12px14px16px18px

Elnur Aslanov: “Azərbaycan öz inkişaf yolundan dönən deyil”

11:37 / 05.05.2012
“Bu məsələdə Almaniya hökumətinin mövqeyi fərqli olduğu üçün, mən bu çağırışı adi bir şəxsin etdiyi və reallığı əks etdirməyən, ümumiyyətlə, rasionallıqla uzlaşmayan çağırış hesab edirəm”. Bunu mətbuata açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin Bakıda keçiriləcək “Eurovission” mahnı yarışmasını boykot çağırışına münasibətini bildirərkən deyib.E. Aslanov qeyd edib ki, biz belə çağırışları çox eşidirik və bu kimi çağırışlar təkcə Azərbaycanla bağlı deyil, dünyanın bir çox öllkələri ilə əlaqədar olur: “Bu cür çağırışlar nə qədər olsa da, Azərbaycan öz inkişaf yolundan dönən deyil. Artıq bizim inkişaf prioritetimiz müəyyənləşib. Bir neçə həftədən sonra Azərbaycan “Avroviziya-2012” yarışmasını çox yüksək səviyyədə qeyd edəcək. Artıq dünyanın müxtəlif ölkələrindən Azərbaycana qonaqlar gəlir. İl ərzində bundan başqa da möhtəşəm tədbirlərə Azərbaycan ev sahibliyi edəcək. Bu baxımdan da Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirilmə məkanına çevrilib. Azərbaycan dialoq məkanıdır, kimin nə şübhəsi varsa gəlib, Azərbaycan reallıqları ilə tanış olub, insanlarla söhbət edib, ölkədəki vəziyyətdən xəbərdar ola bilər”. Son günlər Azərbaycanla Almaniya arasında “media müharibəsi”nin başlanması haqda deyilənlərə gəlincə, PA rəsmisi bildirib ki, dövlətlər səviyyəsində münasibətlər mediada yayayımlanan məlumatlarla müəyyənləşmir:
“ Bu münasibətlər siyasi rəhbərliyin müstəvisində həll edilir və mövcud olan ikitərəfli və beynəlxalq iqtisadi əlaqələr çərçivəsində həyata keçirilir. Azərbaycanda və Almaniyada media azaddır və belə də olmalıdır. Medianın bu və ya digər məsələlərlə bağlı öz yanaşması ola bilər. Söhbət ondan gedir ki, bu yanaşmalar yalnış olmasın, reallığı əks etdirsin və rassional düşüncə tərzinə uyğun olsun. Təbii ki, yalnız belə olduğu halda medianın qərəzsiz olduğundan danışmaq düzgün olar. Amma çox təəssüflər olsun ki, Almaniyanın bəzi mətbu orqanları ötən müddət ərzində Azərbaycana dair rassionallıqdan və reallıqdan uzaq fikirlər və yazılarla çıxış edirlər. Bunun səbəblərini açıqlamaq çox çətindir. Biz əksər hallarda bu cür yazı yazan şəxsləri Azərbaycana gəlib ölkəmizlə yaxından tanış olmağa dəvət edirik. Onlar Azərbaycana gəlib ölkə reallığı və regionların inkişafı ilə yaxından tanış olub obyektiv yazılar yazmalıdırlar. Bu cür yazıların yazılmasının və yayımlanmasının arxasında müəyyən qrupların dayanması sirr deyil. Əksər hallarda belə yazıların arxasında erməni lobbisi tərəfindən maliyələşdirilən və Azərbaycanın inkişafını istəməyən müxtəlif qruplar və adamların şəxsi maraqları dayanır. Güman edirəm ki, bu yazılar ötəri xarakter daşıyır. Azərbaycan mətbuatı və diplomatik təmsilçiliyi tərəfindən verilmiş lazımı cavablar bu yazıların yaxın gələcəkdə nəticələnməsinə səbəb olacaq”. E.Aslanov sonra qeyd edib ki, digər tərəfdən, “Avroviziya-2012” yarışması ilə bağlı bütün dünyanın, o cümlədən Avropanın diqqəti Azərbaycana yönəlib: “Təbii ki, burada pozitiv yazanlar arasında neqativ yazanları da olacaq. Heç kəsə sirr deyil ki, Azərbaycan cəmiyyətində bu və ya digər kiçik problemlər hələ də mövcuddur. Bizim də əsas məqsədimiz bu problemləri aradan qaldırmaqdır. Bu və ya digər kiçik problemlərlə bağlı yazan jurnalist olduğu halda, biz hər zaman balansın qorunmasının tərəfdarıyıq. Hansısa problem barədə yazılan zaman eyni zamanda həmin problemlə mübarizəni də qeyd etmək zəruridir. Çünki elə bir problem yoxdur ki, Azərbaycan iqtidarı və hakimiyyəti həmin problemin aradan qaldırılması üçün əlindən gələn işləri həyata keçirməsin. İndi istənilən mövcud problem Azərbaycan hakimiyyətinin aradan qaldırması üçün prioritet olan məsələlərdəndir. Digər tərəfdən, Azərbaycan çox gənc dövlətdir, cəmi 21 yaşı var. Amma Azərbaycan bu illər ərzində çox böyük uğurlara imza atıb. Bəzi media orqanları, o cümlədən Almaniya mətbuatı düşünür ki, Azərbaycan 21 ildə 100 illik məsafəni keçmiş dövlətlərin qazandığı təcrübəni mənimsəyə bilər. Amma ulu öndər Heydər Əliyevin çox gözəl statını xatırlatmaq istəyirəm. Ulu öndər deyirdi: “Demokratiya və onun prinsipləri alma deyil ki, gedib onu bazardan alasan”. Bu baxımdan insanların şüuru dəyişdikcə, yeni nəsil formalaşdıqca, yeni təfəkkür formaları ortaya çıxdıqca, demokratik prinsiplər də insan həyatının tərkib hissəsinə çevriləcək. Bu istiqamətdə Azərbaycanın inkişaf etməsi üçün müəyyən zaman lazımdır. Bu zamanın həyata keçirilməsində isə Azərbaycan iqtidarı və hakimiyyəti əlindən gələni edir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev 2007-ci ildən etibarən minlərlə Azərbaycan gəncinin Avropada təhsil alması üçün dövlət prqoramı qəbul edib. Bu proqrama görə 5 min Azərbaycan gənci xaricdə təhsil almalıdır. Çünki Azərbaycanın dövlət qurumlarında topmenecerlərin sayı 5 min nəfərdir. Bu 5 min nəfər təhsilini başa vurub Azərbaycana qayıtdıqdan sonra bu sahəni daha da inkişaf etdirəcək, yeni gələcəyə doğru aparan insanlar və rəhbərlər olacaqlar”.
Kamil HƏMZƏOĞLU



Bu yazı ( 34 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar