525-ci qəzet

Georgiyevski: “Futbolçu baş məşqçisinə hörmət etməlidir”



“Neftçi” klubunun yarımmüdafiəçisi Zlavço Georgiyevskinin  Qol.Az saytına müsahibəsi

– Unibank Premyer Liqasında “Bakı”yla görüşəcəksiniz. Matça necə hazırlaşmısınız?
– Çox yaxşı. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərib azarkeşləri sevindirək. İnanıram ki, qarşılaşmada sevinən tərəf biz olacağıq.
– “Bakı”yla oyunda hansı nəticəyə ümid edirsən?
– Sözdə çox şey demək olar. Lakin hər zaman dediyin sözlərə meydanda əməl edə bilmirsən. Əgər biz baş məşqçinin verdiyi tapşırıqları həyata keçirsək, yaxşı nəticə qazana bilərik. Çalışmalıyıq ki, oyunda kobud səhvlərə yol verməyək. Çünki rəqib bundan maksimum yararlana biləcək bir komandadır.
– Son turlarda “Bakı”nın özünə gəlməsi sizi qorxutmur ki?
– Düzdür, axır iki oyunda onların qalib gəlməsi çox şeydən xəbər verə bilər. Heyətinin də güclü olmasını nəzərə alsaq, onlarla oyunumuzun gərgin keçəcəyini söyləmək olar. Lakin hər şeyə meydanda aydınlıq gələcək. Derbi elə bir oyundur ki, pis oynasan belə, vurduğun bir qol komandaya qələbə qazandıra bilər. Bu prinsipial qarşılaşmalarda kim az səhv buraxırsa, o da qalib gəlir.
– Rəqibinizin Koke, Verpakovskis və Parks kimi hücumçulara malik olması “Neftçi” üçün başağrısı ola bilər?
– Onların səviyyəli hücumçular olmasına heç kim şübhə etmir. Lakin biz rəqibimizin heç bir futbolçusundan çəkinmirik. Söhbət “Neftçi”nin həmin futbolçulardan çəkinib-çəkinməməsindən getmir. “Neftçi” rəqibindən çəkinmir, amma onlara hörmət edir. Bizim də müdafiə və hücumçularımız çox səviyyəlidirlər. Məncə, güclü bir mübarizənin şahidi olacağıq. Çalışacağıq ki, qalib gələrək bunu onlara sübut edək.
– Deyilənə görə,baş məşqçiniz Böyükağa Hacıyevin “Neftçi”nin əsas fiqurları olan Denis Silva və Saşa Stamenkoviçlə münasibətləri korlandığına üçün onları meydana buraxmır. Bu belədir?
– Hər kəsin həyata öz baxışı var. Fikrimcə, hər bir futbolçu öz baş məşqçisinə hörmətlə yanaşmalıdır. Mən Böyükağa müəllimi yaxşı baş məşqçidən əlavə əla bir psixoloq kimi də tanıyıram. Ola bilər, Denis istəmədən belə hərəkət etdi. Çünki “Rəvan”la oyunda komandamız qol vura bilmirdi. Lakin Denis Silvanın pis insan olmadığını deyə bilərəm. Düşünürəm ki, Denis Silva özündən asılı olmayaraq, əvəzetməyə belə reaksiya verdi. Saşa isə ola bilər, hazırda yaxşı formada olmadığı üçün meydana çıxmır. Əgər Böyükağa Hacıyev onları şəxsi məsələyə görə sevmirsə, bunu onun özündən soruşun.
– Saşa Stamenkoviç və Denis Silvanın aqibətini sən də yaşaya biləcəyindən çəkinmirsən?
– Futbolçu oynamayanda özünü pis hiss edir. Ancaq baş məşqçi məni meydana buraxmamaq qərarına gəlsə, deməli, belə məsləhətdir. Buna görə narahat olmuram. Mən hər zaman özümə güvənən oyunçu olmuşam.
Əli HƏYATİ








07.03.2012     Çap et  Çap et