12px14px16px18px

Taqanroqda 416-cı Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib

01:06 / 11.05.2012
Rusiyanın Taqanroq şəhərində şəhərin faşistlərdən azad edilməsində qəhrəmanlıq göstərmiş əsgərlərin, o cümlədən əsasən azərbaycanlılardan təşkil olunmuş 416-cı və 130-cu diviziyaların əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin əsaslı təmirdən sonra təntənəli açılışı olub. Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının rəhbəri Mixail Zabelin, Azərbaycan kazakları icmasının, Respublika Veteranlar Şurasının nümayəndələri, Əfqanıstan və Qarabağ müharibəsi veteranları, ictimai xadimlər, Rusiyadakı Azərbaycan diasporunun təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər. Rusiya tərəfindən tədbirdə Rostov vilayəti qubernatorunun müavini İqor Quskov, Rostov vilayətinin şəhər və rayonlarının nümayəndə heyətləri, Böyük Vətən Müharibəsi veteranları, Taqanroq hərbi qarnizonunun əsgərləri iştirak ediblər. Tədbirdə çıxış edən İ. Quskov Rostov vilayəti rəhbərliyinin adından veteranları və bütün iştirakçıları qələbə günü münasibətilə təbrik edib. O qeyd edib ki, bu bayram təkcə Rusiyada deyil, bütün dünyada qeyd olunur. Abidənin yerləşdiyi şəhərin işğaldan azad olunmasında 130 və 416-cı diviziyaların böyük fədakarlıq göstərdiyini xatırladan İ. Quskov müharibə vaxtı əsgərlərin milli mənsubiyyətinə görə bölünmədiyini diqqətə çatdırıb: “İkinci Dünya müharibəsində bütün millətlər birgə öz vətənini qoruyub saxlayıblar”. Rostov vilayətinin vitse-qubernatoru Azərbaycan Prezidenti və hökumətinə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci ildə inşa edilmiş abidənin əsaslı təmiri üçün 57 milyon rus rublu ayırdığına görə təşəkkürünü bildirib. “Bu digər keçmiş Sovet İttifaqı respublikaları üçün də tarixə, qələbə uğrunda öz canlarını qurban vermiş insanların xatirəsinə necə yanaşmaq gərək olduğunun gözəl nümunəsidir”, – deyə İ.Quskov vurğulayıb. Memorial kompleksin əsaslı təmirdən sonra açılış mərasimində iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov müharibə illərində Azərbaycanın da digərləri ilə yanaşı Vətənin azad edilməsi uğrunda döyüşlərdə iştirak etdiyini və qələbənin əldə olunmasına öz töhfəsini verdiyini qeyd edib. “Bu müharibədə Azərbaycanın hər beşinci sakini iştirak etmişdir. Müharibəyə 681 min azərbaycanlı getmiş, onlardan 10 mindən artığı qadınlar olmuşlar. Döyüş meydanlarında yüz minlərlə azərbaycanlı həlak olmuş və yaralanmışdır.400 mindən artıq azərbaycanlı müxtəlif hərbi mükafatlara layiq görülmüşdür, o cümlədən 14 döyüşçüyə Şərəf ordeni kavaleri, 123 nəfərə – Sovet İttifaqı Qəhrəmanı adı verilib”, – deyə Nazim İbrahimov bildirib. N. İbrahimov 416-cı Taqanroq diviziyasının döyüşçülərinin 2 may 1945-ci il tarixində Qələbə bayrağını Berlində Brandenburq qapıları üzərində sancdıqlarını xüsusi vurğulayıb. Müharibə illərində cəbhəni neft və neft məhsulları ilə əsasən Azərbaycanın təmin etdiyini söyləyən N. İbrahimov həmin dövrdə SSRİ-də hasil olunan neftin 70%-dən çoxunu Azərbaycanın verdiyini deyib. 1941-ci ildə Azərbaycan neftçilərinin rekord həcmdə – 23 mln.ton neft hasil etdiklərini qeyd edən Dövlət Komitəsinin sədri Nazim İbrahimov minlərlə neftçinin cəbhəyə getdiyini və mədənlərdə onların yerini qadınların tutduğunu da sözlərinə əlavə edib. N. İbrahimov həmçinin vurğulayıb ki, müharibə illərində Bakıda 130 addan artıq hərbi silah-sursat istehsal edilib, Azərbaycanın hospitallarında Sovet Orduzunun 400 mindən artıq döyüşçüsü müalicə alıb. “Canlarını fəda vermiş əsgərlərin, onların qəhrəmanlı və şücaətinin xatirəsinə ucaldılan bu möhtəşəm abidə 7 may 1980-ci il tarixində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə açılıb. Bununla Heydər Əliyev bizim döyüşçülərin cəsarət və qəhrəmanlığını nə qədər yüksək qiymətləndirdiyini nümayiş etdirib”, – deyə N.İbrahimov vurğulayıb. Dövlət Komitəsinin sədri Azərbaycan Prezidenti İlham Əliyevin də Böyük Vətən Müharibəsi veteranlarına böyük diqqət və qayğı ilə yanaşdığını qeyd edib. “Əsaslı təmir olunmuş Memorial kompleksinin bu günkü açılış mərasimi Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın dövlət büdcəsindən vəsaitin ayrılması sayəsində mümkün olub”, – deyə N.İbrahimov bildirib. Komitə sədri Rostov vilayətinin qubernatoruna, vilayətin şəhər və rayonlarının rəhbərliyinə və sakinlərinə, gənc nəslə Azərbaycan əsgərlərinin xatirəsini əziz tutduqları üçün təşəkkürünü bildirib və Vətənə sonsuz məhəbbət, qəhrəmanlıq və şücaət rəmzi olan bu abidənin Böyük Vətən Müharibəsində qələbənin bizim ümumi qələbəmiz olduğunu daim xatırladacağını vurğulayıb. Tədbir zamanı həmçinin Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun mərasim iştirakçılarına təbrik məktubu oxunub və Rostov vilayəti administrasiyasına təqdim edilib. Daha sonra Böyük Vətən müharibəsində qələbənin 67-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilib. PƏRVANƏ


Bu yazı ( 100 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar