12px14px16px18px

Arif Rəhimzadə ilə Hacı Qalib arasında kəskin mübahisə yarandı

11:40 / 16.05.2012
 
“Bu gün Azərbaycanda bələdiyyələrin torpaq xəritələri yox dərəcəsindədir”. Bunu dünən parlamentin Regional məsələlər komitəsinin iclasında millət vəkili Hacı Qalib Salahzadə dilə gətirib. Millət vəkilinin qeyd etdiyinə görə, Azərbaycanda bələdiyyələrin yaradılmasından 12 ildən artıq vaxt keçsə də, bu günə kimi onların böyük əksəriyyətinin torpaq, ərazi xəritələri yoxdur: “Bələdiyyələr bilməlidirlər ki, onların nə qədər torpağı, ərazisi var. Amma çox təəssüflər olsun ki, onların əlində bu xəritələr yoxdur. Əgər bir adamın əlində xəritə yoxdursa, biz ondan nə tələb edə bilərik ki? Bu gün bələdiyyələrlə Dövlət Neft Şirkəti arasında problemlər yaranıb. Sulutəpədə baş verən hadisələrdən hamımız xəbərdarıq. Ancaq burada Neft Şirkətini, Rövnəq Abdullayevi heç cür günahlandırmaq olmaz. Onların əlində konkret xəritələr var. Amma bələdiyyələrin əlində heç bir xəritə yoxdur. Rövnəq Abdullayev mənim qohumum, qardaşım deyil. O da mənim kimi bir millət vəkilidir. Ancaq hesab edirəm ki, o, düzgün hərəkət edir. O, qanunsuz bir iş tutmur. Bir daha qeyd edirəm ki, bu cür mübahisəli məsələləri birdəfəlik həll etmək üçün tezliklə bələdiyyələrin hamısı torpaq xəritələri ilə təmin olunmalıdırlar”. 
 
 Bundan sonra sözügedən komitənin sədri Arif Rəhimzadə ilə millət vəkili arasında mübahisə yaranıb. A.Rəhimzadə Hacı Qalibi gündəliyə salınan məsələlər ətrafında danışmağa çağırıb: “Burada başqa məsələ müzakirə olunur. Siz isə başqa şeydən danışırsınız. Heç də sizin iddia etdiyiniz kimi, bələdiyyələrin torpaq xəritələri yox dərəcəsində deyil. Bu gün bələdiyyələrin çoxunun əlində torpaq xəritələri var. Və nə qədər ərazilərinin olduğunu bilirlər. Ancaq onu da etiraf edim ki, bu məsələ ilə bağlı Bakı şəhərində, o cümlədən, Sumqayıtda vəziyyət acınacaqlıdır. Bir müddət öncə parlamentdə bələdiyyələr ilə bağlı hesabat zamanı da mən bu məsələni qaldırdım və bildiyimə görə, müvafiq qurumlar bunun üzərində işləyirlər. Siz isə hər dəfə bir söz atırsınız ortalığa. Mən sizin “piser”iniz deyiləm. Təklifiniz, sözünüz varsa, onu yazılı şəkildə hazırlayıb gətirin, biz də müzakirə edək, müvafiq təşkilatlar qarşısında qaldıraq”.
 
Mübahisəyə qoşulan digər millət vəkili Rüstəm Xəlilov deputat həmkarını sakitləşdirmək istədikdə, onun bu addımı Hacı Qalib tərəfindən sərt reaksiyaya səbəb olub. O, “ məgər, sən komitənin sədrisən?”-deyə,bildirib.
 
Kamil HƏmzƏoğlu
 




Bu yazı ( 49 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar