12px14px16px18px

Əli Həsənov: “Azərbaycanda dünya standartlarına uyğun media formalaşıb”

“BİZ BÜTÜN TƏNQİDLƏRƏ AÇIĞIQ, BÜTÜN KONSTRUKTİV TƏKLİFLƏRİ QƏBUL ETMƏYƏ, MÜZAKİRƏ ETMƏYƏ HAZIRIQ”

01:56 / 03.05.2012
Müstəqillik illərində Azərbaycanda dövlət tərəfindən söz və məlumat azadlığının təmin edilməsi, KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb. “Trend”in xüsusi müxbirinin məlumatına görə, bunu dünən Avropa Yayımları Birliyinin Cenevrədəki mənzil-qərargahında Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətinə dair keçirilən seminarda çıxışı zamanı Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib: “Ötən əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini əldə edib. Və biz daxili siyasətdə dövlətin media siyasətini formalaşdırarkən dörd əsas prinsipi qarşımıza məqsəd qoyduq. Bunlardan birincisi siyasi plüralizmin bərqərar edilməsi, ikincisi, söz və mətbuat azadlığının təmin olunması, üçüncüsü, demokratik və azad mətbuatın formalaşdırılması və nəhayət dördüncüsü, bu sahə üzrə dünyada və Avropa Şurası çərçivəsində mövcud olan ən qabaqcıl hüquqi-normativ bazanın öyrənilməsi və Azərbaycan qanunvericiliyinin ona uyğunlaşdırılmasıdır”.
PA rəsmisinin sözlərinə görə, bu dörd vəzifəni əsas götürərək 1993-cü ildə hakimiyyət, yəni Prezident Heydər Əliyev Azərbaycanda prezidentlik fəaliyyətinə başladı: “1993-ci ildən başlayaraq, Azərbaycanda həmin bu dörd funksiyanın reallaşdırılmasını daxili siyasətin, dövlət siyasətinin əsas vəzifəsi elan etdik. 1995-ci ildə Azərbaycan özünün yeni Konstitusiyasını qəbul etdi. Konstitusiyanın əsas prinsiplərindən biri ondan ibarətdir ki, Azərbaycan dövlətində söz, fikir və məlumat azadlığı, hər kəsin məlumat almaq və yaymaq hüququ, KİV üzərində senzuranın yolverilməzliyi dövlətin əsas prinsipidir. Bunun ardınca Azərbaycan dövləti siyasi iradəsi və böyük səyləri nəticəsində respublikada bu prinsiplər üzrə real fəaliyyətə başladı”.
Ə.Həsənov vurğulayıb ki, keçən illərdə plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran əsas süni maneələr aradan qaldırıldı: “KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbulu və Avropa ilə standartlaşdırılması prosesinə keçdik. 6 avqust 1998-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə mətbuat üzərində senzura fəaliyyəti ləğv olundu. O vaxta qədər Azərbaycanda qəzetlər yığılırdı, çapa getməmişdən əvvəl senzura idarəsinə göndərilirdi, senzura idarəsi onu oxuyurdu, vərəqləyirdi, məqbul hesab etdiyini buraxırdı, məqbul hesab etmədiyini qaralayırdı. 1998-ci ilin avqust ayının 6-dan bu fəaliyyətə birdəfəlik son verildi və ümumiyyətlə, senzura idarəsi bir idarə kimi ləğv olundu. Bunun ardınca, senzuranın ləğvi və bu qəbildən olan digər tədbirlər müstəqil KİV-in inkişafını, vətəndaşların beynəlxalq hüquq və normalarını və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin etmək istiqamətində praktiki fəaliyyətə başladı”.
O xatırladıb ki, 2000-ci ildə Azərbaycanın Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu: “Post-sovet məkanında yalnız Azərbaycan və Gürcüstan mətbuat və informasiya nazirliyinə malik deyil, qalan ölkələrin hamısında mətbuat və informasiya nazirliyi var. Mətbuat və informasiya nazirliyinin ləğv olunmasından sonra Azərbaycanın jurnalistika həyatında bir boşluq yarandı. Jurnalistika normaları harada işlənməlidir, əsas kodekslər harada formalaşmalıdır, jurnalistlərin ictimai idarəçiliyini kim həyata keçirməlidir, jurnalistlər şikayətini kimə etməlidir, jurnalist həyatı ilə bağlı problemlərin üstünə kim getməlidir. Bütün bu müzakirələr ona gətirib çıxardı ki, 2003-cü ildə Azərbaycan jurnalistləri bir araya gəlib qurultay keçirdilər və qurultayda indi mövcud olan Mətbuat Şurasını yaratdılar”.
Ə.Həsənov hesab edir ki, Mətbuat Şurası yaranan gündən Azərbaycan hökuməti özünün media üzərindəki bütün təsiretmə mexanizmlərindən imtina etdi: “Mətbuat ictimaiyyətinin iştirakı ilə 1999-cu ildə Azərbaycan hökuməti mövcud qanunvericiliyin yenilənməsi prosesinə başladı. 1999-2002-ci illər arasında Azərbaycanda mətbuat necə olmalıdır, qanunlar hansı standartlarda olmalıdır mövzusunda debatlar başladı və Avropa Şurasının standartları çərçivəsində AŞ-nin ekspertləri ilə birlikdə Azərbaycanın yeni media qanununu qəbul etdik. Yeni qanun mətbuat azadlığını məhdudlaşdıran hər hansı tədbirlərin tətbiqini birmənalı şəkildə qadağan edir.
Vəzifəli şəxsin və ya dövlət strukturunun KİV-in fəaliyyətinə hər hansı müdaxiləsi cinayət məsuliyyəti doğurur. Yeni qanuna görə, Azərbaycanda media orqanı təsis etmək və jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün heç kimin icazəsinə ehtiyac yoxdur. Yeni qanuna görə, hər bir media fəaliyyəti ilə məşğul olan insan 3 gün müddətində öz bəyanatını qeydiyyat orqanına təqdim etməklə mətbuat orqanı təsis edə və onun fəaliyyətini həyata keçirə bilər”.
PA rəsmisinin sözlərinə görə, 2002-ci ildə Azərbaycan Avropa Şurası ilə əməkdaşlıq şəraitində beynəlxalq standartlara uyğun olaraq “Televiziya və radio yayımı haqqında” yeni qanunu işləyib hazırladı və qəbul etdi:
“2003-cü ildə bu qanunu və Azərbaycanda teleradio siyasətini həyata keçirən Milli Televiziya və Radio Şurası yaradıldı. Bu Şura öz fəaliyyətində yalnız qanuna tabedir. Lakin media haqqında qanunun qəbul olunması, mediada demokratik mühitin yaradılması kimi məsələləri təmin edəndən sonra ortaya başqa bir problem çıxdı. Jurnalistlər istədikləri informasiyanı sərbəst şəkildə toplamaq üçün çətinlik çəkdilər. Müraciət etdikləri qurumların bəziləri onlara informasiya verməkdən imtina etdilər. Biz Mətbuat Şurası ilə birlikdə bu sahədə problemləri aradan qaldırmaq üçün fəaliyyətə başladıq. O zaman media institutu və digər təşkilatların tövsiyələrini toplayaraq 2004-cü ildə “Dövlət sirri haqqında” və 2005-ci ildə “İnformasiya əldə etmək haqqında” iki qanun qəbul etdik. Bu iki qanun Azərbaycanda informasiyanın sərhədlərini müəyyən etdi, məmurların jurnalistlərlə ünsiyyətinin əsasını yaratdı. Məmurlar qarşısında vəzifə qoyuldu ki, jurnalistin hər bir müraciətinə vaxtlı-vaxtında cavab vermək, onu cavablandırmaq məsuliyyətinə malikdirlər. Beləliklə, 2004-cü ildən Azərbaycanda informasiya azadlığını da təmin etdik”.
PA rəsmisi bildirib ki, 2004-cü ildə Azərbaycan ictimaiyyətinin tələbi və Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklərə müvafiq olaraq, ölkədə İctimai Televiziya yaradıldı: “İctimai televiziya və radio yayımı haqqında” qanun Avropa standartlarına uyğun olaraq Avropa Şurası ilə birlikdə işlənildi, onun yayım siyasəti və yayım şurasının formalaşdırılması normaları Avropa standartlarına uyğunlaşdırıldı. Nəticədə, biz bu gün 57-ci “Eurovision” yarışması keçirən televiziyaya malikik. Bu televiziyanın fəaliyyətində nəyin yaxşı, nəyin pis olduğunu ictimaiyyət dəyərləndirir. Müstəqillik illərində Azərbaycanda dövlət tərəfindən söz və məlumat azadlığının təmin edilməsi, KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1998-ci ildən Azərbaycanda print-media bütün dövlət vergilərindən azad olundu. Azərbaycanda print-medianın 1998-ci ildən 2003-cü ilə qədər Azərbaycan Dövlət Nəşriyyatına olan bütün borcları ödənildi, dövlət tərəfindən bağlandı”.
PA rəsmisi bildirib ki, bu, o vaxtkı pul ilə təxminən 4,5 milyard manat, indiki pul ilə isə 450 min manat idi: “Xüsusi qeyd etmək istəyirəm ki, 2000-ci ildən başlayaraq Azərbaycan milli mətbuatının yubileyləri hər il dövlət səviyyəsində qeyd olunur və mətbuat orqanlarının hər birinə dövlət tərəfindən qrantlar ayrılır. Azərbaycan post-sovet məkanında yeganə ölkədir ki, uzun müddət mediada çalışmış jurnalistlər üçün dövlət tərəfindən ev inşa edilir və təmənnasız, pulsuz olaraq gələn il həmin evlər jurnalistlərə paylanacaq. 2008-ci il iyulun 30-dan Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasında KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul olunub və xüsusi fond yaradılıb. Hər il bu fond yüzlərlə jurnalistə jurnalist müsabiqəsi çərçivəsində yardım edir, mükafatlar verir, media orqanlarına qrantlar ayırır”.
PA rəsmisinin sözlərinə görə, hazırda Azərbaycanın real həyatında KİV sahəsində dünya standartlarına uyğun plüralist media, elektron və yazılı KİV formalaşıb: “KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutub. Azərbaycanda 4600 mətbuat orqanı, yüzlərlə informasiya portalı, 50-dən çox informasiya agentliyi qeydiyyata alınıb və fəaliyyət göstərir. Bunların sırasında gündəlik, həftəlik və digər fəaliyyət növləri ilə məşğul olanlar var. 50-yə yaxın milli informasiya agentliyi insanları ölkədə və dünyada baş verən hadisələrlə tanış edir. Bölgələrdə yüzə yaxın qəzet və jurnal nəşr olunur. Xarici dillərdə – rus dilində 40, ingilis dilində 12 qəzet və jurnal, türk, fransız, alman, ərəb və başqa dillərdə də bir sıra mətbuat orqanları və bülletenlər nəşr olunur. Təsis edilən KİV-lərin əksəriyyəti, 3 dövlət qəzeti istisna olmaqla, özəl qurumlara, siyasi partiyalara və şəxslərə məxsusdur. Azərbaycanda geniş şaxəli sərbəst internet fəaliyyət göstərir. Ölkədə son illərdə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaradıb və Azərbaycanı lider ölkələr sırasına çıxarıb. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda Azərbaycanda internet istifadəçilərinin sayı əhalinin 50 faizindən çoxunu təşkil edir. 30-dan artıq internet provayderi bu sahədə xidmət göstərir. Azərbaycanda genişzolaqlı sürətli internet istifadəçilərinin sayı hazırda 30 faizə yaxınlaşır. Bu isə orta ümumdünya göstəricilərindən 2,5 dəfə yüksəkdir. .az domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 4,5 dəfə artıb və 12 mini keçib. Son 4 ildə internet trafikin giriş-çıxış həcmi dəfələrlə artıb, internet xidmətlərindən istifadə haqları azalıb”.
PA rəsmisi bildirib ki, 1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və radio kanalları açılıb və son illər kabel televiziyasının miqyası getdikcə genişlənməkdədir: “Hazırda Azərbaycanda 9 ümumrespublika televiziyası, bir peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət göstərir. 2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yaradılıb. Elə həmin il İctimai Televiziya və Radio Yayımları Şirkəti fəaliyyətə başlayıb. Azərbaycan Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarına əsasən, ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb və 2012-ci ilin sonuna kimi biz tam olaraq rəqəmsal yayıma keçəcəyik, azad peyk sisteminin yeni modern texnologiyasını tətbiq edəcəyik. Hazırda Azərbaycanda 53 jurnalist təşkilatı qeydiyyatdan keçib, 30 media təşkilatı birbaşa söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi və s. sahədə fəaliyyət göstərir. Ölkədə müstəqil media yayımı həyata keçirən 23 kommersiya strukturu mövcuddur”.
Son olaraq Azərbaycan hakimiyyətinin siyasi plüralizim, söz və məlumat azadlığı ilə bağlı iradəsini seminar iştirakçılarına çatdıran PA rəsmisi deyib ki, Azərbaycan bütün bu görülənləri qənaətbəxş hesab etmir: “Bizim problemlərimiz yetərincədir. İki əsas problemi diqqətinizə çatdırmaq istəyirəm. Bunlardan biri azad medianın dairəsinin hələ Azərbaycan dövlətini qane edəcək səviyyədə olmaması, onların genişləndirilməsi ehtiyacıdır. Azad medianın dairəsini getdikcə genişləndirməliyik. İkincisi, jurnalistlərimizin peşəkarlığını artırmalıyıq. Çünki azad medianın dairəsi genişləndikcə, qeyri-peşəkar jurnalistlərdən cəmiyyət, dövlət, millət və bütün insan təbəqələri demək olar ki, əziyyət çəkir. Biz hazırda diffamasiya haqqında qanunun qəbul olunması ərəfəsindəyik. Mən bütün jurnalist təşkilatlarına təşəkkür etmək istəyirəm ki, bu qanun layihəsinin hazırlanmasında və müzakirəsində ATƏT və QHT-lərlə birlikdə iştirak ediblər və belə bir qanun layihəsi hazırlamışıq. Azərbaycan Prezidenti bu qanunu qəbul etmək iradəsini ortaya qoyub. Lakin biz jurnalistlərdən qarşılıqlı addım gözləyirik. Nədir bu addım? Bütün Azərbaycan jurnalistləri jurnalistlərin vahid əxlaq kodeksini qəbul etməlidir. Cinayət məsuliyyətindən jurnalisti o zaman azad etmək olar ki, o öz məsuliyyətini dərk edir, cəmiyyət qarşısında və vahid əxlaq kodeksinə tabe olur. Güman edirəm ki, bugünkü dialoqdan sonra da biz bu sahədə işlərimizi davam etdirəcəyik. Biz bütün tənqidlərə açığıq, bütün konstruktiv təklifləri qəbul etməyə, müzakirə etməyə hazırıq və biz Azərbaycanı Avropanın, Azərbaycan cəmiyyətini demokratik Avropa cəmiyyətinin tərkib hissəsi kimi görmək istəyirik. Əlbəttə, 20 ilə Azərbaycanda Avropanın 100 illərlə qurduğu demokratiyanı, siyasi plüralistik mühiti yaratmaq çətindir. Burada bizim mentalitetimiz də nəzərə alınmalıdır. Biz jurnalistlərimizin peşəkarlığını və məsuliyyətini artırmalıyıq. Bu, əlbəttə, bizim arzumuzdur. Avropa 200 ildir bunu edir və müəyyən nailiyyətlər də qazanıb.



Bu yazı ( 157 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar