525-ci qəzet

“Anadolu Atəşi”nin “Troya” konserti üçün Bakıya nəhəng at heykəli gətiriləcək



Dünyanın ən məşhur rəqs ansambllarından biri olan “Anadolu Atəşi” Bakıda “Troya” əfsanəsini canlandıracaq. Martın 16-da, 17-də və 18-də Heydər Əliyev Sarayında Türkiyənin tanınmış “Anadolu Atəşi” rəqs qrupu “Troya” proqramı ilə tamaşaçılar qarşısında çıxış edəcək. “SA Organization”ın rəhbəri və “Anadolu Atəşi” ansamblının Bakıdakı rəsmi nümayəndəsi Səlahattin Atalay APA-ya açıqlamasında biletlərin qiymətinin 27-155 manat arasında olduğunu deyib və konsert günü yaxınlaşdıqca qiymətlərin yüksələcəyini bildirib.
Dünyanın dörd bir yerinə səfər etmiş “Anadolu Atəşi” indiyədək 20 milyondan artıq tamaşaçı qarşısında çıxış edib. Bakıya 6-cı səfər zamanı ansambl məşhur “Troya” əfsanəsini canlandıracaq. Bunun üçün xüsusi olaraq Bakı səhnəsinə 8 metr hündürlüyü olan at heykəli gətiriləcək. Ansamblın bədii rəhbəri Mustafa Ərdoğan Bakıda keçiriləcək konsert haqqında belə deyib: “İnanırıq ki, gözəl Bakıya bu səfərimiz və yeni “Troya” proqramımız tamaşaçılar üçün unudulmaz olacaq”.
Qeyd etmək lazımdır ki, “Troya” proqramı üçün xüsusi olaraq 2000 dəst geyim hazırlanıb. Bunun üçün 12000 metr və 450 növ parçadan istifadə olunub. 850 ədəd baş geyimi, 300 cüt ayaqqabı xüsusi dizayn edilib. 2500 metr keçə eksklüziv olaraq Özbəkistanda toxunulub və 2000 metr şifon parça əllə boyanıb.








07.03.2012     Çap et  Çap et