12px14px16px18px

Həmsədrlər Dağlıq Qarabağla bağlı təkliflər veriblər

BEYNƏLXALQ VASİTƏÇİLƏR REGİONA SƏFƏRLƏRİNİN YEKUNLARI İLƏ BAĞLI BƏYANAT YAYDILAR. ONLAR HƏRTƏRƏFLİ SÜLH SAZİŞİ ÜZƏRİNDƏ İŞİN DAVAM ETDİRİLMƏSİNİ İSTƏYİRLƏR

08:28 / 07.03.2012
ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona son səfərlərinin yekununa dair bəyanatla çıxış ediblər. APA-nın ATƏT-in saytına istinadən yaydığı məlumata görə, bəyanatda bildirilir ki, martın 2-dən 6-dək ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik İrəvan, Dağlıq Qarabağ və Bakıda səfərdə olublar. Həmsədrlər prezidentlər Sərkisyan və Əliyevlə, Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşüblər. Həmsədrlər tərəflərə yanvarın 23-də Soçidə prezidentlər Medvedyev, Əliyev və Sərkisyanın verdiyi birgə bəyanatın həyata keçirilməsi ilə bağlı plan təqdim ediblər. İki ölkə prezidentinin baza prinsipləri üzrə razılaşmanın əldə olunmasını tezləşdirməyə hazır olduğuna əsaslanaraq, həmsədrlər tərəflərə hərtərəfli sülh sazişi üzərində işin davam etdirilməsi ilə bağlı təkliflərini veriblər.
Həmsədrlər həmçinin tərəflərlə cəbhə bölgəsindəki insidentlərin araşdırılması mexanizmi üzərində işi davam etdirməklə bağlı Soçi bəyanatındakı öhdəliklərin yerinə yetirilməsini müzakirə ediblər.
Bundan əlavə həmsədrlər humanitar və xalqlar arasında əlaqələri müzakirə ediblər, qeyd ediblər ki, bu əlaqələr sülh prosesinin ziyanına siyasiləşdirilməməli, regiondakı xalqlar arasında qarşılıqlı anlaşmanın əldə olunmasına xidmət etməlidir.
Həmsədrlər ATƏT Daimi Şurasını münaqişənin sülh yolu ilə həlli istiqamətində atılmış son addımlarla bağlı məlumatlandırmaq üçün martın 22-də Vyanaya səfər edəcəklər.
“ATƏT-in Minsk qrupu bu illər ərzində aktiv şəkildə kömək etdi ki, münaqişə tərəfləri problemin həllinə yaxınlaşsın”. APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov qrupun fəaliyyət göstərdiyi 20 ildə münaqişənin həllində heç bir irəliləyişə nail olunmaması barədə suala cavabında deyib. “Düşünürəm ki, bu, düzgün fikir deyil. Mən başqa müsahibələrimdə də demişəm ki, biz çox şey etdik ki, sülh müqaviləsi imzalansın”, – deyə diplomat bildirib.
Son zamanlar münaqişənin həllinin əsas prinsipləri üzərində iş aparıldığını qeyd edən İ. Popov sonuncu dəfə prezidentlərin Soçi görüşündə də bu məsələlərin müzakirə olunduğunu söyləyib: “Orda Azərbaycan və Ermənistan prezidentləri təsdiq etdilər ki, bu sənədin hazırlanmasının tezləşdirilməsinə hazırdırlar. Başqa bir vacib məqam isə odur ki, biz 20 il ərzində qoymadıq ki, bu münaqişə daha da qaynar fazaya keçsin”.
Amerikalı həmsədr Robert Bradtke isə bildirib ki, münaqişə tərəfləri arasında humanitar əlaqələri inkişaf etdirmək üçün imkanlar çoxdur. O, “Azərbaycanla Ermənistan arasında humanitar əməkdaşlıq çərçivəsində yeni addımlar gözlənilirmi” sualına cavab olaraq humanitar əlaqələri inkişaf etdirməyin vacibliyini qeyd edib: “Bu barədə Azərbaycan və Ermənistan prezidentləri də danışıblar. Onlar ümid verirlər ki, humanitar əlaqələr daha çox inkişaf edəcək. Biz humanitar münasibətləri qurmağa hələ indi başlayırıq. Bu hələ başlanğıcdır. Bu məqamda əməkdaşlıq bizə çox ümid verir”.
Ötən ilin dekabrında həmsədrlərin Azərbaycan-Ermənistan sərhədində olduğunu xatırladan R. Bradtke bunları deyib: “Gördük ki, iki tərəfdə yaşayan insanlar eyni – su, enerji problemləri ilə üzləşirlər. Biz istərdik ki, eyni problemi olan insanlar arasında bununla da bağlı hansısa bir əməkdaşlıq yaradaq”. “ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həlli ilə bağlı nə qədər mümkündürsə, o qədər effektiv işləməyə çalışırıq ki, balanslı nəticəyə çataq”. Bunu isə ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Jak For deyib.
“Əgər hansısa təşkilat bu məqamda bizə kömək etmək istəyirsə, biz bu istəyə hörmətlə yanaşarıq”, – deyə diplomat vurğulayıb.
Bu arada ATƏT-in Minsk qrupunun həmsədrləri 1 ay sonra yenidən regiona səfər edəcəkləri məlum olub.Bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrləri ilə keçirilən işgüzar nahardan sonra jurnalistlərə açıqlamasında deyib. Nazir həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, bu günə kimi müzakirə edilən məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını söyləyib. E. Məmmədyarov həmsədrlərin bir ay sonra regiona səfəri zamanı yeni formatda görüşlər keçiriləcəyini də açıqlayıb.
O həmçinin deyib ki, ATƏT-in Minsk qrupunun yaranmasının 20-ci ildönümü münasibətilə konfrans keçiriləcək. Nazirin sözlərinə görə, konfransın Avropada keçiriləcəyi gözlənilir. Tədbirdə Minsk qrupunun bütün üzvləri iştirak edəcək: “Konfransda Dağlıq Qarabağ münaqişəsinin həllində 20 ildə irəliləyişə nail olunmaması barədə müzakirələr aparılacaq”.




Bu yazı ( 142 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar