525-ci qəzet

Maradona: “Argentina millisinin oyunlarını izləmirəm”



Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona maraqlı açıqlamaları ilə diqqət çəkib. Ölkəsinin mətbuatına danışan Maradona 2010-cu ildə CAR-da keçirilən dünya çempionatından sonra Argentina millisinin heç bir oyununu izləmədiyini bildirib. Hazırda karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubunda davam etdirən 51 yaşlı mütəxəssis bu haqda belə danışıb: “2010-cu il dünya çempionatından sonra Argentina millisinin heç bir oyununu izləmirəm. Daha doğrusu, izləyə bilmirəm. Çünki ürəyim sıxılır”.
Qeyd edək ki, Maradona 2010-cu ildə keçirilən mundialın 1/8 final mərhələsində Almaniya yığmasına 0:4 hesablı məğlubiyyətdən sonra istefa vermişdi.
Quarejma: “Atletiko”dan çəkinmirik”
“Beşiktaş” klubunun ulduz futbolçusu Rikardo Quarejma Avroliqanın 1/8 final mərhələsi çərçivəsində qarşılaşacaqları “Atletiko” (Madrid) oyunu haqda fikirlərini bölüşüb. “Marka” qəzetinə danışan portuqaliyalı futbolçu rəqiblərindən çəkinmədiklərini bildirib:
“Atletiko” böyük bir komandadır və çətin rəqibdir. Ancaq heç bir zəif komanda bu mərhələyə qədər irəliləyə bilməz. Əgər biz də bura qədər gəlmişiksə, deməli, iddialıyıq. Rəqibin heyətində təhlükəli futbolçular var. Dieqo, Tiaqo və əsasən də Radamel Falkao. Onu gözdən qaçırmaq olmaz. Bununla belə, biz rəqibdən çəkinmirik. Futbol kollektiv bir oyundur və sonadək mübarizə aparacağıq”.
Qeyd edək ki, “Atletiko” – “Beşiktaş” oyunu martın 8-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.





07.03.2012     Çap et  Çap et