525-ci qəzet

Fərəc Quliyev: “Rusiyanın Qəbələ RLS vasitəsilə əldə etdiyi məlumatların hamısını Ermənistanla bölüşəcəyi istisna deyil”



“Qəbələ RLS-in hansısa ölkəyə icarə verilməsinin tamamilə əleyhinəyəm. Çünki Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Azərbaycan torpaqlarının bir hissəsini işğal edən Ermənistanla təmsil olunur”.
Bu açıqlama ilə parlamentin Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü Fərəc Quliyev çıxış edib.
O deyib ki, Rusiyanın ATƏT-də təmsil olunmasına baxmayaraq, bu ölkə açıq şəkildə Ermənistanı silahla təmin edir ki, bu da Azərbaycan üçün çox xoşagəlməz haldır. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya Qəbələ RLS vasitəsilə əldə etdiyi məlumatların hamısını müttəfiqi olan Ermənistanla bölüşəcək: “Bununla yanaşı, Azərbaycan öz təhlükəsizlik konsepsiyasında bəyan edir ki, qərbə meylliliyi ölkənin inkişafında əsas istiqamət hesab edir. Bununla əlaqədar, Azərbaycan ölkənin Avropa qurumlarına inteqrasiya etməsində maraqlı olduğunu ifadə edir və öz ordusunu da NATO standartlarına müvafiq olaraq formalaşdırır.
Bütün bu amilləri nəzərə alaraq hesab edirəm ki, Qəbələ RLS ya Azərbaycanın istismarında qalmalı, ya Qərb müttəfiqlərimizin istismarına verilməli, ya da ləğv edilməlidir”.
Lakin millət vəkili hesab edir ki, Qəbələ RLS yenə də Rusiyaya icarəyə verilərsə, o zaman bu proses real qiymət nəzərə alınmaqla, eləcə də müəyyən şərtlər daxilində, xüsusilə bu RLS-in köməyi ilə əldə edilən məlumatların Ermənistan tərəfinə ötürülməsinə yol verilməməsi şərtləri çərçivəsində təmin olunmalıdır: “Buna görə də hesab edirəm ki, əgər Azərbaycan tərəfi danışıqlar prosesində Rusiyadan bu stansiyanın icarəsi üçün yüksək məbləğ tələb edirsə, buna tam haqqı çatır. Azərbaycan bu stansiyanın Rusiyanın hərbi obyekti qismində bölgədə fəaliyyət göstərməsinin əhəmiyyətini dərk edir. Azərbaycan öz qonşuları ilə problemlərin yaranmamasında maraqldıır. Rusiya Azərbaycanın böyük qonşusudur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır. Digər tərəfdən, heç kim üçün sirr deyil ki, Qarabağ probleminin həlli daha çox Rusiyadan asılıdır. Lakin təəssüflər olsun ki, Rusiya bu problemin həll edilməsinə heç bir maraq nümayiş etdirmir”.
F.Quliyev deyib ki, onu da nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar yenidən başlanarsa, raketlərdən istifadə olunacaq, aviasiya, Hava Hücumundan Müdafiə (HHM) sistemləri işə salınacaq. Buna görə də bütün bu amilləri nəzərə alsaq və həm də Rusiyanın hələ də Ermənistanın yaxın müttəfiqi olaraq qaldığını diqqətə alsaq, hesab edirəm ki, Qəbələ RLS-in Rusiya tərəfinə icarəyə verilməsi müəyyən risklər yaradır.
Millət vəkili əlavə edib ki. ABŞ və onun müttəfiqləri kifayət qədər hərbi gücə, eləcə də Hörmüz boğazında və Fars körfəzində radiolokasiya stansiyalarına malikdir. Ona görə, ABŞ İranın şimalında stansiyanın mövcudluğuna ehtiyac duymur: “Bundan əlavə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ərazilərindən İrana qarşı istifadəyə izn verməyəcək. Ona görə, reallıq belədir ki, əgər İran öz hərbi gücünü nümayiş etdirmək istəyirsə, qoy bunu Hörmüz boğazı və Fars körfəzində etsin. Qəbələ RLS-nin Rusiya tərəfinə istifadəyə verilməsi özlüyündə müəyyən hərbi risklər daşıyır. Ona görə, bu stansiyanın Rusiyaya və ya başqa bir ölkənin istifadəsinə verilməsindən imtina məntiqəuyğun olardı. Bu təqdirdə, bütün real və ehtimal olunan risklər yox olacaq.Yəni nə stansiya olacaq, nə də problem. Başqa sözlə desək, əgər stansiya Rusiyanın istifadəsində olacaqsa, o zaman mümkün Rusiya-ABŞ qarşıdurması zamanı Amerika onu məhv etməyə çalışacaq, yox əgər Birləşmiş Ştatların istifadəsində olacaqsa, o zaman onu İran məhv etməyə səy göstərəcək”.
F.Quliyev deyib ki. Azərbaycan tərəfinin Qəbələ RLS-ni Rusiyanın istifadəsinə verməkdən imtinası təqdirində təzminat ödənməsi imkanları var. Azərbaycan-Rusiya münasibətlərindəki bu ziyanı enerji və digər sahələrdə əməkdaşlığın inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi yolu ilə əvəzləmək olar: “Azərbaycan bu problemin həllində Rusiyadan heç bir fayda istəmir. Bakı yalnız istəyir ki, Rusiya Azərbaycana qarşı çıxış etməsin və Azərbaycan torpaqlarını işğal edən Ermənistanı müdfiə etməsin. Başqa sözlə desək, biz istəyirik ki, Rusiya Azərbaycan əleyhinə mövqe tutmasın, lakin eyni zamanda biz istəyirik ki, Rusiya ənənəvi olaraq Ermənistanı dəstəkləməsin. Siyasi fayda o olardı ki, Rusiya Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla həll etdiyi zaman Ermənistana yardım göstərməməklə razılaşsın”.
PƏRVANƏ






07.03.2012     Çap et  Çap et