12px14px16px18px

Sahibə Qafarova: “ Həmsədrlər əməli fəaliyyətə keçməlidirlər ”

08:14 / 07.03.2012
“Azərbaycan sülh istəyən, əmin-amanlıq tərəfdarı olan ölkə kimi, 24 ildən bu yana davam edən və ədalətli həllinin hələ də tapmayan Ermənistan-Azərbaycan münaqişəsinin hər zaman danışıqlar yolu illə həllinə tərəfdar olduğunu ortaya qoyub. Məhz elə bu səbəbdən ölkəmiz sözügedən münaqişəsinin dinc, danışıqlar yolu ilə həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, onun həmsədrlər institutu formatına üstünlük verib”. Bunu mətbuata açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Bakı Slavyan Universitetinin prorektoru Sahibə Qafarova ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə və həmsədrlərin regiona növbəti səfərlərinə münasibətini bildirərkən dilə gətirib. Millət vəkilinin dediyinə görə, böyük gözləntilər olmasına baxmayaraq, amma ATƏT-in Minsk qrupu və onun həmsədrləri ötən dövr ərzində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində səmərəli fəaliyyət ortaya qoya bilməyiblər : “ATƏT-in Minsk qrupunun yaranmasından 20 il, həmsədrlər institutu formatının formalaşdırılmasından isə təxminən 16 il ötsə də, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində bir addım belə olsun, irəliyə doğru addım atılmayıb. Münaqişə neçə illərdir olduğu kimi, yerində sayır. ATƏT-in Minsk qrupu, xüsusilə, həmsədrlər ötən müddət ərzində sadəcə, regiona səfərlər etməklə, görüşlər keçirməklə, müxtəlif məzmunlu bəyanatlar verməklə kifayətləniblər. Onlar təcavüzkarın yerində oturdulması, konstruktiv mövqeyə gəlməyə məcbur edilməsi istiqamətində heç bir tutarlı addımlar atmayıblar , öz təzyiq mexanizmlərindən istifadə etməyiblər.
Həmçinin, işğalçını ,təcavüzkarı öz adı ilə çağırmayıblar, bundan ən müxtəlif yollarla özlərini kənara çəkməyə çalışıblar. Eyni zamanda, maraqlı məqam budur ki, münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən bir qurumun nə özü, nə də onun Parlament Assambleyası bu günə qədər münaqişəyə öz ədalətli hüquqi-siyasi qiymətini verib. Hansı ki, digər nüfuzlu beynəlxalq qurumlar- AŞPA, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, onun Parlament İttifaqı və qeyriləri bu münaqişəyə öz münasibətlərinin ifadə edib, ona öz hüquqi-siyasi qiymətlərini verib, Ermənistanı təcavüzkarlıq siyasətini dayandırmağa çağırıblar”.
S. Qafarova deyib ki, belə olan halda, ATƏT-in, onun Parlament Assambleyasının belə bir mövqe seçməsi özü də çox düşündürücüdür və bəzi mətləblərdən xəbər verir. Bütün bunlara rəğmən, millət vəkili Azərbaycanın daim sülh danışıqlarına və bu danışıqlar prosesinin aparılması üçün də ATƏT-in Minsk qrupu, həmsədrlər institutu formatına üstünlük verməkdə davam etdiyini bildirib:
“ Danışıqlar prosesi nə qədər uzun çəksə və üzü xarakter daşısa da, Azərbaycan tərəfi olaraq, biz sülh imkanlarının, sülh limitinin tükənmədiyi qənaətindəyik. Bu baxımdan da, vasitəçilik missiyasını boynuna götürən ATƏT-in Minsk qrupu və onun həmsədrlər institutundan əməli, konkret, səmərəli fəaliyyət, münaqişədən əziyyət çəkən, işğala, təcavüzə məruz qalan tərəf olaraq, müsbət sonluqlu nəticə gözləyirik. Bunu gözləməyə və onlardan tələb etməyə də bizim daha çox haqqımız var. ATƏT-in Minsk qrupu, həmsədrlər nəhayət, quru vədlərdən, söz xatirinə deyilən bəyanatlardan əməli fəaliyyətə keçməli və Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə ədalətli həllinə öz köməkliklərini göstərməlidirlər ”.
Kamil HƏmzƏoğlu



Bu yazı ( 127 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar