525-ci qəzet

Ötən il Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı rekord həddə çatıb



Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən verilən 2011-ci ildə ölkədə rekord həddə – 147 mindən artıq əmlak qeydiyyata alınıb. Bu, 2010-cu ilə nisbətən 56 faiz, indiyədək ən yüksək göstəricinin qeydə alındığı 2008-ci ilin nəticələrinə görə isə 21,7 faiz artıqdır.
ƏMDK-in məlumatına görə, 2011-ci ildə əmlakın qeydiyyatı üzrə həm ümumi göstəricilər, həm də ayrı-ayrı əmlak növləri üzrə rəqəmlər əvvəlki illəri kəskin üstələyir. Ötən il qeydiyyatdan keçən əmlakın 52 583-ü (35,7 faiz) ilkin, 94 785-i (64,3 faiz) təkrar qeydiyyatdan keçib. Əvvəlki ilə nisbətən ilkin qeydiyyat 81,4 faiz, təkrar qeydiyyat 44,3 faiz artıb.
Hesabat ilində qeydə alınmış 147 368 əmlakdan 32 491-i fərdi yaşayış və bağ evi, 52 772-si mənzillər, 52 492-si torpaq sahələri, 4 302-si qeyri-yaşayış binası, 3 575-i qeyri-yaşayış sahəsi, 872-si əmlak kompleksi, 829-u çoxillik əkmələr, 35-i çoxmərtəbəli yaşayış binalarıdır.
Qeyd edək ki, 2010-cu ilə nisbətən fərdi yaşayış və bağ evləri üzrə qeydiyyat təqribən 70 faiz, mənzillərdə 37 faiz, torpaq sahələrində 69 faiz, qeyri-yaşayış binalarında 60 faiz, qeyri-yaşayış sahələrində təqribən 2 dəfə, əmlak komplekslərində 59 faiz artıb.
Keçən il ölkədə qeydə alınan əmlakın böyük hissəsi – 62,8 faizi regionların, 37,2 faizi Bakı şəhərinin payına düşüb. Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları, əmlak kompleksləri və çoxmərtəbəli binalarla əməliyyatların böyük hissəsi regionlarda aparılır. Əvəzində mənzillərin özəlləşdirilməsi və qeyri-yaşayış sahələrinin qeydiyyatının əsas hissəsi Bakının payına düşür.
Ötən il daşınmaz əmlakın dövlət qeydiyyatı üzrə artım sürəti regionlarda daha çox olub. Belə ki, Bakıda əmlakın qeydiyyatı 2010-cu ilə nisbətən 38 faiz artdığı halda, regionlarda artım 68,5 faiz təşkil edib. Ən çox artım Beyləqan (2,3 dəfə), Abşeron (2,1 dəfə), Şamaxı (2,1 dəfə) və Qəbələdə (2,2 dəfə) qeydə alınıb.
Hesabat dövründə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin göstərdiyi xidmətlərin əksəriyyəti üzrə 2010-cu ilə nisbətən ciddi artım qeydə alınıb. Belə ki, 2011-ci ildə 131,7 min texniki pasport (artım – 61,9 faiz), 116,2 min müayinə aktı tərtib olunub (artım – 72,1 faiz), 95,15 min məhdudlaşdırma arayışı verilib (artım – 50,6 faiz), 1 456 yüklülük (artım – 2,74 dəfə) qeydə alınıb.
ƏMDK-in məlumatına görə, 2011-ci ildə əmlakın qeydiyyatının belə kəskin artmasının səbəbləri bu sahədə proseduraların sadələşdirilməsi, vətəndaşlardan artıq sənədlərin istənilməsi hallarının aradan qaldırılması, şikayət və müraciətlərin araşdırılmasında operativliyin artırılması, ümumilikdə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır.
Keçən il kütləvi əmlak sayılan fərdi yaşayış və bağ evləri, mənzillər və torpaq sahələrinin ilkin qeydiyyatı (yəni, faktiki olaraq tam sənədləşdirilməsi) müvafiq olaraq 90 faiz, 71 faiz və 85 faiz artıb. İlkin qeydiyyatdan keçən, yəni əmlak dövriyyəsinə qoşulan qeyri-yaşayış sahələri 2,3 dəfə, çoxmərtəbəli yaşayış binaları 2,1 dəfə, qeyri-yaşayış binaları 75 faiz artıb.
İlkin qeydiyyatın böyük hissəsinin regionların payına düşməsi isə qeydiyyatdan keçmiş əmlaka inamın bölgələrdə də artdığını göstərir. Ötən il tərtib olunan texniki pasportların əvvəlki ilə nisbətən 62 faiz artması isə vətəndaşların öz əmlaklarını tam sənədləşdirməkdə maraqlı olduğunu göstərir. Bütün bunlar isə son nəticədə qeydiyyatın kəskin artımına səbəb olub.









06.03.2012     Çap et  Çap et