12px14px16px18px

“Onlar cığallıq edirlər”

EMİN HƏSƏNLİ: “AZƏRBAYCANIN NAİLİYYƏTLƏRİ BİR SIRA XARİCİ GÜCLƏRİ VƏ ONLARIN ƏLİNDƏ ALƏT OLAN YERLİ QÜVVƏLƏRİ CİDDİ NARAHAT EDİR”

11:17 / 08.05.2012



“Avroviziya” mahnı müsabiqəsi öncəsi bəzi müxalifət partiyaları xeyli fəallaşıb. Müntəzəm olaraq aksiyalar keçirən müxaliflər bunun qarşılığında bəzi xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin diqqətini də cəlb edə bilib. Azərbaycanda vəziyyəti gərginləşdirmək istəyən ölkələrin Bakıdakı səfirliklərinin bəzi müxalifət nümayəndələri ilə müntəzəm olaraq görüşərək öz məkrli niyyətlərini həyata keçirmək üçün fürsət gözləmələri müəyyən suallar doğurur. Bununla yanaşı bəzi xarici ölkələrin Azərbaycana qarşı müəyyən ittihamlar irəli sürməsi də düşündürücü məqamlardandır.
Bu məsələlərə münasibət bildirən Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin rəhbəri Emin Həsənli Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişaf etməsinin bir çox qüvvələr tərəfindən qısqanclıqla qarşılandığını bildirib. O, məhz buna görə də həmin qüvvələrin ölkədəki vəziyyəti gərginləşdirmək üçün müəyyən işlər həyata keçirməyə çalışdığını deyib: “Azərbaycan iqtisadiyyatı 20 il bundan qabaqkı vəziyyətdə deyil. Ölkə iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Təkcə hərbi büdcəmizə ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən artıqdır. Getdikcə bu sahədə daha böyük uğurlar qazanırıq. Bununla yanaşı Azərbaycan dövləti regionda müstəqil siyasət yürüdür, bir çox mühüm neft-qaz və digər iqtisadi layihələrinin iştirakçısıdır. Mədəniyyətimizin, siyasətimizin beynəlxalq arenada mühüm uğurlara imza atması hər kəsə bəllidir. “Avroviziya” mahnı müsabiqəsində qələbə qazanmağımız, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz bu uğurlardandır. Həmçinin diaspora sahəsində mühüm uğurlar qazanılıb. Diaspor təşkilatlarımız bir çox dünya ölkələrində soyqırımlarla bağlı müntəzəm olaraq tədbirlər keçirirlər. Bu işdə Heydər Əliyev Fondunun da fəaliyyətini qeyd etmək lazımdır. Göründüyü kimi, bütün sahələrdə uğurlarımız bir-birini əvəzləyir. Təbii ki, Azərbaycanın belə nailiyyətlərə imza atması bir sıra xarici qüvvələri və onların əlində alət olan yerli qüvvələri ciddi narahat edir. Ermənipərəst qüvvələr yaxşı bilirlər ki, Azərbaycanın bu qədər güclənməsi, müasir silahlar əldə etməsi, eləcə də beynəlxalq arenada böyük nüfuza sahib olması heç də onlar üçün yaxşı əlamət deyil. Buna görə də Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr müxtəlif yollara əl ataraq ölkəmizi nüfuzdan salmağa çalışırlar. Təəssüflər olsun ki, ermənipərəst qüvvələrin maliyyə dəstəyi ilə bəzi Qərb mətbuatında ökəmizi gözdən salmaq istiqamətində təbliğat aparılır. Azərbaycanın beynəlxalq imici artıqca belə qüvvələr demokratiya, insan haqları adı altında ölkəmizə təzyiqlər edirlər. Yaxşı olardı ki, Avropa mətbuatı Fariz Bədəlovun öldürülməsi, Tovuzda gənc qızın, eləcə də minlərlə soydaşımızın vəhşicəsinə qətlə yetirilməsi, vətəndaşlarımıza divan tutulması, habelə bir milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin salınması məsələlərini qabartsınlar. Təəssüf ki, bəzi Avropa mətbuatı, bəzi qurumlar bu kimi məsələləri deyil, digər məqamları qabardırlar. Həmin mətbu orqanlarında qələmə alınan yazıları təhlil edən zaman hansısa qüvvələrin iqtisadi, siyasi maraqlarının olması ortaya çıxır. Biz bütün bu məqamların haradan qaynaqlandığını və bunun kökündə hansı məqsədlərin dayandığını yaxşı bilirik”.
Azərbaycanın hər bir qonşusu ilə xoş münasibətlərə əsaslanan siyasət yürütdüyünü qeyd edən E.Həsənli ölkəmizin qonşu dövlətlərin haqsız addımlarına qarşı öz reaksiyasını verdiyini də bildirib. O, Azərbaycanın Qərblə əlaqələrinin yüksək səviyyədə olduğunu deyərək, bu ölkələrin məsələlərə ədalətli yanaşmasının zəruri olduğunu deyib: “Hələ indiyə kimi Ermənistanı təcavüzkar hesab etmirlər. Məsələyə ikili yanaşır, Ermənistana yardımlar edirlər. BMT-nin digər dövlətlərə qarşı olan qətnamələri yerinə yetirildiyi kimi, Ermənistana qarşı olan 4 qətnaməsinin də icra edilməsini istəyirik. Bu, ədalətsizlikdir. Məgər həmin dövlətlər, onların institutları Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bu faciələrdən xəbərsizdir? Deməli insan haqlarından, demokratiyadan danışan qüvvələr heç də məsələlərə ədalətli yanaşmırlar”.
Ölkəmizdəki bəzi səfirliklərin bir sıra müxalifət qüvvələri ilə görüşməsi sualına cavab olaraq E.Həsənli bunları söyləyib: “Həmin qüvələrin hansısa səfirlə görüşməsinin əleyhinə deyiləm. Onların işlərindən biri də budur. Ancaq indiyə qədər niyə belə bir görüş keçirilmirdi? Çox istərdim ki, səfirlər kütləvi şəkildə gedib Fariz Bədəlovun ailəsinə baş çəkərdilər. Həmin səfirlərin bir çoxu ATƏT-in Minsk Qrupunun həmsədrləridir və ya birbaşa bu qurumun yaradılmasında iştirak ediblər. Ortada işğal faktı var və Ermənistanın xalqımıza qarşı törətdiyi əməllər göz qabağındadır. Onların adi vətəndaşlara, azyaşlılara, cəbhə bölgəsindəki mülki vətəndaşlara qarşı törətdikləri cinayətlər heç kəsə sirr deyil. Lakin həmin səfirlər məsələyə hansısa əks-reaksiya göstərmirlər. Səfirlər gedib bu məsələlərlə maraqlansınlar və bizdə görək ki, səfirlər məsələlərə ədalətli yanaşırlar”.
Bununla bərabər ölkədə bəzi qrupların da xarici qüvvələrin istədiyi addımı atdığını bildirən E.Həsənli belə halların yolverilməz olduğunu söyləyib. O, idmanla mədəniyyətin ölkəni tanıtmaq üçün ən mühüm sahə olduğunu qeyd edib: “Ölkənin tanıdılması üçün idmanla, mədəniyyətin mühüm rolu var. Bu gün Braziliyanın dövlət adamlarını heç kim tanımır, ancaq bu ölkənin milli futbol komandasını hər kəs tanıyır. Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsində qalib gəldikdən sonra Avropada xeyli vətəndaş artıq ölkəmizi tanıyıb. Bu müsabiqənin ölkəmizdə keçirilməsi bütün diqqəti buraya yönəldib. Məhz bəzi qüvvələr bu məqamdan sui-istifadə edirlər. Bu, bir faktdır ki, ölkəmizdə böyük quruculuq işlər görülür. Təəssüf ki, gözügötürməyən qüvvələr bütün bunlara kölgə salmağa səy göstərir. Azərbaycana qarşı qarayaxma aparan qüvvələr ölkəmizin nüfuzunu görə bilməyən güclərdir. Amma bu qüvələr heç vaxt öz istəklərinə çatmayacaqlar. Digər bir məqam müxalifətin həmin güclərin əlində alətə çevrilməsi ilə bağlıdır. Müxalifət Bibiheybətdə aksiya keçirməklə bağlı razılığa gəlmişdi. Qərb diplomatları ilə görüşdükdən sonra isə icazə verilən ərazidə deyil, şəhərin mərkəzində mitinq keçirmək istədiklərini bildirdilər. Onlar yaxşı bilirlər ki, Azərbaycan hakimiyyəti buna icazə verməyəcək. Əgər vətəndaş hakimiyyətdən narazıdırsa, o, aksiyanın harada keçirilməsindən asılı olmayaraq orada iştirak edərək, öz fikrini bildirəcək. Onlar sosial bazasının olmadığını bildikləri üçün cığallıq edirlər. Bu, heç bir məntiqə, qayda-qanuna sığmır. Məgər həmin mitinqləri bir ay sonra keçirmək olmaz? Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Reallıq bundan ibarətdir ki, müxalifət yenə də öz köhnə ənənələrindən əl çəkmir. Onlar bilməlidir ki, Azərbaycanda hakimiyyətin dəyişməyin yolu seçkidir. Qanunvericilik daxilində hansısa tədbirin keçirilməsinin qarşısını heç kim almır. Əksinə müxalifət pozuculuq işləri ilə məşğul olur. Onlar sanki gözləyirlər ki, xarici mətbuatda Azərbaycana qarşı hansısa yazı dərc edilsin və onu öz qəzetlərinin manşetlərinə daşısınlar. Bu halların hamısı təəssüf doğurur. Xalqın onlara inanmadığını özləri də yaxşı başa düşürlər. Maraqlıdır ki, hər seçkidə bu qüvvələr müxtəlif adlarla fəaliyyət göstərirlər. Onların heç bir perspektivi yoxdur. Çünki Azərbaycan xalqının, Azərbaycan gəncliyinin vahid bir siyasəti var. O da ali baş komandan İlham Əliyevin dəstəklənməsidir”.
Aqil LƏTİFOV





Bu yazı ( 40 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar