12px14px16px18px

Parlamentdən Saakaşvilinin antirusiya çıxışına etiraz

13:58 / 08.03.2012
Parlamentin dünənki iclasında gündəlikdə duran məsələ ilə bağlı çıxışa yazılan deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Məclisdəki çıxışına münasibət bildirmək istəyib.
İclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov F.Ağamalının sözünü ağzında qoyub: “Hörmətli Mixail Saakaşvili Gürcüstan dövlətinin prezidentidir. Çox xahiş edirəm onun nə deyib-demədiyini müzakirə etməyək”.
Z.Əsgərovun sözləri F.Ağamalının etirazına səbəb olub. O, yerindən deyib: “Mixail Saakaşvili bu gün gəlib hamımızı təhqir etdi. Heç kim də buna münasibət bildirmədi. Niyə qoymursunuz fikrimi deyim? Fikrimi deməyə imkan yaratmasanız, çöldə mətbuat konfransı keçirib sözümü jurnalistlərə deyəcəm”.
Daha sonra Fəzail Ağamalı Milli Məclisin foyesində jurnalistlər üçün brifinq keçirib.
O, Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Məclisin 7 mart iclasındakı çıxışına toxunaraq deyib: “Saakaşvili sanki hansısa beynəlxalq təşkilatın tribunasından danışırdı. Öz ənənəsinə sadiq qalaraq o, Rusiyanın ünvanına kəskin ifadələr işlətdi. Mən onun sözlərinə qiymət vermək istəmirəm. Lakin mahiyyət etibarı ilə Milli Məclisin tribunasından belə fikirlər səsləndirmək siyasi etikadan kənardır. Mən bu çıxışı avantürist çıxış adlandırıram. Çünki Rusiya ilə Azərbaycanın mehriban qonşuluq münasibətləri var. Azərbaycan hansısa dövlətin daxilindəki problemlərlə məşğul olmamalıdır. Saakaşvili çıxışında bizi buna cəlb etməyə cəhd göstərdi.
Saakaşvili tarixdən də danışdı. Gürcüstanın Azərbaycan tarixindəki xidmətlərini qeyd etdi, ancaq Azərbaycanın Gürcüstanın tarixindəki müsbət rolunun üzərindən sükutla keçdi, bu məsələyə zərrə qədər də olsun toxunmadı. Gürcüstanın bir dövlət kimi qalıb yaşamasında Azərbaycanın, ulu öndər Heydər Əliyevin böyük rolu var. Mən tam əminəm ki, gürcü xalqı ulu öndər Heydər Əliyevin Gürcüstan dövləti qarşısındakı xidmətlərini dəyərləndirir və ulu öndərə böyük sayğı duyur. O yaxşı oldu ki, Saakaşvili heç olmasa Məhəmməd Əmin Rəsulzadənin adını çəkdi, o dövrün hadisələrinə toxundu. Bu gün mənim Milli Məclisdə çıxış etməyimə imkan verilsəydi, deyəcəkdim ki, tarixə diqqət yetirilsə, rusların Qafqaza dəvət olunmasında gürcü çarı II İraklinin böyük rol oynadığını görərik. Qafqazda Rusiyanın işğalçı siyasətini həyata keçirən, o cümlədən Azərbaycan xanlıqlarını Rusiyaya birləşdirən, soyqırımı törədən Sisiyanovun da gürcü əsilli olduğunu demək gərəkdir. Saakaşvili Tiflisin Azərbaycan dövlətinin tarixindəki rolunu vurğuladı. Bəli, Azərbaycan dövləti 1918-ci ildə Tiflisdə elan olunub. Ancaq Saakaşvili gürcü xalqının və Gürcüstanın taleyində Bakının cəmi 10 il bundan qabaq oynadığı rolu üzərində dayanmadı. Mixail Saakaşvili Ermənistanın Azərbaycana təcavüzündən də heç nə danışmadı. Mən hesab edirəm ki, onun çıxışı bütövlükdə səmimiyyətdən və həqiqətdən uzaq idi”.
KAMİL HƏMZƏOĞLU




Bu yazı ( 135 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar