525-ci qəzet

AFFA-dan qapıçıya 6 oyunluq cəza



AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Yığıncaqda Unibank Premyer Liqasının XXII turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarılıb. Unibank Premyer Liqasının XXII turunun “Rəvan” – “Qəbələ” matçında Qəbələ klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində “Rəvan” klubunun 61 nömrəli futbolçusu İvan Vasilyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin matçın videoyazısını izlədikdə futbolçunun qeyri-etik jest göstərdiyi və meydanı tərk etdiyi vaxt matçın baş hakimi Anar Salmanova tərəf tüpürdüyü aşkar edilib. Bu səbəbdən adıçəkilən futbolçu 6 oyunluq cəzalanıb, klub 5 min manat cərimələnib.
“Vasilyev “Qəbələ” ilə oyunda tərbiyəsizlik edib və bunun da müqabilində öz cəzasını alıb”. Bu sözləri “Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev AFFA İntizam Komitəsi tərəfindən komandanın qapıçısı İvan Vasilyevin cəzalandırılmasına münasibət bildirərkən deyib. B.Şirəliyev qeyd edib ki, cəriməni klub yox, futbolçu özü ödəyəcək: “Mən onunla görüşməli idim. Sadəcə olaraq, yüksək hərarəti olduğu üçün bu baş tutmadı. Onunla danışıb öz sözlərimi deyəcəm. Vaxtı ilə Taqim Novruzovun da bu cür cəzası var idi. O da cəriməsini özü ödəmişdi. Məncə, ən yaxşı cəza kəsilən cəriməni futbolçunun əmək haqqından çıxmaqdır”.
Baş hakim Anar Salmanov da meydan sahiblərinin qapıçısı İvan Vasilyevlə bağlı qərara münasibət bildirib. Anar Salmanov isə Qol.Az-ın müxbiri ilə söhbətində şəxsən özünün futbolçunun belə hərəkətə yol verməsinə şahid olmadığını deyib. “Amma əgər onun tüpürməsi kameralara düşübsə, o zaman bu hərəkət sadəcə olaraq, tərbiyəsizlikdir!” – deyə Anar Salmanov bildirib.
Unibank Premyer Liqasının XXII turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara 1000 manat cəza kəsilib. Oyunun 40-cı dəqiqəsində Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya (tüstü şaşkası) atıldığı üçün klub 2 min manat cərimə olunub. Unibank Premyer Liqasının XXII turunun “Bakı” – “İnter” matçının 65-ci dəqiqəsində “Bakı” klubunun 11 nömrəli futbolçusu Elvin Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2 min manat cərimələnib.






07.03.2012     Çap et  Çap et