12px14px16px18px

Nizami Cəfərov: “Şair, rəssam öz əsərini satmalı deyil”

02:08 / 03.03.2012  
“Mədəniyyət haqqında” yeni qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. Milli Məclisin Mədəniyyət komitəsinin cümə günü keçirilən iclasında komitə sədri Nizami Cəfərov bildirib ki, 1998-ci ildə qəbul olunmuş qanun artıq müasir tələblərə cavab verən formaya salınır: “ Ötən əsrin 90-cı illərin ortalarında ölkədə mədəniyyətin həm maddi bazası, həm də ümumi sosial hazırlıq kifayət səviyyədə deyildi. İndi Azərbaycanda çox ciddi irəliləyiş var – muzeylərimiz, teatrlarımız bərpa olunub, yaradıcılıq ittifaqları ayağa qalxıblar ”. N. Cəfərov qeyd edib ki, son zamanlar Azərbaycanın mədəni irsinin dünyada tətbiqi istiqamətində xeyli işlər görülür. Komitə sədrinin dediyinə görə, bu təbliğatı daha geniş formada aparmaq üçün xarici ölkələrdə Azərbaycanın mədəniyyət mərkəzlərinin yaradılması nəzərdə tutulur. N.Cəfərov həmçinin, ölkədə prodüsser institutunun inkişafının vacibliyini vurğulayıb. “İncəsənət əsəri bazara çıxmalıdır. Ona görə prodüsser institutu formalaşmalıdır ki, sənət əsərini bazarda təqdim etsin. Şair, rəssam öz əsərini satmalı deyil” – deyə, o, qeyd edib. Onu da qeyd edək ki, “ Mədəniyyət haqqında ” qanun layihəsi dövlətin mədəniyyət siyasətinin əsas prinsiplərini, fəaliyyətinin formalarını, mədəniyyət fəaliyyətinin təşkilinə dair hüquqi , sosial, iqtisadi əsaslarını, mədəniyyət işçiləri statusunu müəyyən edir, bu sahədə hüquqi baza rolu oynayır. Eyni zamanda qeyd edək ki, qanun layihəsi 9 fəsil, 46 maddədən ibarətdir. Kamil HƏMZƏOĞLU


Bu yazı ( 184 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar