525-ci qəzet

QHT Əməkdaşlıq Alyansı bəyanat yayıb



QHT Əməkdaşlıq Alyansı Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına keçirilən seçkilərlə bağlı açıqlama yayıb. “525”ə verilən məlumata görə, Dövlət Dəstəyi Şurasının gördüyü tədbirlər üçüncü sektorun inkişafında mühüm rol oynayıb. Açıqlamada daha sonra bu məqamlar yer alıb: “Yaradılmasından ötən 4 il müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ardıcıl və innovativ fəaliyyəti ilə vətəndaş cəmiyyəti sektorunun inkişafında, bu sektorun ölkənin ictimai həyatının əsas iştirakçılarından birinə çevrilməsi üçün ciddi və sistemli işlər görüb. Bu fəaliyyət nəticəsində QHT sektoru ilə dövlət arasında körpü yaranmış, müzakirələrin əsas bazası formalaşdırılıb. Dövlət Dəstəyi Şurasının yenidən formalaşması üçün 29 fevral – 3 mart tarixlərində keçirilən növbəti seçkilər də bir daha təsdiqlədi ki, bu qurum demokratik normaların vətəndaş cəmiyyətinin əsas prioritetlərindən birinə çevrilməsini özünün əsas məqsədlərindən hesab edir. Ölkədə formalaşan azad və ədalətli cəmiyyətin inkişafında ictimai sektorun rolunun artırılmasında nümunələr göstərir. Belə ki, 29 fevral – 3 mart tarixlərində keçirilən seçkilərdə 500-dən çox QHT iştirak edib. QHT Əməkdaşlıq Alyansı olaraq, bütün qruplarda üzvlərimiz iştirakçı, bəzi qruplarda isə təmsilçilərimiz seçkilərə namizəd kimi qatılıb. 8 qrupun hər birində keçirilən seçkilərdə demokratik prinsip və normalar qorunaraq, həyata keçirilib. Seçki prosesində seçki texnologiyasının fundamenti sayılan azad rəqabət mühiti olub, bütünlükdə seçki prosesinə, səsverməyə heç bir müdaxiləyə yol verilməyib, bütün qruplar üzrə seçkilər şəffaf və demokratik prinsiplər əsasında baş tutub. Qeyd etmək lazımdır ki, seçkilərin belə ədalətli və şəffaf keçirilməsində fəaliyyətdə olan Şuranın, onun sədri, millət vəkili Azay Quliyevin və Dövlət Dəstəyi Şurasının icra katibliyinin yüksək təşkilatçılığı və tərəfsizliyi xüsusi rol oynayıb”.
AQİL






06.03.2012     Çap et  Çap et