12px14px16px18px

Məlahət İbrahimqızı: “Eurovision-2012”nin yüksək səviyyədə keçirilməsi Azərbaycanın beynəlxalq imicini gücləndirəcək”

01:01 / 18.05.2012
“Avropanın nüfuzlu mahnı yarışmasının ölkəmizdə keçirilməsi hər bir vətəndaşda fərəh hissi yaradır. Çünki bu müsabiqədə iştirak etmək üçün xaricdən minlərlə insan Azərbaycana səfər edəcək və bu səfər çərçivəsində ölkəmizdəki inkişafın şahidi olacaqlar”. Bunu hakim partiyanın saytına açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. Onun dediyinə görə, bu hadisə həmçinin, Azərbaycanın beynəlxalq müstəvidə təbliğ olunması baxımından da böyük əhəmiyyət kəsb edir. M.İbrahimqızı bildirib ki, bu gün ölkəmizin hər yerində, xüsusilə Bakı şəhərində inkişaf, quruculuq prosesi həyata keçirilir. Millət vəkilinin fikrincə, bu yaxınlarda Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsi keçiriləcəyini nəzərə alsaq, onda şəhərimizdə quruculuq işlərinin əhəmiyyəti ikiqat artır. O deyib ki, çünki dünyanın hər tərəfindən Bakıya gələn xarici qonaqlar paytaxtımızın gözəlliyinin şahidi olacaqlar: “Xeyli müddətdir ki, ölkəmiz bu nüfuzlu mahnı yarışmasına yüksək səviyyədə hazırlaşır. Azərbaycan özünün bütün resurslarından maksimum səviyyədə istifadə etməklə, bəhs edilən beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi yönündə mühüm hazırlıq tədbirləri görməkdədir. Eyni zamanda, qeyd etmək istəyirəm ki, paytaxtımızda quruculuq işləri bu müsabiqə ilə bağlı deyil, dövlətimizin inkişaf siyasətinin tərkib hissəsidir. Bu işlər davamlı olaraq həyata keçirilməkdədir. Təbii ki, bu tədbirlərin əsasında ölkə vətəndaşlarını layiqli həyat şəraiti ilə təmin etmək məqsədi dayanır. Amma təəssüf ki, bəzi dairələr bu beynəlxalq səviyyəli tədbirin Bakıda keçirilməsindən sui-istifadə edərək ölkəmizin imicinə zərbə vurmağa cəhd göstərirlər. Bir sıra beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən bəzi müxalifət partiyaları və QHT-lər “Eurovision” mahnı müsabiqəsini siyasiləşdirməyə çalışırlar. Bütün bunların heç bir əsası yoxdur. Vətənpərvərlik hissi olan hər bir insan bu nüfuzlu tədbirin ölkəmizdə keçirilməsindən qürur duymalıdır. Çünki bu tədbirin yüksək səviyyədə keçirilməsi, Azərbaycanın beynəlxalq imicini daha da gücləndirəcək. Məhz hər bir vətəndaş da bu nəticənin əldə olunması üçün töhfələrini verməlidir”.
KAMİL


Bu yazı ( 68 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar