12px14px16px18px

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasını müzakirə edib

00:46 / 19.05.2012
Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin mayın 18-də keçirilən iclasında “2011-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. Müzakirələr zamanı bildirilib ki, 2011-ci ildə dövlət büdcəsinin icrası çərçivəsində gəlirlər 15 milyard 700 milyon 702 min, xərclər 15 milyard 397 milyon 522 min manat təşkil edib. Qeyd edilib ki, ötən il ÜDM-in artım tempi 0,1% , o cümlədən qeyri-neft sektorunda 9,4% artım olub, neft sektorunda isə 9,3% azalma müşahidə edilib. MM-in İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ötən il Azərbaycanın tarixində və iqtisadiyyatında mühüm illərdən biri olub. Onun qeyd etdiyinə görə, ötən il Azərbaycanın müstəqilliyinin 20 ili tamam olub ki, bu dövr ərzində də ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun və dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilib. Komitə sədri iqtisadi inkişaf göstəricilərinə görə Azərbaycanın yerləşdiyi bölgənin lider dövlətinə çevrildiyini də xatırladıb. Sonra qanun layihəsi barədə məlumat verən maliyyə nazirinin müavini Azər Bayramovun verdiyi məlumata görə, dünya ölkələrinin bir çoxunda, xüsusilə də Avropada borc probleminin yaranmasına və iqtisadi enişin müşahidə olunmasına baxmayaraq, Azərbaycanda həyata keçirilən təsirli çevik makroiqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında belə mənfi halların yaranmasının qarşısı alınıb, ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik qorunub saxlanıb. Nazir müavini qeyd edib ki, inkişaf etmiş ölkələrin əksəriyyətində iqtisadi artım templəri zəif olmaqla, yüksək işsizlik səviyyəsi, əlverişli olmayan maliyyə şəraiti, büdcə və maliyyə sektorundakı gərginlik davam edib. A.Bayramovun bildirdiyinə görə, bir sıra Avropa ölkələrində iqtisadi vəziyyət 2011-ci ilin 4 rübündə avrozonadakı böhranın yeni təhlükəli fazaya qədəm qoyması ilə əlaqədar xeyli pisləşib, dünyanın inkişaf etməkdə olan ölkələrində isə əksinə, yüksək inkişaf tempinin olması inflyasiyanın artmasına səbəb olub. Nazir müavini eyni zamanda bildirib ki, bir çox inkişaf etmiş ölkələrin böhranın ağır təsirlərinə məruz qalmasına baxmayaraq, Azərbaycanda aparılan monetar və fiksal siyasətin nəticəsi kimi əldə olunan makroiqtisadi sabitlik beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib. A.Bayramov sonra deyib ki, 2011-ci il ərzində ÜMD-nin həcmi 2010-cu ilə nisbətən qiymətlərlə müqayisədə 40 mln. manat artaraq 50,1 mlrd. manat, o cümlədən qeyri-neft sektorunda ÜDM 24,2 mlrd. manat, amma adam başına düşən ÜDM isə 5530,6 manat olub. Ötən il ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 48,3 faiz təşkil edib. Nazir müavini daha sonra qeyd edib ki, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri üzrə 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 98,8 mln. manat proqnoza qarşı icra 69,7 mln. manat və ya 70,5 faiz olub: “İstifadə edilmiş vəsaitin 5,3 mln. manatı Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq icimai-siyasi təşkilatlara üzvlük haqqı və ianə şəklində ödənib, 3,3 mln. manatı beynəlxalq maliyyə-kredit təşkilatlarının səhm kapitalında iştirakına, 10,1 mln. manat Azərbaycanın digər beynəlxalq fəaliyyətlərinə yönəldilib”. Bununla yanaşı, nazir müavini onu da bildirib ki, 2011-ci il icmal büdcənin gəlirləri 19 mlrd. 982 mln. manat proqnoza qarşı 23 mlrd. 225 mln. manat və ya 116,2 faiz icra olunub ki, bu da 2010-cu illə müqayisədə 378 mln. manat və ya 19,4 faiz çoxdur. KAMİL


Bu yazı ( 216 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar