12px14px16px18px

Prezident zəlzələ baş vermiş bölgəyə səfər edib

İLHAM ƏLİYEV: “ZƏLZƏLƏNİN DAĞITDIĞI EVLƏR YERİNDƏN VƏ DAHA GENİŞ ŞƏKİLDƏ TİKİLƏCƏK”

01:51 / 11.05.2012
Dünən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin mayın 7-də zəlzələ baş vermiş şimal-qərb bölgəsinə səfər edib. Dövlət başçısı zəlzələdən zərər çəkmiş sakinlərlə görüşüb, təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olub, müvafiq tapşırıqlarını verib. Dövlət başçısı helikopterlə zəlzələnin episentrindəki əraziyə baxış keçirib, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov prezidentə təbii fəlakətin nəticələri və görülən işlər barədə barədə ətraflı məlumat verib. Mayın 7-də axşam saat 19:15-də zəlzələnin episentrində 12 ballıq Rixter cədvəli üzrə 7 bal gücündə baş verən təkrar yeraltı təkan daha ciddi dağıntılar törədib. Son iki gün ərzində 500-dək yeraltı təkan qeydə alınıb, onlardan bir neçəsi daha çox hiss olunub. Zəlzələ nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında üç minədək ev ya uçub, ya da qəzalı vəziyyətə düşüb. Çoxlu sayda sosial obyektə də ciddi ziyan dəyib. Zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözbarax, Mamrux, Zəyəm, Muxax, Bazar, Kımır və Çobankol, eləcə də Qax rayonunun Güllük, Zərnə, Lələpaşa kəndlərində ciddi dağıntılar baş verib. Dövlət başçısının tapşırığına uyğun olaraq, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qərargah yaradılıb, işçi qrupları dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı tədbirlər görməyə başlayıb. Fövqəladə Hallar Nazirliyi rayona çoxlu sayda texnika və avadanlıq, çadırlar, böyük miqdarda tikinti materialları gətirib. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə də Zaqatala rayonuna tikinti materialları ilə kömək göstərilib. Zaqatala, Qax və Balakən rayonlarına əlavə texnika, inşaat materialları, avadanlıq və digər zəruri materialların gətirilməsi davam edir. Prezident Zaqatala rayonunun zəlzələnin episentrinə daha yaxın olan Gözbarax kəndində olub. Dövlət başçısı kənd sakini, Qarabağ müharibəsi veteranı Mahir Sultanovun zəlzələdən ziyan çəkmiş evinə də baxıb. Prezident zəlzələdən ziyan çəkən bütün ailələrə dövlətin hərtərəfli kömək göstərəcəyini, uçan evlərin yerində ən müasir tələblərə cavab verən və sahəsinə görə əvvəlkilərdən daha böyük olan yeni evlərin inşa ediləcəyini bildirib. Prezident Gözbarax kənd sakinləri ilə görüşdə ötən illərdə ölkədə baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında olduğu kimi, bu dəfə də dövlətin zəlzələdən ziyan çəkənlərdən köməyini əsirgəməyəcəyini vurğulayıb və müvafiq tapşırıqlarını verib. Kənd ağsaqqalı Əhməd Qurbanov təbii fəlakətin nəticələri ilə yerindəcə tanış olub, onların problemləri ilə maraqlandığı üçün dövlət başçısına təşəkkür edib. Daha sonra prezident zəlzələdən daha çox kəndlərdən yaşayış məntəqələrindən olan Qax rayonun Güllük kəndinə də gəlib. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə zəlzələ nəticəsində bu rayonda baş vermiş dağıntılar və həyata keçirilən tədbirlər barədə dövlət başçısına məlumat verib. Prezident kənd sakini Abdulla Məmmədovun zəlzələdən zərər çəkmiş evinə baxıb. Ölkə başçısı kənd sakinləri ilə də görüşündə dövlətin maliyyə imkanları ilə mayın 7-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün tədbirlərin həyata keçiriləcəyini vurğulayıb. Prezident Zaqatala rayonunda yaradılmış Operativ Qərargahda müşavirə də keçirib. Dövlət başçısı zəlzələ nəticəsində dağılmış evlərin tezliklə sökülüb, yerində sakinlərin istək və arzuları da nəzərə alınmaqla, sahəsinə görə daha geniş və keyfiyyətli evlərin tezliklə tikilməsi barədə tapşırıqlar verib. İ.Əliyev bildirib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrıldığını qeyd edib. Prezident zəlzələdən ziyan çəkmiş evlərin sakinlərinin müvəqqəti yerləşdirilməsi, onların ərzaq təminatı, səhiyyə və digər xidmətlərlə təmin olunması barədə də tapşırıqlar verib. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli baş vermiş zəlzələ və onun nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə dövlət başçısına məlumat veriblər.


Bu yazı ( 117 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar