525-ci qəzet

QMİ-dən ABŞ hərbçilərinə etiraz



İdarə Quranın yandırılmasını pisləyən bəyanat yayıb.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il fevral ayının 20-də Əfqanıstanda ABŞ hərbçiləri tərəfindən Quranın yandırılmasına münasibət bildirib.
APA-nın məlumatına görə, bununla bağlı QMİ-nin yaydığı bəyanatda bildirilir: “Son zamanlar bir sıra sivil cəmiyyətlərdə, özəlliklə dünya birliyinə multi-mədəniyyət ideyasını təlqin etmək istəyən Qərb ölkələrində mənəviyyat və əxlaq amillərinin iflasa yönəlməsi bizi son dərəcə narahat edir. XXI əsri mədəniyyətlərin yaxınlaşması dönəmi kimi təqdim etmək cəhdləri, təəssüf ki, əməli cəhətdən gündən-günə süquta uğramaqdadır. Müasir qloballaşma dövrünün ən xoşagəlməz cəhətlərindən biri də təhqir obyekti kimi din və dini atributların hədəf seçilməsidir. Bu son dərəcə məsuliyyətsiz əməllər məxsusi olaraq İslam dininə və Allah-taalanın ilahi kəlamı sayılan müqəddəs kitabımız Qurani-Kərimə qarşı yönəldiyi üçün biz belə faktları ümumbəşəri sülhün pozulması, qütbləşmənin yaranması, dinlərarası və millətlərarası dialoqa vurulan zərbə kimi dəyərləndiririk.
ABŞ dünyada demokratiyanın və insan azadlıqlarının carçısı kimi tanınmış qüdrətli fövqəldövlətlərdən biridir. Lakin son dövrün tarixi, özəlliklə Yaxın Şərq regionunda baş verən olaylarda müsəlman əhaliyə qarşı irqçi və aqressiv münasibət heç bir şəkildə kimsəyə haqq qazandıra bilməz. Müqəddəs ziyarətgahların bombalanması, cümə namazlarında, bayram və matəm mərasimlərində dinc əhalinin terrora məruz qalması, Quranın hərbçilər tərəfindən nişangaha çevrilməsi, müqəddəs kitabımızın tonqallara atılması – bütün buna bənzər hadisələrin sırası uzun müddətdir ki, bitmir və hər gün İraqdan, Əfqanıstandan, Pakistandan və başqa müsəlman ölkələrindən gələn yeni acı xəbərlərlə qarşımıza çıxır. Bütün bunlar cəmiyyətimizin humanizmə, ədalətə, bərabərlik və qardaşlığa olan ümidlərini zəiflədir, dini və milli zəmində qarşıdurma və nifaq ruhuna yol açır.
Ötən il ABŞ-da üzdəniraq pastor tərəfindən Quranın yandırılacağı barədə təhdidlər dünya ictimaiyyətinin ardıcıl təzyiq və tələbləri ilə neytrallaşdığı halda, belə bir məsələnin yenidən, bu dəfə müsəlman ölkəsində - Əfqanıstanda hərbçilər tərəfindən gündəmə gəlməsi olduqca qərəzli və fəsadlıdır. Belə ki, müsəlmanların haqlı qəzəb və hiddətinə səbəb olan bu hadisənin törədilməsi sivilizasiyalar arasında toqquşma yaratmaqdan başqa heç nəyə xidmət etmir. Dilində: “Tanrı bizimlədir!” kəlməsi, düşüncəsində “hürriyət” və “demokratiya” anlayışı olan Amerika hərbçiləri bunu hansı məntiq və hansı vicdanla edə bilirlər?! İçərisində Həzrət İsanın, Məryəm ananın, Həzrət Musanın adlarının zikr olunduğu, Allah kəlamı sayılan Quranı yandırmağa necə qərar verirlər?! Bu zaman-zaman təkrar olunan hərəkətlərə biz dini dözümsüzlük, ideoloji təxribat və cəzası vacib olan əməl kimi qiymət verir, eyni münasibəti aidiyyəti olan bütün qurumlardan tələb edirik.
Biz ABŞ-ın dövlət başçısı və digər rəsmilər tərəfindən hadisəyə dair üzrxahlıq bəyanatını müsbət qarşıladıq və növbəti dəfə ümidimizi Allaha, inamımızı bəşərin idrakına bağlayaraq səbrlə belə təxribatların bir daha baş verməməsi üçün dua etdik. Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu dünyada haqqın qələbəsinə inanan bütün insanları, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün mütərəqqi ictimaiyyəti dini dözümsüzlüyə qarşı öz səsini ucaltmağa və birgə səy göstərməyə dəvət etməyi qərar verdik. Əminik ki, xalqların və dövlətlərin sabahı naminə etdiyimiz bu çağırış düzgün təhlil olunaraq regionda ictimai-siyasi vəziyyətin sabitləşməsinə xidmət edəcəkdir. Bu müraciətdəki mövqeyimiz – bütün Qafqaz müsəlmanlarının iradəsinin və ədalət tələbinin təzahürüdür”.





06.03.2012     Çap et  Çap et