12px14px16px18px

Aydın Mirzəzadə: “Azərbaycanın digər dövlətlərlə, o cümlədən İsraillə münasibətləri üçüncü ölkələrə qarşı yönəlməyib”

02:07 / 03.03.2012
“Azərbaycanın bu və ya digər dövlətlə, o cümlədən İsraillə münasibətləri üçüncü ölkələrə qarşı yönəlməyib. Dünyanın bütün ölkələri də buna şahiddir ki, Azərbaycanın son 18 ildə apardığı siyasət də heç bir ölkənin əleyhinə çevrilməyib”. Bu fikirləri millət vəkili Aydın Mirzəzadə İranın Azərbaycana yönəlik ittihamlarını şərh edərkən deyib. O bildirib ki, İsrail regionun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərindən biridir. İsrail Azərbaycan tərəfi ilə bir sıra sahələrdə əməkdaşlıq edir: “Buna görə də, Azərbaycan İsrailin təcrübəsindən nəinki silah alınmasında, həmçinin yeni istehsal güclərinin, infrastrukturların yaradılması məqsədilə də faydalana bilər. İsrail bu gün dünyada ölkədə yeni texnologiyaların mövcudluğu ilə seçilir və bununla əlaqədar olaraq, Azərbaycan bu ölkə ilə əməkdaşlıq etdiyini heç vaxt gizlətmir. Ancaq mən Azərbaycanla İsrail arasında hər hansı xüsusi dostluq münasibətlərinin mövcud olduğunu da deyə bilmərəm. Çünki Azərbaycanın bu və ya digər ölkə ilə xüsusilə yaxın münasibətləri yoxdur”. A.Mirzəzadə deyib ki, Azərbaycanın İranla heç bir problemi yoxdur. Rəsmi Bakı daim bəyan edib ki, istənilən problemi müzakirə etmək üçün hazırdır. Bundan başqa, Azərbaycan dəfələrlə bəyan edib ki, öz ölkəsinin başqa ölkələr tərəfindən İrana qarşı istifadə etməsinə heç vaxt yol verməyəcək. “Əgər İranın hərbi dairələrində belə fikirlər mövcuddursa, belə mülahizələr İranın nüfuzuna xələl gətirməkdən savayı heç nəyə yaramır, daha doğrusu bumeranq effekti göstərir. Azərbaycan İran üçün hər hansı təhlükə törətmir. Azərbaycan hesab edir ki, qardaş və dost İranın problemləri danışıqlar yolu ilə həll olunmalıdır. Bundan əlavə, İranın Qərblə mövcud olan problemləri İranın öz problemləridir. Bu problemlərin məğzini kənarda, daha doğrusu üçüncü ölkələrdə axtarmaq İranın böyük səhvinə çevrilə bilər”. O deyib ki, Azərbaycanın Ermənistandan başqa dünyanın bütün ölkələri ilə normal münasibətləri var. Eyni zamanda, Azərbaycanın dünyanın bütün ölkələri ilə münasibətləri qarşılıqlı maraqlara əsaslanır: “Ermənistana gəldikdə isə, Azərbaycan bu gün bütün vasitələrdən istifadə edərək bu ölkəyə təzyiq göstərir. Bu təzyiqin göstərilməsində məqsəd Ermənistanı öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmağa məcbur etməkdir. Bununla yanaşı, Azərbaycan buna üçüncü ölkənin köməyindən istifadə edərək deyil, yalnız öz gücünə arxalanaraq nail olur. Buna görə, Ermənistanın bu mövzu ilə bağlı hansısa atmacaları əsassızdır”. O, əlavə edib ki, bu gün Azərbaycan deyil, Ermənistan hərbiləşdirmə siyasəti aparır: “Çünki Ermənistan hərbi xərclərə 400 milyon dollar sərf edir ki, bu da ölkənin ümumi həcmi 2,5 milyard dollara çatan dövlət büdcəsinin 25 faizini təşkil edir. Dünyada Ermənistan kimi büdcəsinin dörddə bir hissəsini hərbi xərclərə yönəldən ikinci bir ölkə yoxdur. Ermənistanın hərbiləşdirmədə ittiham etdiyi Azərbaycana gəldikdə isə Bakı dövlət büdcəsinin yalnız 11-12 faizini hərbi məqsədlər üçün sərf edir. Bu 22 milyard dollarlıq dövlət büdcəsinin 3 mlrd. dollarını təşkil edir. Bu rəqəmləri müqayisə edərkən nəzərə almaq lazımdır ki, Azərbaycan ərazilərinin bir hissəsi Ermənistan tərəfindən işğal olunub. Və əgər Azərbaycan hərbi təcavüzə məruz qalmasaydı, bu gün ölkənin hərbi büdcəsi çox az olardı. Ona görə, Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olduğunu nəzərə alaraq ölkənin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində daim hazırlıq işləri aparır”. A.Mirzəzadə deyib ki, Azərbaycan dəfələrlə bəyan edib ki, öz torpaqlarının azad edilməsi üçün həm diplomatik, həm də hərb yolunu nəzərdən keçirir. Azərbaycan Ermənistan tərəfindən işğal olunan torpaqlar azad edildiyi andan hərbi xərclərini azaltmağa başlayacaq. “Əgər Ermənistan Azərbaycanın hərbi xərc həcmlərindən ehtiyatlanırsa, ilk növbədə işğal olunmuş torpaqları azad etməli və ərazi iddialarından əl çəkməlidir. Eyni zamanda, bunda Ermənistanın özü maraqlı olmalıdır, çünki bu gün onun ölkə hüdudlarından kənarda ekspedisiya korpusu saxlamaq üçün onun ehtiyatları çatışmır”.
PƏRVANƏ


Bu yazı ( 186 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar