12px14px16px18px

Gövhər Baxşəliyevanın “Məqalələr, məruzələr, müsahibələr...” iki cildliyi işıq üzü görüb

01:16 / 03.05.2012
AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyevanın “Məqalələr, məruzələr, müsahibələr...” adlı iki cildlik kitabı bu günlərdə işıq üzü görüb. Redaktoru akademik Vasim Məmmədəliyev olan bu iki cildlik ömrünün otuz beş ilini elmə həsr etmiş şərqşünasın, həm də üç çağırış Milli Məclisin üzvü (bir müddət isə sədr müavini) olmuş ictimai xadimin məhsuldar fəaliyyətinin miqyasını geniş şəkildə əks etdirir. Kitabda orijinal variantına uyğun surətdə Azərbaycan, rus, türk və ingilis dillərində verilmiş yazılar janrına görə qruplaşdırılsa da (I cilddə müəllifin məqalə və məruzələri, II cilddə isə müsahibələri, çıxışları, müxtəlif nəşrlərə yazdığı ön söz, müqəddimə və rəylər), burada bir neçə tematik istiqamət aydın şəkildə seçilir.Bunlardan birincisi, şübhəsiz, alimin professional maraqlarını, bir şərqşünas-filoloq kimi elmi axtarışlarını əks etdirən yazılardır. Kitabda müsəlman Şərqinin Əbülfərəc İsfahani, Nizami Gəncəvi, Cəlaləddin Rumi, Sədi Şirazi, Hafiz Şirazi Nəsimi, Füzuli, Şəhriyar və sairə bu kimi klassikləri haqqında məzmunlu yazılarla tanış olmaq olar. G.Baxşəliyeva yalnız bir tədqiqatçı deyil, həm də bir elm təşkilatçısı olduğundan, on beş ildən bəri Azərbaycanın Şərq ölkələrinin öyrənilməsi üzrə ən mühüm elm ocağına – AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyindən kitabda onun bu elm sahəsinin tarixi, mövcud durumu və inkişaf perspektivləri ilə bağlı düşüncələrini əks etdirən yazıları ayrıca tematik qrupu təşkil edir. Bunun davamı olaraq, alimin Azərbaycan şərqşünaslığının təşəkkülü və inkişafında misilsiz xidmətləri olmuş H.Araslı, Z.Bünyadov, A.İmanquliyeva, R.Əliyev, Ə.Cəfər haqqında qədirdanlıq dolu yazıları, eləcə də gənc tədqiqatçıların əsərlərinə ürək genişliyi ilə yazılmış xeyir-dua ruhlu müqəddimələri üçüncü bir istiqamət kimi diqqəti çəkir.G.Baxşəliyevanı bir mütəxəssis kimi yalnız Şərqin tarixi və mədəniyyəti deyil, onun bu günü, müstəqil Azərbaycan dövləti ilə müxtəlif Şərq ölkələrinin münasibətləri maraqlandırır. Həmin maraq həm də onun on ildən artıq bir müddətdə Azərbaycan Respublikası parlamentinin İslam Əməkdaşlıq Təşkilatındakı (əvvəllər İslam Konfransı Təşkilatı) nümayəndə heyətinə rəhbərlik etməsi ilə şərtlənib. Bunun nəticəsi olaraq, “Heydər Əliyevin Şərq siyasəti”, “Azərbaycan Respublikasının Şərq ölkələri ilə münasibətləri müasir mərhələdə” və sair kimi iri həcmli, analitik səciyyəli yazılar kitabın dördüncü tematik istiqamətini təşkil edir.Şərq ölkələrində islam faktorunun təsiri günbəgün artmaqdadır və bu problem son illərdə Azərbaycan elmi-ictimai fikrini də məşğul edən məsələlərdəndir. İslam və siyasət, islam və dünyəvilik, islam və qadın kimi mövzular peşəkar ərəbşünas olaraq G.Baxşəliyevanın araşdırdığı, məqalə və müsahibələrində daim toxunduğu mövzulardır. Təsadüfi deyil ki, bununla bağlı yazılar kitabda xüsusi – beşinci bir istiqamət kimi seçilir . Kitaba daxil olan yazıların altıncı istiqamətini müəllifin bütövlükdə Azərbaycan elmi, onun inkişaf yolları, mövcud problemləri və sabahkı perspektivləri, elmdə islahatlar, modernləşmə, elmimizin dünya məkanına inteqrasiyası, digər ölkələrin bu sahədə olan mütərəqqi təcrübəsi və sairə haqqında yazıları təşkil edir. Ümumi həcmi 1000 səhifədən çox olan “Məqalələr, məruzələr, müsahibələr...” kitabının mövzu dairəsi qeyd olunanlardan qat-qat genişdir. Bu da heç şübhəsiz, onun oxucu dairəsinin də geniş olacağına təminat verir. Kitaba müəllif haqqında qısa məlumat və əsərlərinin biblioqrafiyası əlavə olunub.
KAMİL




Bu yazı ( 80 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar