525-ci qəzet

“Məqsədimiz Azərbaycan həqiqətlərini holland ictimaiyyətinə çatdırmaqdır”


 
 
 
 
MÜSAHİBİMİZ HOLLANDİYADA FƏALİYYƏT GÖSTƏRƏN “VAHİD, BÖLÜNMƏZ VƏ DEMOKRATİK AZƏRBAYCAN UĞRUNDA BİRLİK” TƏŞKİLATININ SƏDR MÜAVİNİ SELMAN QASIMOVDUR.
 
 
– Bizim təşkilat 2005-ci ildə qeydiyyatdan keçib. Hollandiyada azərbaycanlıların bir çox diaspor təşkilatları fəaliyyət göstərir. Biz isə bu ölkədə milli dəyərlərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi təbliğ etməklə həm də Azərbaycanı daha yaxından tanıtmaq istəyirik. Əlbəttə, bu məqsədlə bir sıra tədbirlər keçiririk. Məsələn, Novruz bayramı münasibətilə təşkil etdiyimiz tədbirdə “Bahar qızı” holland qız, onu müşayiət edən isə bizim milli geyimdə holland oğlan iştirakçı oldu. Orada milli geyimlərimizdə rəqslərimizi ifa etdilər. Azərbaycan dilində açılış etdilər, şeirlər söylədilər. Eyni zamanda həmin tədbirdə Azərbaycanla bağlı televiziya filmi nümayiş olundu. Holland uşaqlar milli rəqslərimizi ifa etməklə yanaşı həm də Azərbaycanla bağlı rəsmlər çəkirdilər.
Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçiririk.
 
– Azərbaycanla bağlı reallıqlar holland ictimaiyyəti tərəfindən necə qarşılanır?
 
– Bizim yaşadığımız Maastriht şəhəri ermənilərin çoxluq təşkil etdiyi və lobbisinin güclü olduğu bir şəhərdir. Buna baxmayaraq biz orada əlimizdən gələni etməyə çalışırıq. Həmin şəhərdə böyük bir kitabxana var ki, oranın 60 min kitab tutumu var. Bu kitabxanada bir dənə də olsun Azərbaycanla bağlı kitab yox idi. Biz orada Azərbaycan guşəsi yaratdıq və Qarabağla bağlı kitablar təqdim etdik. Onu da qeyd edim ki, bu kitabları çox çətinliklə götürürlər. Yəni siyasətlə bağlı hesab etdikləri üçün qəbul etməkdən çəkinirlər. Biz həmin kitabları cəmiyyətin adından təqdim edirik və onları başa salırıq. Hətta Qarabağla bağlı kitabı Ermənistan şöbəsinə daxil etmişdilər. Cəmiyyətimizin sədri onlara tarixi faktlarla izah etdi ki, Qarabağ Azərbaycan torpaqlarıdır və ermənilər tərəfindən işğal olunub. Kitabxananın rəhbərliyi bizdən üzr istədi və həmin kitabı da yeni yaradılan Azərbaycan guşəsinə yerləşdirdilər. Hazırda biz oraya üç kitab təqdim etmişik ki, onlardan birində ingilis dilində DVD, CD var və istənilən şəxs həm onlara baxa, həm qulaq asa, həm də kitabdakı rəsmlərə baxa bilər. Beləliklə, biz Hollandiyanın 5, Belçikanın 2 kitabxanasına belə kitablar təqdim etmişik. Kitabxanaya təqdim etdiyimiz kitabları Belçika səfirliyindən əldə etmişik. Bu kitabları kitabxanaya təqdim etməklə yanaşı onları qeydiyyatdan da keçirmişik. Həmçinin oradakı DVD və CD-lərə maqnit siqnallar qoyurlar ki, heç kəs onları götürə bilməsin.
Yaşadığımız şəhərdə azərbaycanlılar çox azdır. Ancaq cəmiyyəti yaratmaqda məqsədimiz odur ki, sözümüzü deyə bilək. Yəni fərdi şəkildə fikirləri, faktları çatdırmaq olmur, bu baxımdan təşkilat şəklində fəaliyyət göstərmək vacibdir. Cəmiyyət üzvlərinin sayını artırmaq asandır, ancaq əsas iş görməkdir. Holland dostlarımız çoxdur və biz keçirdiyimiz tədbirdə də məhz onların iştirakına üstünlük veririk ki, onlar bizi tanısın. Ermənilər bizim milli xörəkləri özlərininki kimi təqdim edirlər. Biz yeni tədbirimizdə bunları daha geniş sərgiləyəcəyik.
 
– Vacib amillərdən biri də xaricdə yaşayan azərbaycanlı uşaqların təhsili ilə bağlıdır. Sizin yaşadığınız ərazidə “bazar günü” məktəbi fəaliyyət göstərirmi?
 
– Mənim övladlarım holland məktəbində təhsil alır. Eyni zamanda Azərbaycan dilini, himnini çox gözəl bilirlər. Hər ikisi cüdo idman növü ilə məşğul olur. Əsas odur ki, dilimizi, mədəniyyətimizi bilsinlər. Onlar iki mədəniyyətdə böyüyürlər. Təbii ki, yaşadığın ölkənin dilinə, adət-ənənələrinə də hörmətlə yanaşılmalıdır. Rotterdam, Amsterdam kimi böyük şəhərlər bizim yaşadığımız ərazidən 250 km uzaqdır. Həmin şəhərlərdə azərbaycanlılar çoxluq təşkil edir və orada Azərbaycan məktəbi fəaliyyət göstərir. İstərdik ki, bizim yaşadığımz ərazidə də məktəb olsun və yalnız azərbaycanlı deyil, holland uşaqlar da burada təhsil alsınlar. Amma təbii ki, bu gələcəyin işidir. 
 
– Digər diaspor təşkilatları internet saytları vasitəsilə əlaqələrini daha da genişləndirirlər. Siz fəaliyyətinizi bu istiqamətdə necə qurmusunuz?
 
– Bizim cəmiyyətin hazırda internet saytı yoxdur. Lakin belə bir fikrimiz var. Məlumatları müxtəlif orqanlara, dövlət qurumlarına bu vasitəylə çatdırmaq mümkün olur. Digər diaspor təşkilatlarımızla əlaqələrimiz var. Bu əlaqələri daha da genişləndirmək niyyətindəyik. Fəaliyyət genişləndikcə həm maddi, həm də mənəvi ehtiyac artır. İmkanlar nə qədər geniş olarsa, o qədər geniş səviyyəli tədbirlər həyata keçirmək olar.
 
– Hollandlarla azərbaycanlılar arasında oxşar və fərqli əlamətlər varmı?
 
– Hollandlar çox sakit xalqdır və hər bir şeyə sakit, təmkinlə yanaşırlar. Həyata tərzinə görə bizdən fərqlənirlər. Bəzi şeylərdə oxşar əlamətlər görmək olar. Orada cənubi azərbaycanlılar da çoxdur. Hətta “Eurovizion” yarışmasında onlar azərbaycanlı iştirakçılara çox səs verdilər. Hollandiya elə bir dövlətdir ki, hər şey icazə əsasında həyata keçirilir.Adi bir faktı qeyd edim ki, bir tonqal yandırmaq üçün yanğınsöndürmə idarəsindən icazə almalısan. İcazə üçün də nümayəndələri gəlib baxırlar, yer təyin edirlər. Mən öz vətənimi hər bir ölkədən çox istəyirəm. Mənim üçün Azərbaycan həmişə birinci yerdədir. Övladlarım Azərbaycanı bəlkə də məndən daha çox sevirlər. Bakıya gəlməkdən əlavə daim orada televiziya vasitəsilə izləyirlər. Hər bir uşaq kökünün haradan gəldiyini bilməlidir.
 
P.SULTANOVA
 





20.04.2010     Çap et  Çap et