12px14px16px18px

Millət vəkilləri Litvada keçirilən “Sosial Media və Gənclik” adlı IV Avrasiya Gənclik Forumunda çıxış edib

QƏNİRƏ PAŞAYEVA: “BƏZİ ÖLKƏLƏR VƏ SİYASƏTÇİLƏR HƏLƏ DƏ İRQÇİ, BAŞQA MİLLƏTLƏRƏ, MƏDƏNİYYƏTLƏRƏ QARŞI DÖZÜMSÜZLÜK SİYASƏTİ YÜRÜDÜRLƏR”

11:39 / 16.05.2012
Millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı Litvada keçirilən “Sosial Media və Gənclik” adlı   IV Avrasiya Gənclik Forumunda iştirak edirlər. Dialoq Avrasiya Platformu təşkilatı tərəfindən təşkil edilən və Litva Tədris Elmləri Universitetinin ev sahibliyi etdiyi forumun açılış mərasimində millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı gənclərin sosial məsələlərin həllində rolu mövzusunda geniş məruzə ilə çıxış ediblər.    Millət vəkili Qənirə Paşayeva çıxışında Avropada və dünyada tolerantlığın, dözümlülüyün, xoşgörünün getdikcə azalmasının hamını xüsusilə gəncləri ciddi narahat etməli olduğunu deyib. “Bizim atalarımız 2-ci dünya müharibəsinin nələrə səbəb olduğunu çox yaxşı bilir. Biz tarixdən dərs almalıyıq. Amma təəssüf ki, dünyada bəzi ölkələr və siyasətçilər hələ də bundan dərs çıxarmayıb və irqçi, başqa millətlərə, mədəniyyətlərə qarşı dözümsüzlük siyasəti yürüdürlər. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan bunun nə demək olduğunu yaxşı bilir.    Bu gün dünyada ən çox müzakirə olunan mövzu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqdur. Amma biz hər gün bu sahədə vəziyyətin daha da gərginləşdiyini görürük. Demək ki, danıışmaqdan daha çox bu istiqamətdə dünyada ciddi işlərin görülməsinə ehtiyac var. Dialoq dözümlülükdən deyil, fərqli mədəniyyətlərin daşıyıcılarının biri-birinə qarşılıqlı hörmətindən keçir. Amma Avropada bəzi güclər, siyasətçilər irqçi düşüncələr altında siyasət yürütməyə başlayıb”- deyən millət vəkili Qənirə Paşayeva bunun Avropanın gələcəyi üçün mənfi nəticələr göstərə biləcəyini deyib.
Millət vəkili Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa önəm verdiyini, Azərbaycanın bu istiqamətdə örnək ölkələrdən olduğunu və çalışmalar həyata keçirdiyini deyib. O, sosial medianın da mədəniyyətlərarası dialoqun genişlənməsində böyük rol oynaya biləcəyini bildirib: “ Qloballaşan dünyada sosial mediya böyük bir gücdür. Onun yaxşı istifadə olunması toplumun inkişafına, pis istifadə olunması isə kütləvi qırğın silahı kimi topluma dəhşətli mənfi təsir göstərə bilər. Ona görə də gənclər sosial mediadan necə yararlana bilər deyə gənc nəsillər davamlı bilgiləndirilməli, təhsilləndirməliyik”.
Millət vəkili Ceyhun Osmanlı qloballaşma və internet, bu kontekstə sosial media mövzusuna toxunub və dünyada 2,5 milyard insandan çoxunun internet istifadəçisi, 1 miyarda yaxın insanın sosial şəbəkə istifadəçisi, Azərbaycan əhalisinin əsasən gənclərdən ibarət olması, Azərbaycan internet istifadəçilərinin 80 faizə yaxınının gənc olması, Azərbaycanda 1 milyona yaxın insanın sosial şəbəkə istifadəçisi olması və sair məsələlər ətrafında danışıb. Sosial mediadan mədəniyyətlərarası dialoqda istifadənin gənclər arasında vacibliyini vurğulayıb. Dialoqun, tolerantlığın, çoxmədəniyyətliliyin önəmini vurğulayan millət vəkili Ceyhun Osmanlı Almaniya kansleri Angela Merkelin Avropada multukulturaliz sona çatıb fikrinin yolverilməz olduğunu söyləyib. O, eyni zamanda milliyətçi sloqanlarla seçki kompaniyası aparan Fransa prezidenti Nikola Sarkozinin məğlubiyyətinin Avropa insanın təfəkküründə multukulturaliz düşüncəsinin ölmədiyinin göstəricisi olduğunu deyib. 
“Sosial Media və Gənclik” adlı IV Avrasiya Gənclik Forumunda Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə də iştirak edib. Forunda Litva Tədris Elmləri Universitetinin rektoru Algirdas Gaizutis, Dialoq Avrasiya Platformunun baş katibi İsmayıl Taş, Türkiyənin millət vəkili Bilal Macit , Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitunun direktor müavini Roida Rzayeva və başqaları da çıxışlar edərək öz fikirlərini bildiriblər. 3 seksiyada keçiriləcək forum bu gün başa çatacaq.
Qeyd edək ki, forumda sosial medianın dünəni, bu günü və sabahı, sosial medianın gənclərin həyatındakı yeri, sosial media – əxlaq normaları, sosial media qurumlarının xarici əlaqələrə təsiri, sosial medianın reklam, marketinq və ünsiyyətdə istifadəsi, sosial medianın insanların psixoloji və sosial yaşam tərzinə təsiri, ümumi media və sosial media arasındakı fərqlər, sosial medianın yaşayış xərclərinə təsiri, bilgi paylaşımı və sosial media, şirkətlərin böyüməsində sosial medianın rolu, peşəkar idarəçilərin uğurlarında sosial medianın rolu mövzusunda müzakirələr aparılır.
KAMİL




Bu yazı ( 19 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar