12px14px16px18px

Fikrət Sadıqov: “Avropa İttifaqının Qarabağ münaqişəsinin həllinə qoşulmasını zəruri hesab edirəm”

07:12 / 06.03.2012
“ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi vaxtı çoxdan çatıb. Bu qurumu yenidən formalaşdırmaq, genişləndirmək, oraya yeni fiqurlar daxil etmək lazımdır”. Belə bir açıqlama ilə politoloq Fikrət Sadıqov çıxış edib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsində istifadə etmək üçün çoxsaylı variantlar mövcuddur: “Məsələn, dünya ictimaiyyətinin Yaxın Şərq nizamlanmasında istifadə etdiyi formatı tətbiq etmək mümkündür, bu formata BMT, Aİ, ABŞ və Rusiya daxildir. Həmçinin İran məsələsi ilə bağlı formatı da tətbiq etmək olar, buraya altılıq- BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvü və Almaniya daxildir.
Lakin Qarabağ münaqişəsinin nizamlanmasına cəlb olunacaq dövlətlərin formatına yenidən baxılmasının mahiyyətində nəticə etibarilə əlbəttə ki, onun səmərəliliyi dayanmalıdır”.
Ekspert deyib ki, Avropa İttifaqı maliyyə xarakterli çətinliklərə baxmayaraq, kifayət qədər təşkilatlanmış qurumdur və buraya aparıcı Qərbi Avropa dövlətləri daxildir. Əlbəttə ki, Avropa İttifaqı aydın prioritetləri olan tam dövlət deyil. Lakin Aİ-yə daxil olan əksər lider dövlətlərin prioritetləri ümumilikdə üst-üstə düşür: “Bununla əlaqədar müsbət hal ondan ibarətdir ki, Aİ belə təşəbbüslər irəli sürür, Azərbaycanla Ermənistan arasında yaranmış vəziyyətdən çıxış yolu tapmağa cəhdlər edir. Lakin bu halda da belə bir sual yaranır ki, Qərbi Avropa ölkələri Qarabağ münaqişəsinin həllində hansı maneələrlə üzləşə bilərlər? Axı onu da nəzərə almaq lazımdır ki, Aİ-yə daxil olan aparıcı dövlətlərin hər biri- Fransa, Böyük Britaniya və Almaniyanın Qarabağ nizamlanması ilə bağlı öz prioritetləri mövcuddur. Lakin buna baxmayaraq, əgər Aİ özü bunu təklif edirsə, Azərbaycan bu təşkilatın vasitəçilik xidmətlərindən imtina etməməlidir”.
Onun fikrincə, əgər Fransanın Konstitusiya Şurası qondarma “erməni soyqırımı”nın inkar edilməsinin qadağan edilməsi haqqında Fransa Senatının sözügedən qanun layihəsini qəbul etsəydi, Azərbaycan Fransanın Qarabağ məsələsinin həlli ilə məşğul olmaq hüququndan məhrum edilməsi ilə bağlı dünya ictimaiyyəti qarşısında məsələ qaldıra bilərdi: “Fransanın ATƏT-in Minsk qrupunda iştirakına gəldikdə isə, bu fakt Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəallaşmasına zidd deyil. Çünki Aİ-də Qarabağ məsələsinə öz baxışları olan Almaniya, Böyük Britaniya və İtaliya kimi ölkələr var.
2008-ci ilin avqustunda Qafqazda münaqişə olan zaman Fransa Aİ-nin adından çıxış edərək fəallıq göstərdi. Fransa və Rusiya rəhbərləri arasında “Sarkozi-Medvedev paktı” adı altında imzalanan sənəd barışığın əldə olunması və Rusiya qoşunlarının Gürcüstanın müəyyən işğal olunmuş ərazilərindən çıxarılmasına çox böyük xidmət etdi. Həmin Avropa dövlətləri bu və ya digər ölkəyə kömək etmək istədikdə, bunu asanlıqla edə bilirlər. Aİ Liviyada baş verən hadisələrə də operativ reaksiya verdi və bu ölkə üzərində uçuşsuz zona yaratmağa nail oldu.
Başqa sözlə, Avropa üçün müəyyən dəyərlər və ikili standartlar cədvəli mövcuddur. Qarabağ münaqişəsinə gəldikdə isə, Avropa üçün Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması zərurətinə hər hansı bir şübhə yaranmamalıdır. Çünki bütün Avropa qurumları Azərbaycan torpaqlarının işğalı faktını təsdiqləyiblər və bu baxımdan Avropanın işğal faktının olduğunu anlaması üçün çətin konstruksiyalar fikirləşməsinə ehtiyac yoxdur. Bununla belə, Aİ-nin Qarabağ münaqişəsinin həllinə qoşulmasını zəruri hesab edirəm”.
O bildirib ki, Aİ-nin Xarici Məsələlər üzrə Şurası qurum nümayəndələrinin etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin fəal şəkildə dəstəklənməsi məqsədi ilə Dağlıq Qarabağ və ona bitişik rayonlara qeyd-şərtsiz çıxışını təmin etməyin zəruri olduğunu göstərən qərar qəbul edib: “ Hər halda, rəsmi Bakı Avropa İttifaqı nümayəndələrinin Azərbaycanın bütün regionlarına, eləcə də Dağlıq Qarabağa səfərlərinə maneəçilik törətməməlidir. Lakin bu, birmənalı olaraq rəsmi Bakının icazəsi əsasında baş verməlidir. Aİ-nin Azərbaycanın müvafiq razılığı olmadan münaqişə zonasına daxil olmasını nəzərdə tutan səlahiyyət əldə etmək istədiyini dşünmürəm. Əks təqdirdə, bu, münaqişənin nizamlanmasına yardım yox, Azərbaycanın daxili işlərinə kobud və birbaşa müdaxilə olacaq”.
PƏRVANƏ



Bu yazı ( 103 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar