12px14px16px18px

“Prezidentin BMT Təhlükəsizlik Şurasında çıxışı dünya ictimaiyyətinə mesaj idi”

11:49 / 12.05.2012
Müsahibimiz Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü, professor Rafael Hüseynovdur

- Rafael müəllim, Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasına (TŞ) müvəqqəti üzv olan dövlətin rəhbəri kimi həmin Şuranın iclasında çıxışının Azərbaycan üçün hansı əhəmiyyəti var?
- Azərbaycanın istənilən beynəlxalq təşkilatda təmsil olunması, bizim nümayəndəmizin beynəlxalq səviyyədə bu və ya digər uğuru, əlbəttə ki, respublikanın müstəqil ölkə kimi təsdiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, istənilən çıxış əgər BMT kimi dünyanın nüfuzlu beynəlxalq təşkilatında həyata keçirilirsə o zaman bu, daha mühüm mahiyyət alır. Azərbaycan BMT üzvləri arasında cəmi 20 il əvvəl dövlət müstəqilliyi əldə edən kiçik ölkədir. Lakin Azərbaycanın hazırda BMT-də tutduğu rəhbər mövqe və burada Prezident İlham Əliyevin çıxışı olduqca mühüm əhəmiyyət kəsb edir.
- Ölkənin BMT TŞ-nın müvəqqəti üzvlüyünə seçilməsi, burada sədrlik və ölkə rəhbərinin bu qurumda çıxış eməsi Azərbaycan və onun Prezidenti İlham Əliyevin nüfuzuna necə təsir göstərəcək?
- Belə bir ali beynəlxalq tribunadan çıxış edənin siyasi çəkisinin nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyinə də diqqət yetirmək lazımdır. Prezident İlham Əliyev yaxın və uzaq xaricdə yaxşı tanınır. Mən, AŞ PA-nın üzvü kimi Prezident İlham Əliyevin çıxışı zamanı müxtəlif ölkələrdən olan avropalı parlamentarilərin reaksiyalarını dəfələrlə müşayiət etmişəm. Onlar, “Azərbaycan”ı və onun prezidentini sanki yenidən kəşf edirlər. Ona görə, prezidentin nitqi zamanı dərhal onun ağılı, intellekti, siyasi çəkisi, siyasi iradəsi dərhal sezilir.
Eyni zamanda, Prezident İlham Əliyev nitqlərində, siyasi fəaliyyətlərində diplomatiya hüdudlarını da addayıb keçən liderlərin sırasına daxildir. Məsələn, İlham Əliyev öz çıxışlarında Azərbaycanın dövlət və milli maraqları naminə elə ifadələr işlədir ki, bu sözlər bir qayda olaraq rəsmi mərasimlərdə istifadə olunmur.
Azərbaycan prezidentinin BMT-nin iclasında çıxışı zamanı da belə oldu. Yəni, ölkəsinin BMT TŞ-ya sədrlik etdiyini nəzərə alsaq, Azərbaycan prezidenti neytral mövqedən də çıxış edə bilərdi. Lakin İlham Əliyev öz çıxışı zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Ermənistanın dünya terror şəbəkəsində aparıcı mövqe tutması problemlərinə tamamilə ədalətli şəkildə toxundu. Bu erməni terrorunun həqiqi mahiyyətinin öyrənilməsi üçün dünya ictimaiyyətinə növbəti bir mesaj idi. Hesab edirəm ki, İlham Əliyevin BMT TŞ-da çıxışı təkcə Azərbaycanın ən yeni tarixi üçün deyil, təkcə ölkənin XX əsr tarixi üçün deyil, həm də bütün Azərbaycanın dövlətçilik tarixi üçün yadda qalan və əhəmiyyətli oldu. Çünki Azərbaycan tarixində ilk dəfə olaraq onun rəhbəri dövlət rəhbəri kimi deyil, ən ali beynəlxalq təşkilatın sədri kimi çıxış etdi.
- Prezident tərəfindən BMT TŞ-da xüsusilə də, terrorçuluqla mübarizə və terror təşkilatlarının işğal olunmuş Azərbaycan torpaqlarından öz məqsədləri üçün istifadə etmələrinə dair qaldırılan məsələlər Azərbaycanın gələcəyi üçün hansı əhəmiyyətə malikdir?
- Prezident İlham Əliyev BMT TŞ-da çıxışı zamanı Ermənistanın təkcə region üçün deyil, həm də bütün dünya üçün təhlükə törətdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Çünki Ermənistan terrorçuluğu dəstəkləyən və Azərbaycanın işğal olunmuş ərazilərində terrorçuların düşərgəsini yerləşdirən dövlətdir. Azərbaycan müəyyən dövr müddətində Ermənistan tərəfindən terrora məruz qalan dövlətdir. Başqa sözlə desək, Azərbaycan mahiyyət etibarı ilə, terrorçuluğun dövlət siyasəti səviyyəsinə qaldırıldığı Ermənistanla üzbəüz qaldı. Yeri gəlmişkən, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti Ermənistanın terror mahiyyətini sübuta yetirən bir neçə sənəd hazırlayaraq bu təşkilata təqdim edib. Məsələn, qeyd edim ki, Ermənistan bütün dünyada beynəlxalq erməni terrorçusu kimi məşhur olan, əvvəllər Fransada məhkum edilən Monte Melkonyanı milli qəhrəman elan edib. Ermənistanda bu terrorçuya abidələr ucaldılıb, prospekt, küçə və məktəblərə onun adı verilib. Bu o deməkdir ki, Ermənistan dövlət səviyyəsində terrorçuluğu dəstəkləyir.
- Azərbaycan prezidentinin beynəlxalq terrorçuluğa qarşı hərtərəfli sazişin hazırlanmasına dair çağırışı nə dərəcədə aktualdır?
- Dünyanın bir sıra iri dövlətləri terrorun mahiyyətini başa düşmür. Ola bilsin ki, insan özü qarşılaşmayınca faciənin, hazırki halda isə terrorun miqyasını başa düşmür. Məhz 11 sentyabr 2001-ci ildə baş verən faciəvi hadisələrdən sonra ABŞ başa düşdü ki, terrorçuluq nə dərəcədə böyük bir faciədir. Və hazırda beynəlxalq ictimaiyyətin həlli ilə məşğul olduğu bir sıra məsələlər var. Bunların sırasında ən mühüm olan məsələlərdən biri terrorçuluqla mübarizədir. Terrorçuluq bu cinayəti törədənin milliyətindən və dinindən asılı olmayaraq bütün bəşəriyyətin düşmənidir. Ona görə, Azərbaycan terrordan əziyyət çəkən ölkə kimi həmişə bu bəla ilə mübarizə aparan ölkələrin yanındadır.
- Dünya ictimaiyyəti Azərbaycanın çağırışını eşidəcəkmi?
- Hesab edirəm ki, Azərbaycan prezidentinin dünyaya çağırışı eşidiləcək. Ola bilsin ki, Azərbaycan prezidentinin çağırışda göstərdiyi tədbirlərin reallaşdırılması üçün müəyyən zaman tələb olunsun. Lakin mən əminəm ki, gec-tez dünya dövlətləri Prezident İlham Əliyevin barəsində danışdığı sazişi imzalayacaq.
Yeri gəlmişkən mən sözügedən təşəbbüslə məhz Azərbaycan tərəfinin çıxış etməsi faktını çox mühüm hesab edirəm. Belə bir müraciət ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və digər iri dövlətlər tərəfindən daxil ola bilərdi. Lakin terrorçuluqla mübarizə üzrə sazişin imzalanması təklifi ilə Azərbaycanın çıxış etməsi təqdirəlayiq haldır. Hesab edirəm ki, Azərbaycanın terrorçuluqla mübarizənin ön hissəsində olması həm bizim ölkə üçün, həm də bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir.
KAMİL



Bu yazı ( 138 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar