12px14px16px18px

Formalar dəyişir, məqsədlər və metodlar isə eynidir

01:01 / 17.05.2012

Proseslərin gedişi göstərir ki, Almaniya sollaşmaq ərəfəsindədir. Almaniya özünün xarici siyasətində həmişə “5-ci kolon” taktikasından fəal olaraq istifadə edib. Beşinci kolon nə deməkdir? Beşinci kolon (ispanca – kontekolonna) 1936-1939-cu illərdə İspaniyada baş verən vətəndaş müharibəsində general Frankonun casuslar qrupunun adıdır. Geniş mənada düşmənin casusları, təxribatçıları, sabotajçıları, təhrikçiləri, terrorçuları və təsir agentləri deməkdir. “5-ci kolon” termininin müəllifi vətəndaş müharibəsində frankistlər ordusuna komandanlıq edən general Emilio Moladır. O, Madridə hücum edərkən 1936-cı il oktyabrın əvvəlində radio ilə İspaniya paytaxtının sakinlərinə müraciət edərək bildirmişdir ki, sərəncamında olan 4 hərbi kolondan başqa, Madridin özündə 5-ci kolona malikdir ki, bu da həlledici məqamda arxa cəbhədən zərbə endirə bilər. 5-ci kolon çaxnaşma toxumu səpirdi, sabotajla, casusluq və təxribatla məşğul olurdu. Eyni zamanda, 1939-1945-ci illər II Dünya müharibəsi zamanı ölkələri zəbt etməkdə alman faşistlərinə yardım göstərən müxtəlif ölkələrdəki nasist agenturası məhz 5-ci kolon adlanırdı. Amma Almaniya yalnız II Dünya müharibəsində deyil, I Dünya müharibəsində də 5-ci kolondan səmərəli istifadə etmişdir.
Almaniya hökuməti 1917-ci ildə Rusiyanın I Dünya müharibəsində məğlub olması üçün bu ölkədə bolşevik inqilabını maliyyələşdirirdi. Artıq rusiyalı tarixçilər də sənədlərlə sübut ediblər ki, o zamankı Almaniya hökuməti Lenini pulla, – indi buna qrant deyirlər, – zirehli qatarla təmin edərək Rusiyaya yollayır ki, burada bolşevik inqilabını həyata keçirərək ölkəni içəridən dağıtsın və Rusiyanın müharibədən çıxması nəticəsində Almaniyanın qalib gəlməsinə səbəb olsun. Belə də oldu, Lenin Almaniyanın qrantı və zirehli qatarı hesabına Peterburqa gəlib zirehli qatarın üstündə məşhur 14 aprel tezisləri ilə çıxış etdi. Rusiya dağıldı və nəticə ondan ibarət oldu ki, şərq cəbhəsində Almaniyanın əl-qolu açıldı. Hələ qədim zamanlardan dövlətlər iqtisadi və siyasi maraqlar uğrunda mübarizədə daxili qüvvələrdən biri digərinə qarşı mübarizədə istifadə ediblər. Məsələn, ərəblər Babəkə qalib gələ bilməyəndə daxildə Səhl ibn Sumbatdan istifadə etdilər. Almaniya II Dünya müharibəsi zamanı başqa ölkələri işğal etmək üçün 5-ci kolonlardan istifadə taktikasını geniş tətbiq edirdi. Məsələn, 30-cu illərin ortalarında Hollandiyada Anton Mossertin rəhbərlik etdiyi hərəkat Almaniya işğalına kömək etdi və o, öz partiyası ilə Hitler Almaniyasının xidmətində durdu. Belçikada Leon de Qrell Almaniyanın bu ölkəni işğal etməsinin tərəfdarı idi və işğalçı ilə əməkdaşlıq edirdi. Britaniyada ser Osvald Mosle və Fransada polkovnik Deliyarok və Petyen öz ölkələrində 5-ci kolonlara rəhbərlik edirdilər.
5-ci kolonlardan istifadə Almaniya tarixinin müxtəlif dövrlərində ən məşhur metodlardan olub. Onlardan ən irimiqyaslısı Almaniya xüsusi xidmətlərinin 1917-ci il Rusiya bolşevik inqilabını maliyyələşdirməsi, bolşeviklərə qrant verməsi və inqilabı həyata keçirməsidir. Bu gün Almaniyada baş verənlərin mahiyyətini anlamaq üçün tarixdən ibrət dərsi götürmək və onu nəzərə almaq çox vacibdir.
Avstriyanın paytaxtı Vyanada yaşayan və elmi dairələrdə məşhur olan tarixçi-alim, doktor Elizabet Heriş onu çox təəccübləndirmiş arxiv sənədləri əsasında “Parvusun gizli işi” və “Pulla alınmış inqilab” adlı kitabını Almaniyada nəşr etdirib. Doktor Elizabet Heriş araşdırmaları zamanı belə bir nəticəyə gəlib ki, inqilabların arxasında mütləq hansısa xarici qüvvələr dayanır və başqa qüvvələri dağıdıcılıq istiqamətində yönəldir, özləri isə pərdə arxasında qalırlar. Bu fikir doktor Herişi axtarışlara sövq edir və nəticədə o, Almaniya Xarici İşlər Nazirliyinin arxivində almaniyalı diplomatlarla Danimarka, İsveçrə və İsveç kimi o zamankı bitərəf ölkələrin səfirləri ilə gizli yazışmaları əldə edir. Bu sənədlərdə Rusiyada sistemli şəkildə inqilaba hazırlıqlar haqqında sübutlar vardır. Onların arasında memorandum tipli Rusiyada inqilaba hazırlıq planı da vardır. Bu planı əsl adı İzrail Lazereviç Gelfman olan, əvvəllər Rusiyada daha sonra İsveçrədə yaşamış solçu Andrey Parvus hazırlamışdır. Sənəddə 1915-ci ilin martın 15-i tarixi qoyulmuşdur. Plan 20 səhifədən artıq idi. Planda Parvus Rusiyanı necə, hansı yollarla Almaniya ilə müharibədən çıxarmaq və məğlub vəziyyətinə salmaq haqqında ətraflı qeydlər etmişdi. Onun əsas tezisi belə idi: “Yalnız separatçıların və inqilabi təşviqatçıların birgə səyi ilə arzuolunan nəticəyə gəlib çıxmaq olar”. Parvus bu planla Almaniya Xarici İşlər Nazirliyinə gedir. Onun planından bəzi müddəalar: “Çörək, azadlıq və sülh şüarları altında ümumrusiya tətillərinə başlamaq”, “Rusiyanın aparıcı sosial demokratlarının İsveçrədə keçiriləcək konqresinə hazırlıq görülməsi; bu konqresdə vahid mövqe müəyyənləşdirmək”, “Hökumətin devrilməsi və tezliklə sülh şüarının dəstəklənməsi”, “Xaricdə və ölkə daxilində partiya qəzetlərinə maliyyə və təşkilati dəstək verilməsi, onlar hər yerdə hakimiyyətin əleyhinə fikir formalaşdırmalıdırlar”, “İnqilabçı məhbusların həbsxanadan çıxarılması və onların Petroqrada aparılması”, “Ukrayna, Finlandiya və Qafqazda millətlərarası münaqişələri qızışdırmaq” və s. bundan başqa, partlayışlar, silahlı üsyan və terror aktları da plana daxil idi. Parvus Almaniya Hökumətini inandırır ki, Rusiyanın daxilində belə bir inqilabi xaos yaradılarsa, çar məcbur olacaq ki, hakimiyyətdən imtina etsin və onun yerini tutan hökumət müharibədən çıxaraq Almaniyanın istədiyi sazişi imzalayacaqdır. Bütün bunlar üçün Parvus alman hökumətindən 5 milyon marka pul istəyir. Alman hökuməti dərhal razılıq verir. Artıq iki gündən sonra – martın 17-də Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Yaqov dövlət xəzinədarlığına aşağıdakı məzmunda teleqram göndərir: “Rusiyada inqilabi təbliğatı dəstəkləmək üçün 2 milyon marka tələb olunur”. İki gündən sonra xəzinədarlıqdan müsbət cavab gəlir. Bu, avans idi, Parvus bu 2 milyondan 1 milyonu dərhal alır və onları Kopenhagendəki hesaba köçürür. Pulun böyük hissəsini o, xaricdə və Rusiyanın daxilində hakimiyyətə qarşı təcavüzkar mövqenin formalaşdırılması üçün kütləvi informasiya vasitələrinin yaradılmasına və fəaliyyət göstərməsinə xərcləyir.
Ancaq Parvusun iddia etdiyi kimi, Rusiyada inqilab 1916-ci ildə baş vermədi və Almaniya hökumətinin ona olan inamı azaldı. Belə bir etimad yarandı ki, Parvus onları aldadır. Ancaq Parvus var gücü ilə çalışır və inamı bərpa edə bilir. Bununla belə, inqilaba xərcləmək üçün əvvəllər nəzərdə tutulan 5 milyon marka 100 milyon markaya qədər artır. Parvus öz planını həyata keçirmək üçün Rusiyadakı siyasi qüvvələrin arasında axtarışa başlayır və Leninin üzərində dayanır. Ona görə ki, heç bir prinsipi olmayan Lenin hər şeyə, vətəni satmağa belə hazır idi. Parvusun seçimi doğru idi. Ona görə ki, bolşeviklərdən başqa bütün solçular Rusiyanın müharibədə məğlub olmasının əleyhinə çıxırdılar. Rusiya sosial-demokratları müharibəni qələbəyədək davam etdirmək tərəfdarı idilər. Yalnız bolşeviklər sosialist inqilabı naminə öz dövlətlərinin müharibədə uduzmasına razı idilər. Bu tezisi Parvus şəxsən hazırlamışdır. Onun əsasını belə bir fikir təşkil edirdi. “Müharibə inqilab üçün katalizatordur. Hər kəs öz hökumətinin müharibədə uduzmasına çalışmalıdır ki, inqilabi şərait yaransın”. Lenin və bolşeviklər də Parvusun bu ideyası ilə Rusiya-Almaniya müharibəsində Rusiyanın məğlub olmasına və ölkədə inqilabi şəraitin formalaşmasına xidmət edən platformanın tərəfdarı idilər. Lenin bu mövqeyini imperialist müharibəni vətəndaş müharibəsinə çevirmək şüarı ilə elan etdi. Bu, Almaniyanın istəyi idi və Lenini maliyyələşdirməyə başladı.
Doktor Hereşin əldə etdiyi sənədlər arasında kimə nə qədər pul verilməsi haqqında da qeydlər vardır. Elə şərait yaradılmalı idi ki, tətil etmək işləməkdən sərfəli olsun. Məsələn, tətildə, yürüşdə iştirak edənlərə və şüarlar səsləndirənlərə 10 rubldan 70 rubladək, küçədə atəş açanlara 120, bəzən isə 140 rubl pul verilirdi. Halbuki işdə 30 rubl maaş verirdilər. Almaniyanın qrantı hesabına “Pravda” qəzetinə mətbəə alındı və qəzetin tirajını xeyli artırmağa nail oldular. Xaricdə də müvafiq kütləvi informasiya vasitələri strukturları yaradılırdı. Almaniyadan inqilabçılar üçün gələn qrantlar Sibir ticarət və Petroqraddakı Rusiya-Asiya banklarına göndərilirdi. Bolşevik Qonetski ilə Kozlovski bu pulları bilavasitə idarə edirdilər. Sonuncu Parvusun şirkətinin hüquq məsləhətçisi idi. Pullar Almaniyanın Diskonto-Dizel bankından İsveçdəki banka ünvanlanırdı. Bu bankın rəhbərləri Lenin və Parvusu tanıyırdı və pulları onlara ötürürdülər. Parvus Leninlə çoxdan tanış idi. Onlar 1905-ci il inqilabı zamanı “İskra” qəzetini birgə çıxarmışdılar. Ancaq Lenin hüquqşünas kimi ehtiyatlı tərpənir və onunla birbaşa əlaqə saxlamırdı. Onlar yalnız bir dəfə Leninin Krupskaya ilə İsveçrədə kirayələdiyi evdə görüşür və razılığa gəlirlər ki, Leninin inanılmış adamları olan Qonetski və Radekin vasitəsilə əlaqə saxlasınlar. İnqilab üçün hər şey hazır olandan sonra Parvus şəxsən Lenin və Krupskaya üçün Rusiyaya bilet alır. Əvvəl o yalnız Lenini Rusiyaya göndərmək niyyətində idi. Ancaq şübhə doğurmamaq üçün Almaniya hökuməti bütöv bir qatarı kirayələyir və əksər Rusiya emiqrantlarını, xüsusilə bolşevikləri həmin qatarla Rusiyaya-Petroqrada yollayır. Daha sonra bir neçə belə qatar da göndərilir. Məsələ ondadır ki, İsveçrədən Rusiyaya getmək üçün Almaniyanın ərazisindən keçmək lazım idi. Almaniya isə Rusiya ilə müharibə vəziyyətində olduğu üçün onun ərazisindən keçib getmək mümkünsüz idi və buna xüsusi icazə verilməli idi. Lenin və onun komandasına Almaniya hökuməti bu icazəni vermişdir. 1918-ci ildə Almaniya baş qərargahının rəisi general Lüdendorf etiraf etmişdir ki, “Biz üzərimizə böyük məsuliyyət götürərək Lenini Rusiyaya çatdırdıq. Amma bunu etmək vacib idi ki, Rusiya süqut etsin”.
Beləliklə, Almaniya 1915-1917-ci illərdə Rusiya bolşeviklərinə və Rusiyada inqilabın hazırlanmasına 100 milyon markaya qədər qrant xərcləmişdir. Nəticədə bolşevik inqilabı baş verdi və Rusiya süqut etdi. Ancaq Almaniyada Parvusun məruzəsi əsasında bilirdilər ki, bolşeviklərin əhali arasında dayaqları yoxdur və Leninin hakimiyyəti möhkəm deyildir. Odur ki, dərhal əlavə 10 milyon marka pul göndərilməsi haqqında qərar qəbil edildi. Daha sonra bu rəqəm 15 milyona qədər artırıldı.
Bu sənədlərdə “10” rəqəminin əllə “15” edilməsi açıq-aydın görünür. Hakimiyyətə gələn Lenin Almaniyanın bütün arzularını yerinə yetirdi. İnqilabdan sonra bolşevik Rusiyası – 1918-ci il martın 16-da Almaniya ilə bağladığı sülh sazişində müharibədə məğlub olduğunu etiraf etdi və ikinci dərəcəli dövlətə çevrildi. Lenin şəxsən bunu tələb etdi. Parvusun başqa bir dostu Trotski onu fəal olaraq dəstəklədi.
Bütün bunlar tarixin dərsləridir və eyni metodlar, yəni beşinci koloniyalardan istifadə edərək hərbi, siyasi və iqtisadi hədəflərə çatmaq siyasəti 1914-1917-ci illər Kayzer Almaniyasında da, 1933-1941-ci illər Hitler Almaniyasında da tətbiq edilirdi. Yəni, hökumətlərin hansı ideologiyaları elan etmələrinə baxmayaraq, gizli işin metodları dəyişməz olaraq qalır. 1914-1917-ci illərdə sosialist ideyaları, 1933-1945-ci illərdə nasional-sosialist ideyaları, bu gün isə demokratiya ideyaları populyardır. Populyarlıq səviyyələrinə görə onlar bir-birindən geri qalmır.
Bu gün demokratik ideyalara münasibət necədirsə, o zaman sosialist və nasional-sosialist ideyalara münasibət elə idi. O zaman sosialist ideyalarını, daha sonra nasional-sosializmi dəstəkləmək adı altında qrantlar verilirdisə, indi demokratik ideyalar adı altında qrantlar paylanır. Formalar dəyişir, məqsədlər və metodlar isə eynidir.
Bu gün Azərbaycana pullar açıq şəkildə qrantlar kimi göndərilir. Qərb dövlətləri hər il maraqlarının olduğu ölkələrdəki beşinci kolonlara bütövlükdə 200 milyard dollardan artıq pul ayırırlar.
Azərbaycana müxtəlif adlar altında ildə daxil olan qrantların həcmi isə təqribən 200 milyon dollardır. Bütövlükdə Qərb dövlətlərinin beşinci kolonlara xərclədikləri vəsaitin 10 faizi təkcə Azərbaycana xərclənir.
“İntellekt ” Araşdırmalar Mərkəzi



Bu yazı ( 42 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar