12px14px16px18px

Millət vəkili onun adını daşıyan yeddi aylıq körpə ilə bir araya gəldi

07:04 / 06.03.2012
Millət vəkili Qənirə Paşayeva dünən Qafqaz gimnaziyası tərəfindən reallaşdırılan “Körpələrə pamperslə yardım edək” kampaniyası çərçivəsində Səhiyyə Nazirliyinin nəzdindəki Bakı şəhər 1 saylı Körpələr evində olub. Sözügedən körpələr evində Bakı şəhəri daxil olmaqla, Azərbaycanın bölgələrindən olan atılmış, imtina olunmuş 40-a yaxın uşağa baxılır. Həmin uşaqlar üç yaşından sonra isə Bakı şəhərindəki uşaq evlərinə və internat məktəblərinə təhvil verilir. Millət vəkili Q.Paşayeva belə bir aksiyanın keçirilməsinə görə, Qafqaz gimnaziyasının rəhbərliyinə və şagirdlərinə minnətdarlığını bildirərək, eyni zamanda, bugünkü tədbirə qatılmaqdan məmunluğunu ifadə edib. Millət vəkilinin bildirdiyinə görə, Qafqaz gimnaziyasının 13-14 yaşlı şagirdləri tərəfindən belə bir aksiyanın keçirilməsi çox tərbiyəvi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyüməkdə olan nəsil, gənclik arasında xeyriyyəçilik mədəniyyətinin formalaşmasına öz müsbət təsirini göstərir: “Bu çox gözəl hissdir ki, 13-14 yaşlı uşaqlar böyük bir məhəbbətlə, içlərindəki sevgi hissi ilə körpələr evinə gəliblər. Burada valideyn himayəsindən məhrum olunmuş, atılmış balaca körpələrimizə öz yardımlarını, köməkliklərini göstərirlər. Onlar nəinki bez, həm də, müxtəlif şirniyyatlar gətiriblər. Özü də nəzərə alsaq ki, bu uşaqlar özləri hələlik həyatda heç nə qazanmırlar, maddi gəlirləri yoxdur, ancaq bununla belə, özlərinə ayrılmış gündəlik xərclərini hesabına körpələr evinə öz köməkliklərini göstərirlər. Bu çox gözəl bir hissdir. Bu çox alqışlanmalı, dəyər verilməli bir addımdır, aksiyadır”.
Bəzi körpələr evlərində bez çatışmazlığı məsələsinə gəlincə, millət vəkili bildirib ki, çox qısa zaman kəsiyində bu məsələ öz həllini tapacaq: “Bildiyiniz kimi, körpələrə, uşaqlara qayğı, diqqət dövlətimizin, prezidentimizin xüsusi nəzarətindədir. Eyni zamanda, Heydər Əliyev Fondu və onun çox hörmətli prezidenti Mehriban Əliyeva tərəfindən bu məsələ xüsusilə diqqətlə saxlanılır.
Onun təşəbbüsü ilə körpələr evləri təmir olunur, yüksək səviyyəyə gətirilir. Bu baxımdan inanıram ki, çox qısa zaman kəsiyində körpələr evlərində yaşanan pampers problemi də öz həllini tapacaq. Burada böyüyən körpələrimiz bizim gəncliyimizdir, sabahımızdır. Xüsusilə də nəzərə alsaq ki, onlar valideyn himayəsindən məhrum olublar, atılıblar, odur ki onların sağlam böyüməsi bizim hər birimizin müqəddəs borcudur”.
Qeyd edək ki, tədbir zamanı millət vəkili körpələr evində böyüyən uşaqlarla xatirə şəkilləri çəkdirib. Millət vəkili həm də, onun adını daşıyan yeddi aylıq balaca Qənirə ilə də bir sıra fotolar çəkdirib. Q.Paşayeva deyib ki, onun adını daşıyan adaşı Qənirə böyüyəndə parlaq gələcəyə sahib olacaq: “Özünüz də görürsünüz ki, o, sanki özünü siyasətçi kimi aparır. Körpə olmasına baxmayaraq, kameralar önündə özünü itirmir. Odur ki, bu uşağın çox böyük gələcəyi var”.
KAMİL



Bu yazı ( 105 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar