12px14px16px18px

“Azərbaycandakı inkişaf bütün regiona sabitlik gətirə bilər”

ABŞ KONQRESMENİ TED PO: “AZƏRBAYCAN TƏKCƏ NEFT İSTEHSALINA GÖRƏ DEYİL, HƏM DƏ DEMOKRATİK TƏSİSATLAR QURMAQ SƏYLƏRİNƏ GÖRƏ ALQIŞLANMALIDIR”

11:40 / 16.05.2012
 
 
Ötən ayın sonlarında ABŞ-ın Vaşinqton şəhərində “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış” adlı beynəlxalq konfrans keçirildi. Bu beynəlxalq konfrans Azərbaycanla yanaşı ABŞ-da da böyük rezonans doğurdu. Konfransda ABŞ senatorları, konqresmenləri ölkəmizlə bağlı diqqətçəkici məqamlara toxunaraq, iki ölkə arasındakı münasibətlər barədə nəzərəçarpacaq fikirlər səsləndiriblər. 
 
ABŞ Konqresinin üzvü Ted Po ABŞ-Azərbaycan münasibətlərinin tarixinin çox qədim olduğunu və bu əlaqələrin günü-gündən yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. O, Azərbaycanla yaxın münasibətlərin əsasında enerji sahəsində yaxınlaşmanın durduğunu deyib: “Azərbaycanla ABŞ arasında çox dərin əlaqələr mövcuddur. Bizim üçün Azərbaycan dost ölkədir. Buna görə Azərbaycan arasında münasibətlərimizin 20 illiyini bayram edirik. Mən Konqresdə ABŞ-ın enerji paytaxtı hesab edilən Port Artur şəhərini təmsil edirəm. 1901-ci ildə burada neft aşkarlanandan sonra təsis edilən bir sıra böyük neft şirkətləri ərazini kənd təsərrüfatı bölgəsindən neft və qaz mərkəzinə çevirib. Ona görə Texas ştatı neft və qaz hasilatını və onun faydasını yaxşı başa düşür.
 
Məhz Azərbaycan da Texas kimi neft və qaz hasil edir. Buna görə də enerji sahəsinə yanaşma Azərbaycanla yaxın münasibətlərimizin əsasında durur. Bakı XIX əsrin ilk neft bumunu yaşayan şəhərlərdən biridir. Lakin sovet hakimiyyəti burada kapitalizmin inkişafına imkan verməyib. Onlar illərlə çıxarılan nefti daşıyıb apararaq, xalqın ondan faydalanmasına imkan verməyib.
 
Hesab edirəm ki, siyasi və iqtisadi azadlıqlar hər adama verilən bir hüquqdur. Mən Sovet İttifaqını onun süqutundan əvvəl ziyarət etmişdim. Azərbaycanın o illərdə nələr yaşadığını yaxşı anlayıram. Əsarətdən qurtularaq azad yaşamaq istəyinizi yaxşı başa düşürdüm. Müstəqilliyinizdən bəri ölkələrimiz bir-birinə çox yaxınlaşıb. İndi Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən çox müstəqildir. Biz aramızda mədəni və təhsil mübadilələrini daim davam etdirməliyik ki, hər iki tərəfdən tələbələrimizi bir-birimiz haqqında daha çox öyrədək və xalqlarımızı daha da yaxınlaşdıraq”.
 
2006-cı ildən işə düşən Bakı-Tbilisi-Ceyhan kəmərinin Azərbaycan neftini Türkiyəyə, oradan da dünyaya nəql etdiyini diqqətə çatdıran konqresmen Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə də toxunub. O, qardaş ölkələr arasındakı xoş münasibətlərin bütün region üçün əhəmiyyətli olduğunu söyləyib. Azərbaycanın ABŞ-ın dostu olduğunu dilə gətirən T.Po ölkəmizin demokratiyaya görə alqışlanmalı olduğunu bildirib: “Mən Türkiyə ilə Azərbaycan arasında yaxın münasibətləri dəstəkləyirəm. Bu tərəfdaşlıq həm ABŞ, həm də bütün bölgə üçün faydalıdır. Ötən il Azərbaycan ilə Türkiyə arasında imzalanan yeni tranzit marşrutu haqqında razılaşma bölgədə iqtisadi müstəqilliyin artdığına işarədir. Mən rəqabətə inanıram. Alternativlər həm Azərbaycan, həm də bütün bölgə üçün yaxşıdır. Azərbaycan kimi, ABŞ da Avropa bazarlarını şaxələndirmək istəyir ki, bölgədəki enerji istehsalı və nəqlində inhisara inanan digər oyunçular heç kimi manipulyasiya edə bilməsinlər. Tikilən kəmərlər Azərbaycanın siyasi və iqtisadi təhlükəsizliyini artıraraq bölgənin və ABŞ-ın birgə maraqlarına xidmət edir. Lakin bütün bu inkişafla birgə unutmaq lazım deyil ki, hökumətlər öz təbii ehtiyatlarının gələcəyə necə təsir edəcəyi haqqında düşünmək və necə idarə etmək barədə məsuliyyət daşıyırlar.
 
1980-cı ildə dünyanın təxminən 30 faizində demokratik cəmiyyətlər olduğu halda, bu gün bu rəqəm 60 faizdir. Azərbaycan təkcə neft istehsalına görə deyil, həm də demokratik təsisatlar qurmaq səylərinə görə alqışlanmalıdır. Bu dövlət öz neft ehtiyatlarının qeydinə qala bilir. Azərbaycan hökuməti təbii sərvətlərini düzgün şəkildə idarə edib bütün bölgənin təhlükəsizliyi haqqında düşünür.
 
Azərbaycandakı inkişaf bütün regiona sabitlik gətirə bilər. ABŞ daxil olmaqla, bütün demokratik cəmiyyətlər üçün insan haqlarının qorunması və genişləndirilməsi olduqca vacib məsələdir. Biz bu mövzu barədə həm yerli, həm də beynəlxalq səviyyədə səmimi söhbətlər aparmalıyıq. Ölkəniz son 20 ildə böyük yol keçib və Birləşmiş Ştatların sözdə deyil, əməldə dostudur. Azərbaycan ABŞ-ı hərbi münaqişələrdə təkcə sözdə deyil, döyüş bölgəsinə sülhməramlı qüvvələr göndərməklə dəstəkləyib və birgə iştirak təkcə hərbi münasibətləri inkişaf etdirmir, həm də möhkəm dostluq qurur. Hərbi münasibətlər kimi başlanan əlaqələr, hətta münaqişələr bitdikdən sonra da möhkəm tərəfdaşlığa çevrilir. Mən Azərbaycanı terrorla mübarizədə fəal iştirakına görə alqışlayıram. Azərbaycan beynəlxalq təhlükəsizlik prosesində iştirakına, bütün dünyada insan haqları, demokratiya və azadlığın yayılmasına töhfələrinə görə fəxr etməlidir. Sentyabrın 11-dən sonra Azərbaycan ABŞ-a telefon açıb, qeyd-şərtsiz hava ərazinizdən istifadə təklif edənlərdən biri idi. Bir xalq olaraq biz bunu yüksək qiymətləndiririk. Sizin hamınızı yüksək işinizə görə təbrik edir, ABŞ ilə qurduğunuz münasibətlərə görə minnətdarlığımı bildirirəm”.
 
Aqil LƏTİFOV
 




Bu yazı ( 47 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar