12px14px16px18px

Jalə Əliyeva: “Ermənilər “Sarı gəlin”i həyasızcasına özününküləşdiriblər”

00:50 / 04.05.2012
“Ölkə prezidenti tərəfindən parlamentə təqdim edilən “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihəsi əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, əqli mülkiyyət nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması baxımından çox əhəmiyyətli bir qanundur”. Bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, professor Jalə Əliyeva dilə gətirib. Millət vəkili hesab edir ki, sözügedən qanunun qəbulu bu sahənin tənzimlənməsi və müəlliflik münasibətlərində mövcud olan problemlərin aradan qaldırılmasında, boşluqların doldurulmasında mühüm əhəmiyyət daşıyacaq. Qanun layihəsinin parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Elm və təhsil komitəsində müzakirə edildiyini deyən millət vəkili bildirib ki, qanunun predmetini müəlliflik hüququnun tanınması , qorunması təşkil edir və əqli mülkiyyətin xitab etdiyi, demək olar ki, bütün istiqamətlər mədəniyyət sahəsi ilə bağlıdır: “Bu baxımdan, layihənin Mədəniyyət komitəsində müzakirə edilməsinə ehtiyac var idi və var. Düşünürük ki, digər oxunuşlarda bu layihə müzakirə edilmək üçün mütləq Mədəniyyət komitəsinə göndərilməlidir. Əgər söhbət folklor nümunələrindən, kinomatoqrafiya əsərlərindən, telefilmlər, videofilmlər, animasiya filmlər, ifaların və digər səslərin yazılmasından, fonoqramdan və sair gedirsə, qanunun Mədəniyyət komitəsində də müzakirəsinə ehtiyac var”. J.Əliyeva sonra qeyd edib ki, bu qanun layihəsində görmək istədiyimiz çox əhəmiyyətli bir müddəa işğal altında qalan torpaqlarımızla bərabər, o torpaqlarda düşmənin tapdağı altında qalan mədəni sərvətlərimiz, musiqimiz, milli çalğı alətlərimiz, onların qorunmasına və Azərbaycan xalqının əzəli mənəvi xəzinəsi olduğuna dair bir müddəadır: “Bilirsiniz ki, bu gün ən qədim havamız olan “Sarı gəlin”i ermənilər həyasızcasına özününküləşdiriblər, hətta dost və qonşu Türkiyədə bu mahnı erməni mahnısı kimi təqdim edilir. Qədim musiqi alətlərimiz- tar, kamança, balaban erməni musiqi alətləri kimi tanınır. Bu məqamlar nəzərə alınmalıdır.Digər məsələ, müəllif mahnılarımızın xaricdə anonim təqdim olunmasıdır. Tofiq Quliyevin, Ələkbər Tağıyevin, Emin Sabitoğlunun bəstəsi olduqları ayrı-ayrı mahnılar xaricdə anonim musiqi, mahnının səsləndirildiyi ölkənin folklor nümunəsi kimi təqdim edilir. Ona görə belə hesab edirəm ki, sözügedən qanunda beynəlxalq müstəvidə müəlliflik hüquqlarının qorunması məsələsi mütləq əks olunmalıdır”. KAMİL


Bu yazı ( 122 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar