12px14px16px18px

Avropa Komissiyasının Azərbaycanla bağlı son hesabatı təqdim olundu

ROLAND KOBİA: “AVROPA BİRLİYİNİN YALNIZ AZƏRBAYCANI SƏRT ŞƏKİLDƏ TƏNQİD ETMƏSİ BARƏDƏ FİKİRLƏRLƏ RAZI DEYİLƏM”

01:14 / 18.05.2012
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Avropa Gününə və Avropa Qonşuluq Siyasəti çərçivəsində dərc olunmuş Azərbaycanla bağlı hesabata həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Avropa Birliyinin əsasını qoymuş Şuman Bəyannaməsinin 62-ci ildönümünə həsr olunmuş mətbuat konfransında səfir bildirib ki, Avropa Birliyi ölkələri insan hüquqları, demokratikləşmə və fundamental azadlıqlar kimi əsas elementlər ətrafında birləşiblər: “Avropa Birliyi öz tarixi boyu inkişaf etməkdə davam edir və tərəfdaş ölkələrlə münasibətlərin genişləndirməkdə maraqlıdır”. Səfir Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində Azərbaycanla bağlı mayın 15-də dərc etdiyi hesabatı təqdim edib. Hesabatda Azərbaycanın Avropa Birliyi ilə imzalanmış Fəaliyyət Planı çərçivəsində gördüyü işlər, həmçinin öhdəliklərin yerinə yetirilməsinə dair tövsiyələr öz əksini tapıb. Səfir qeyd edib ki, hesabatda pozitiv dəyişikliklər kimi Azərbaycanın iqtisadi uğurları, yoxsulluq səviyyəsinin aşağı salınması, yeni gömrük kodunun qəbulu, monetar və maliyyə stabilliyi, AB ilə ticarət dövriyyəsinin artması, energetika sahəsində əməkdaşlıq, cinayətkarlığa, çirkli pulların yuyulması və terrorçuluğa qarşı mübarizənin gücləndirilməsi, göstərilib. Səfir Azərbaycanın korrupsiya ilə mübarizədə uğurlarını alqışlayıb və qeyd edib ki, bu sahədə daha böyük işlər görmək olar. Avropa Birliyinin daha çox səy göstərilməsini tövsiyə etdiyi sahələr isə insan hüquqları, demokratikləşmə sahəsində siyasi islahatlar, sərbəst toplaşmaq azadlığı, media azadlığı, diffamasiya haqqında qanunun qəbulu, QHT-lər sahəsində qanunvericiliyini təkmilləşdirilməsi, özəl sektorun inkişafı, biznesin şəffaflığı, Ümumdünya Ticarət Təşkilatına qəbul istiqamətində tərəqqiyə nail olunmasıdır. Azərbaycanda insan haqlarının durumuna dair sualı cavablandıran Roland Kobia bildirib ki, bu sahədə tərəqqiyə bir gündə nail olmaq mümkün deyil: “Mən Avropa Birliyinin yalnız Azərbaycanı sərt şəkildə tənqid etdiyini söyləyənlərin fikirləri ilə razı deyiləm. Azərbaycanla bağlı vəziyyətdə müsbət məqamlar da var. Məsələn, son vaxtlar Bakıda bir neçə dəfə mitinq keçirilməsinə icazə verilib. Əlbəttə, tərəflər arasında anlaşılmazlıqlar qalmaqdadır, xüsusilə mitinqlərin keşirildiyi yerlə bağlı. Lakin yenə də bu faktı pozitiv məqam kimi dəyərləndirmək olar. Bu, ümidləri artırır”. Roland Kobia onu da deyib ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimad mühitinin möhkəmləndirilməsinə dair tədbirlər paketi hazırlayıb: “Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edə biləcək bəzi ideyalar hazırlayıb. Lakin hələlik tərəflər bu təklifləri qəbul etməyiblər. Ümidvarıq ki, yaxın gələcəkdə tərəflər bu təkliflərimizi qəbul edəcəklər. Və bu, münaqişə tərəflərinin problemin həllini real şəkildə arzuladığının göstəricisi olacaq”. Roland Kobia bildirib ki, AB sülh yolu ilə nizamlanma prosesinə dəstəyini artırmaq istəyir: “Avropa Birliyinin region üzrə xüsusi təmsilçisi Filipp Leforta həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mandat verilməsi, həmçinin Avropa Birliyinin tərəflər arasında etimadı mühitini möhkəmləndirməyə dair tədbirlər hazırlaması buna misaldır. Bu təkliflər Ermənistan və Azərbaycanla müzakirə olunur. Münaqişə həddən artıq uzun müddətdir davam edir və qoşunların təmas xəttində insanlar ölürlər. Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik, lakin rəsmi danışıqlardan başqa insanların qarşılıqlı etimadını bərpa etmək də çox vacibdir”. Roland Kobia onu da bildirib ki, Avropa Birliyi rəsmisinin Dağlıq Qarabağa səfəri o demək deyil ki, Avropa Birliyi oranı müstəqil ərazi kimi tanıyır. R. Kobia xatırladıb ki, AB-yə üzv olan 27 ölkənin xarici işlər nazirinin fevral ayında qəbul etdiyi yekun sənəddə belə bir çağırış var. Bu çağırış AB-nin Cənubi Qafqaza və həmin münaqişəyə ciddi diqqətinin göstəricisidir. 27 nazir AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun Dağlıq Qarabağa səfərinə şərait yaradılmasını istəyib. “Bu məsələ hər iki tərəflə müzakirə olunub. Amma hələlik hər hansı qərar qəbul olunmayıb. Belə bir səfər olsa, bu o demək deyil ki, Avropa Birliyi Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyır. Avropa Birliyi münaqişənin şəffaf və açıq həlli üçün vasitəçi olmaq istəyir. ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağa tez-tez səfərlər edirlər. Amma bu o demək deyil ki, onlar Dağlıq Qarabağın müstəqilliyini tanıyırlar. Biz bu münaqişənin həllinə dəstək vermək istəyirik. Bizim heç bir gizli niyyətimiz yoxdur, yalnız münaqişənin həllini istəyirik”.


Bu yazı ( 76 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar