12px14px16px18px

Sahibə Qafarova: “Azərbaycanın uğuru hər birimizin uğurudur”

00:59 / 18.05.2012
“Eurovision” kimi nüfuzlu və mötəbər beynəlxalq mahnı yarışmasının ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşında iftixar, qürur hissi oyadır”. Bunu mətbuata açıqlamasında hakim partiyadan olan millət vəkili, Bakı Slavyan Universitetinin prorektoru, professor Sahibə Qafarova dilə gətirib. Millət vəkilinin dediyinə görə, bu müsabiqədə iştirak etmək üçün xaricdən minlərlə insan artıq Azərbaycana səfər etməkdə , bu səfər çərçivəsində ölkəmizdəki inkişafın şahidi olmaqdadırlar və olacaqlar. S.Qafarova onu da qeyd edib ki, bu hadisə həmçinin, Azərbaycanın beynəlxalq aləmdə yüksək səviyyədə təbliğ olunması, tanıdılması, xüsusilə, Azərbaycan həqiqətlərinin, reallıqlarının dünya ictimaiyyətinə daha dolğun və müfəssəl şəkildə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır: “Bildiyiniz kimi, xeyli müddətdir ki, ölkəmiz bu nüfuzlu mahnı yarışmasına yüksək səviyyədə hazırlaşır. Azərbaycan indiyə kimi özünün bütün resurslarından, imkanlarından maksimum səviyyədə istifadə etməklə, beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi yönündə mühüm hazırlıq tədbirləri görüb və görməkdədir. Amma təəssüflər olsun ki, bəzi dairələr, qüvvələr bu beynəlxalq səviyyəli tədbirin Bakıda keçirilməsindən sui-istifadə edərək ölkəmizin imicinə zərbə vurmağa cəhd göstərirlər. Bir sıra beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən bəzi müxalifət partiyaları və QHT-lər “Eurovision” mahnı müsabiqəsini siyasiləşdirməyə cəhd göstərir,yəni, ondan öz şəxsi, qrup maraqları naminə istifadə edib, nəyəsə nail olmaq istəyirlər . Lakin birmənalı şəkildə qeyd etmək istəyirəm ki, həmin qüvvələrin, dairələrin bu yöndəki cəhdlərinin, niyyətlərinin heç bir əsası yoxdur və onların cəhdləri elə bəri başdan iflasa məhkumdur. Onların bu günə qədər ki, cəhdləri necə uğursuzluqla nəticələnibsə, bundan sonrakı cəhdləri də eyni aqibətlə üzləşəcək. Eyni zamanda hesab edirəm ki, vətənpərvərlik, milli qürur hissi olan hər bir insan bu nüfuzlu tədbirin ölkəmizdə keçirilməsindən fəxr duymalıdır. Çünki bu tədbirin yüksək səviyyədə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki imicini daha da gücləndirər və inanıram ki, bu, məhz belə də olacaq. Ona görə də siyasi mövqeyindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bu nəticənin əldə olunması üçün öz töhfələrini verməlidir. Bir sözlə, Azərbaycanın uğuru hər birimizin uğurudur”. KAMİL


Bu yazı ( 68 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar