12px14px16px18px

“Qarabağ münaqişəsi ilə bağlı hazırkı “status-kvo”dan heç kim fayda görməyib”

ABŞ KONQRESİ NÜMAYƏNDƏLƏR PALATASININ XARİCİ MƏSƏLƏLƏR ÜZRƏ KOMİTƏSİNİN SƏDRİ İLEANA ROS-LEHTINEN: “MÜNAQİŞƏNİN YENİDƏN ALOVLANMASI BÜTÜN REGİONU BÜRÜYƏ BİLƏR, BÖYÜK İTKİLƏRLƏ NƏTİCƏLƏNƏR”

12:15 / 16.05.2012

“Yanacaq ehtiyatlarının kəşfiyyatı və işlənilməsi, onların dünya bazarlarına daşınması sahəsində Azərbaycanın rolu artır”. APA-nın məlumatına görə, bunu ABŞ Konqresi Nümayəndələr Palatasının xarici məsələlər üzrə komitəsinin sədri, xanım İleana Ros-Lehtinen deyib. Azərbaycanın enerji nəqli infrastrukturunu şaxələndirməsini təqdir edən komitə sədrinin sözlərinə görə, BTC əsas ixrac boru kəməri artıq dünyanı yanacaqla təmin edən əsas daşınma vasitəsinə çevrilib: “Bu, ölkəyə öz enerji mənbələrini şaxələndirməyə, həmçinin müttəfiqlərimizə bəzi asılılıqdan qurtarmağa imkan verir. “Nabucco” kimi yeni marşrutlar isə Azərbaycanın strateji əhəmiyyətinin artmasına təkan verəcək”. Ölkələr arasında iqtisadi və ticari əlaqələrin genişləndirilməsini vacib sayan İleana Ros-Lehtinenin sözlərinə görə, ABŞ-Azərbaycan tərəfdaşlığı çərçivəsində Vaşinqtonda keçirilmiş üçüncü iclas mülki aviasiyada bir sıra yeni təşəbbüslər ortaya çıxarıb. Rəsmi Bakını güc və ekstremizmə qarşı mübarizədə Birləşmiş Ştatların həlledici tərəfdaşı kimi səciyyələndirən komitə sədrinin sözlərinə görə, Azərbaycan təhlükəsizlik qüvvələri aprel ayında qanunsuz islamçı silahlı qrupun zərərsizləşdirməsi üçün əməliyyat keçirib: “Bu olay göstərdi ki, dünyada bütün azadlıqsevər xalqlar ekstremizmin hədəfindədir. Xalqları qorumaq istəyiriksə, həmişə sayıq olmalıyıq. ABŞ və Azərbaycan təkcə ehtimal olunan terror planlarının qarşısını almaq üçün yox, həm də adi silahların, bioloji və nüvə silahlarının yayılmasının qarşısını almaq üçün sıx işləyir. Xüsusən Xəzər dənizi sularının təhlükəsizliyi üçün keçirilən təlimlər razılıq doğurur”. Komitə sədri son zamanlar Dağlıq Qarabağla sərhəd bölgələrdə baş verən olayların onlarda dərin narahatlıq doğurduğunu da söyləyib: “Atışma nəticəsində iki azərbaycanlı əsgər faciəli şəkildə həlak olmuşdu. Güc işlətmək onsuz da uzanan bu münaqişəsinin həllini sual altında qoyur. Münaqişənin yenidən alovlanması bütün regionu bürüyə bilər, böyük itkilərlə nəticələnər. Bu regionda onsuz da kifayət qədər faciə baş verib. İndiki status-kvodan da heç kim fayda görməyib”.



 


Bu yazı ( 61 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar