12px14px16px18px

Emin Həsənli: “Ehtiyatda olan hərbçiləri siyasi proseslərə, aksiyalara cəlb etmək yolverilməzdir”

01:23 / 17.05.2012
“Son günlər İctimai Palatanın, əslində kiçik bir qrupun şəhərin mərkəzində keçirməyə cəhd göstərdiyi qanunsuz aksiyalara hərbiyönümlü QHT-lər də qoşulub. Buna təəssüf edirik”.
Bunu Lent.az-a açıqlamasında Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli söyləyib.
Emin Həsənli bildirib ki, həmin hərbyönümlü QHT-lər “Eurovision” Mahnı Müsabiqəsi ərəfəsində Müdafiə Nazirliyindən 300 metr kənarda 500 nəfərin qatılacağı aksiya keçirmək niyyətində olduqlarını açıqlayıblar. Həmin ərazidə çox mühüm dövlət obyektləri yerləşir: “O qrupun nümayəndələri hər zaman iddia edirlər ki, siyasətə qarışmırlar. Ancaq daim müxalifət partiyaları ilə həmrəylik nümayiş etdiriblər. Bu gün də o həmrəylik açıq şəkildə görünür. Buna təəssüflənirik. Ehtiyatda olan hərbçiləri, zabitləri bu cür siyasi proseslərə, aksiyalarına cəlb etmək yolverilməz hərəkətdir. Görünür, bu təşkilatlar eyni dairədən idarə olunur, eyni məqsəd güdürlər”.
Emin Həsənli deyib ki, söhbət hərbçilərin məzuniyyət pulunun kompensasiyasından gedirsə, bu məsələ ilə bağlı dövlət başçısı tapşırıq verib, araşdırma gedir. Onun sözlərinə görə, zabitlərə yaxın vaxtlarda mənzillər də veriləcək. Zabitlərin əməkhaqları artırılıb, yenə də artırılması gözlənilir. Bütün hərbi hissələrdə də quruculuq işləri gedir: “Bəli, bütün sahələrdə olduğu kimi təbii ki, orduda da çatışmazlıqlar, nöqsanlar var. Elə bir sahə, dünyanın elə bir ordusu yoxdur ki, hər şey ideal olsun. Digər tərəfdən, niyə 2-3 ay əvvəl bu aksiyalar keçirilmirdi, yaxud “Eurovision” Mahnı Müsabiqəsindən 1-2 ay sonra belə aksiyaları keçirmək istəmirlər? “Eurovision” Mahnı Müsabiqəsi ərəfəsində prosesi siyasiləşdirmək, xüsusən də ehtiyatda olan hərbçilərin bu prosesə cəlb edilməsi təəssüf doğurur. Ordu xalqın və dövlətindir, dövlətin milli maraqları var, Silahlı Qüvvələr bu maraqlara xidmət etməlidir”.
Silahlı Qüvvələrə İctimai Nəzarət İctimai Birliyinin sədri vurğulayıb ki “Eurovision” Mahnı Müsabiqəsi Azərbaycanı dünyada tanıtmaq, təbliğ etmək üçün bir vasitədir: “Azərbaycan dövlətinə qarşı yönələn bu cür hallar heç bir nəticə verməyəcək. Azərbaycan xalqı hakimiyyəti, ordumuzu dəstəkləyir. Onlar indiyə qədər “Eurovision” Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməməsinə nail olmağa çalışırdılar. İndi isə bu tədbiri gözdən salmağa çalışırlar. Azərbaycana gələn jurnalist ordusunun böyük bir qismi ölkəmiz haqqında həqiqətləri, reallıqları yazacaqlar. Məqsədli olaraq Azərbaycana gəlmək istəyən, bir mənbədən idarə olunan və ölkəmizdə də əlaltıları vasitəsi ilə Azərbaycana qarşı kampaniya aparmaq istəyənlər də xalqımız və dövlətimiz tərəfdən layiqli cavablarını alacaqlar. Prezidentimizin də dediyi kimi, biz gücləndikcə belə hallar olacaq, ancaq bunların heç bir əhəmiyyəti olmayacaq”.









Bu yazı ( 51 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar