12px14px16px18px

Bahar Muradova: "Qarabağsızlığa, Şuşasızlığa dözmək çox çətindir"

MİLLİ MƏCLİS ŞUŞANIN İŞĞALININ 20 İLLİYİ İLƏ ƏLAQƏDAR BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT ETDİ

12:03 / 02.05.2012
Milli Məclisin dünən keçirilən növbəti plenar iclasında Şuşa şəhərinin işğalının 20 illiyi haqqında məsələ müzakirə edilib. Bu məsələ ilə bağlı ilk olaraq əslən Qarabağdan - Füzulidən olan millət vəkili, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edib. B.Muradova qeyd edib ki, o son dərəcə ağrılı bir məsələ olan Şuşanın işğalı ilə bağlı ütülü, bəzəkli danışmaq istəmir: "Baxmayaraq ki, mən millət vəkiliyəm, vitse-spikerəm, Azərbaycan siyasətində iştirak edirəm, ancaq mən ilk növbədə Azərbaycan vətəndaşıyam. Ən əsası yurdundan-yuvasından didərgin düşmüş, torpaqları işğal olunmuş bir köçkünəm. 20 ildir ki, Şuşamız işğal olunub, 20 ildir ki, Qarabağımız işğal olunub. Bu 20 il ərzində Qarabağsızlığa, Şuşasızlığa dözmək çətindir. Qarabağsızlığa, Şuşasızlığa dözüb də haqsızlığa dözmək çox çətindir. Həmçinin bəzi beynəlxalq dairələrin, beynəlxalq təşkilatların 20 ildən artıqdır bu haqsızlığa, bu təcavüzə göz yummaları, görməməzliyə vurmaları çox çətindir. Ona görə hər birinizi bu məsələ ilə bağlı bir siyasətçi kimi yox, bir vətəndaş, bir insan kimi danışmağa çağırıram".
Millət vəkili Qüdrət Həsənquliyev böyük dövlətlərin beynəlxalq hüququ sayğı ilə yanaşmalarını gözləməyi yersiz sayıb. O deyib ki, beynəlxalq təşkilatlar böyük dövlətlərin əlində vasitədir: "Dünyada bir zor var, ədalət yoxdur. Bu gün siyasilər lobbilərdən asılı vəziyyətdədir, bu məsələni həll etmək istəmirlər. Beynəlxalq təşkilatlar da böyük dövlətlərin maraqlarını ifadə edir. Xalqımızı müharibəyə hazırlaşdırıb, torpaqlarımızı azad etməliyik".
Digər millət vəkili Zahid Oruc Şuşanın Azərbaycanın ikinci paytaxtı elan edilməsini təklif edib: "Biz beynəlxalq reallıqları bilməli və qiymətləndirməliyik. Azərbaycanın Əfqanıstan, Zimbabve yerinə qoyulmasına çox acıyıram. Azərbaycanın müharibə aparmaq üçün 45 milyard dolları var. Azərbaycanın əlindən bu şansı almaq istəyirlər".
Hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə bildirib ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın əsas məsələsidir: "Şuşanın işğalı Ermənistanın güclü olmasının nəticəsi deyildi. Ermənilərin arxasında duran qüvvələr bunda maraqlı idilər. 1985-ci ildə erməni millətçisi Zori Balayan SSRİ generalları qarşısında çıxış etdi. Türk yazıçılarına belə imkan verərdilər?!".
Millət vəkili Sahibə Qafarovanın qeyd etdiyinə görə, Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin haqq səsinin daha aydın eşidilməsinin təmin olunması məqsədilə ardıcıl və effektiv siyasət aparılır. O deyib ki, Azərbaycanın bu məsələdə sürdürdüyü beynəlxalq hüququn tələblərinə və ölkəmizin ərazi bütövlüyünü qəbul edən dünya birliyinin dəstəyinə əsaslanan xarici siyasəti Ermənistanı işğal etdiyi torpaqlardan əl çəkməli olması reallığı qarşısında çıxılmaz vəziyyətdə qoyub: "Bunun nəticəsidir ki, Ermənistan danışıqlar prosesində imitativ manevrlər edir, Azərbaycanın nizamlanma prosesindəki birmənalı mövqeyini bilə-bilə provakasion bəyanatlar verir, bununla da sülh danışıqlarını pozmaq üçün cəhdlər göstərir. Təbii ki, həm iqtisadi, həm hərbi, həm də siyasi cəhətdən Azərbaycandan xeyli zəif olan Ermənistan Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyini bilir. Bu gün Azərbaycan dövlətinin qətiyyəti, artan iqtisadi imkanları fonunda, dövlətin digər sahələrdə əldə etdiyi nailiyyətlər Ermənistanın bu cəhdlərinin də faydasız qalacağını göstərir. Eyni zamanda, bu cəhdlər artıq beynəlxalq ictimaiyyəti də aldatmağa, onları yalan təbliğatla təsir altına salmağa qadir deyil. Çünki artıq Ermənistan Azərbaycan dövləti ilə ideoloji sazədə aparılan mübarizədə bacara bilmir, geridə qalır. Azərbaycan öz sözünü, fikrini, mövqeyini açıq şəkildə ortaya qoyur, öz mövqeyini qətiyyətlə müdafiə edir. Bu mənada mən cənab prezidentin Şuşanın işğalının 20-ci ildönümü münasibəti imzaladığı Sərəncamı çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, Sərəncam Azərbaycanın beynəlxalq aləmdə apardığı ideoloji işin daha yüksək nəticələr verməsinə hesablanıb. Burada diqqət çəkən vacib məqamlardan biri, bu münasibətlə keçiriləcək tədbirlərin daha çox beynəlxalq ictimaiyyətə ünvanlanmasıdır ki, düşünürəm ki, bu istiqamətdə aparılan ardıcıl tədbirlərin biz daha böyük nəticələrini yaxın gələcəkdə daha aydın müşahidə edəcəyik".
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, Şuşa əhalisi Şuşanın heç vaxt itirilməyəcəyinə inanıb: "Bizim bu itkimizin səbəbi o vaxtkı hakimiyyətin xarici siyasəti düzgün qura bilməməsi, müxalifətin ortaq ümummilli maraqları görə bilməməsi idi".
Qarabağdan olan digər millət vəkili Aqil Abbas Şuşadan iki dahi şəxsiyyətimizin abidəsinin gətirildiyini xatırladıb: "O abidələr indi haradadır? O abidəni elə yerə qoymaq lazımdır ki, uşaq da, qonaq da görsün. Heykəl də güllələnərmi? Bunu dünya görməlidir. Yoxsa Mədəniyyət və İncəsənət Universitetinin həyətinə qoyublar, heç kim də görmür".
YAP icra katibinin müavini Siyavuş Novruzov Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı bəyanat hazırlanmasını təklif edib. Onun sözlərinə görə, Şuşa işğal ediləndən sonra torpaqlarımızın işğalı sürətləndi: "Həm Azərbaycan daxilində gedən proseslər və xarici dəstək nəticəsində Şuşa işğal olundu. Şuşa uğrunda döyüş getdi, ancaq bu döyüş qeyri-bərabər idi".
Şuşanı Azərbaycanın döyünən qəlbi sayan millət vəkili Qənirə Paşayeva öz növbəsində türk dövlətlərinə səslənib: "Türk dövlətləri Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı bəyanat versinlər. İslam Əməkdaşlıq Təşkilatından da mövqe gözləyirik. Onlar tək açıqlama, bəyanat verməməli, Ermənistanla əlaqələrinə yenidən baxmalıdırlar. YUNESKO-ya çağırış edirəm. Şuşada azərbaycanlıların izlərini silməyə, qəbiristanlıqlarımızı dağıtmağa çalışırlar. Artıq mədəni soyqırımı gedir".
Qeyd edək ki, sonda müzakirələrin nəticəsi olaraq Milli Məclis Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və dünya ölkələrinin parlamentlərinə müraciət qəbul edib. Müraciəti vitse-spiker B.Muradova oxuyub. Müraciətdə qeyd edilir ki, Şuşa şəhərinin bünövrəsi 1756-cı ildə Pənahəli xan tərəfindən qoyulub:"Çar Rusiyasının işğalına qədər Qarabağ xanlığının inzibati mərkəzi olub. İşğal nəticəsində Şuşa şəhəri etnik təmizləməyə məruz qalıb". Sənəddə sonra Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun yaradıldığı, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul edildiyi xatırladılır: "Digər beynəlxalq təşkilatların da qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və torpaqlarımızın işğaldan azad edilməsi əksini tapıb. Lakin işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir çox hallarda eyni tutulması, lazımi qətiyyət göstərilməməsi torpaqların işğaldan azad edilməsinə mane olur. Dünyanın mütərəqqi qüvvələrini səylərini birləşdirməyə çağırırıq. Ermənistanın işğalçılıq siyasətindən əl çəkməyə sövq edilməsi üçün beynəlxalq birliyin mövqeyini ortaya qoyacağını gözləyirik".
KAMİL






Bu yazı ( 113 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar