Azərbaycanın müharibə nəticəsində işğalı altında qalan torpaqlarındakı meşələrin məhv edilməsi, çayların zərərli maddələrlə çirkləndirilməsi kimi məsələləri qaldırmışıq. Əgər söhbət qadınların zorakılığa məruz qalmasından gedirsə, birinci növbədə, müharibənin qadınlara vurduğu ziyandan danışmaq lazımdır. 20 ildən artıq müharibə şəraitində, çadırlarda yaşayan, girovluqda qalan qadınların vəziyyətini diqqətə çatdırmışıq”. J.Əliyeva eyni zamanda, düşmən ölkəyə səfər etmək üçün özü şəxsən can atdığını və belə bir razılığa gəlindiyi üçün xoxbəşxt olduğunu vurğulayıb. Millət vəkilinin fikrincə, Ermənistana səfər azərbaycanlı xanım üçün çox məsuliyyətli olsa da, o, bu səfərə özünü tam hazır hiss edir: “Düşünürəm ki, heç bir xalq müharibə istəmir. Bu səfər mənim üçün məsuliyyətli, cavabdehlik daşıyan bir səfərdir. Mən heç bir qorxu, təhlükə, həyəcan haqqında düşünmürəm. Əgər bir qadın, ziyalı, ana kimi, ölkəmizin mövqeyini çatdırmaq imkanına nail olmuşamsa, bu şərəfə layiq görülmüşəmsə, çox şadam. Düşünmürəm ki, beynəlxalq təşkilata üzv ölkə digər bir ölkədən gələn millət vəkillərinə qarşı hər hansı bir problem yarada bilməz.
Qısaca olaraq deyim ki, əgər gedib orada içimdən gələn sözü deyə biləcəyəmsə, bu, elə mənə kifayət edir. Bir tərəziyə qoysaq, qorxu, həyəcan, bunlar hamısı daha aşağıda qalır. Qadının ora getməyi bir o qədər də arzuedilən deyil, amma buna baxmayaraq, mən ora getmək üçün can atmışam. Təbii ki, rəhbərlik tərəfdən də razılıq verilib. Bu razılıq verildiyinə görə, mən xoşbəxtəm”.
 
KAMİL
 
 



Bu yazı ( 266 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar