525-ci qəzet

Bir ildə keçilən 11 illik yol



2011-ci il Azərbaycan xarici siyasətində tarixi nailiyyətlər ili oldu

Azərbaycanın gənc dövlət kimi, xarici siyasət kursu dünyanın bütün dövlətləri ilə sıx əməkdaşlıq etmək, siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksək əlaqələrin qurulmasına hesablanıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan balanslaşdırılmış bu müdrik daxili və xarici siyasət, nəhəng quruculuq işləri onun siyasi varisi, müasir təfəkkürlü siyasətçi və dövlət xadimi, Prezident İlham Əliyev tərəfindən ötən il ərzində də uğurla davam etdirildi. Dövlət başçısının rəhbərliyi altında geridə qoyduğumuz il ərzində ölkəmizdə bütün sahələrdə düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələr üzrə həyata keçirilən çoxsaylı dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri nəticəsində Azərbaycan nəinki bölgədə, hətta dünyada özünün dinamik inkişaf edən güclü və demokratik ölkə, iqtisadi artım tempinə görə isə lider mövqeyini qoruyaraq, daha da qüdrətləndi. 2011-ci ilin ölkəmizin və xalqımızın həyatında bir sıra əlamətdar hadisələrlə yadda qalması da bu işlərin tərkib hissəsidir. Dövlətimizin qısa bir müddət ərzində həm ölkə daxilində, həm də xarici siyasətdə, beynəlxalq aləmdə fövqəladə uğurlar qazanması məhz yürüdülən düzgün, balanslaşdırılmış, təkcə bu günə deyil, gələcək perspektivlərə hesablanmış xarici və daxili siyasətin bəhrəsidir.
Siyasi icmalçılara görə, xarici siyasətdə qazanılan uğurlar məhz daxili siyasətlə əlaqəlidir. Siyasi ekspertlər bu iki məqamın bir-birini tamamladığı fikrindədirlər. Məsələyə səthi yanaşmasaq, xarici və daxili siyasətin bir-birinə sıx bağlı olduğunu sezmək heç də çətin olmaz.
Məhz paralel şəkildə davam etdirilən uğurlu daxili və xarici siyasətin bəhrəsini Azərbaycan ötən ili xarici siyasətdə böyük müvəffəqiyyət qazanmaqla gördü. Çəkinmədən 2011-ci ili müstəqil Azərbaycanın xarici siyasətində ən uğurlu illərdən biri kimi dəyərləndirmək olar. 2011-in həm də İlham Əliyevin geridə qalan səkkiz il ərzində yeritdiyi xarici siyasətin bəhrəsi olduğunu söyləyə bilərik. Ötən il ərzində xarici diplomatiyamızın qazandığı müvəffəqiyyətlərdən xeyli danışmaq olar. Amma biz ən mühüm nailiyyətlərə diqqət yetirəcəyik.

MƏDƏNİYYƏT VƏ SİYASƏTİN VƏHDƏTİ – AZƏRBAYCANIN ZƏFƏRİ

Azərbaycanın son illər ərzində Cənubi Qafqaz regionunun hamı tərəfindən tanınan, etiraf edilən liderinə çevrilməsi ötən il bir daha təsdiqini tapdı. Məhz bu, ötən il ərzində də aparılan siyasətin nəticəsidir.
Mühüm uğurlardan biri “Eurovision” mahnı müsabiqəsində ən yüksək kürsüyə qalxmağımızdır. 2011-ci ildə keçirilmiş nüfuzlu beynəlxalq mədəniyyət yarışması olan “Eurovision-2011”də ölkəmizi təmsil edən nümayəndələrin qələbəsi Azərbaycanın dünyada tanınmasına, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə əvəzsiz töhfə verdi.
Adına baxan zaman bu, mahnı müsabiqəsi olsa da ekspertlər yarışmada qalibiyyətimizi bir neçə mənada təhlil edirlər. Təbii ki, bunu təkcə mahnı müsabiqəsi kimi deyil, daha geniş anlamda dəyərləndirmək zəruridir. Gənc bir dövlət olan Azərbaycanın, bu müsabiqədə daha gənc olmasını nəzərə almamaq ədalətli olmaz. Çünki elə ölkələr var ki, bu yarışmada uzun illər boyu mübarizə aparmasına baxmayaraq, hələ də qələbə sevincini yaşaya bilməyiblər.
Azərbaycanın bu mundialda qələbə sevincini dadması təkcə gözəl mahnını nümayiş etdirməsi ilə ölçülməməlidir, bu, ümumiyyətlə geniş mənada öz mədəniyyətimizin, musiqimizin təqdim edilməsidir. Qısa zaman kəsiyində belə möhtəşəm nailiyyətin qazanılması Azərbaycan xalqının mədəniyyət, sivilizasiya sahəsində Avropa ailəsinin bir hissəsi olduğunu göstərdi. Avropa xalqlarının verdiyi səslərlə qalibin müəyyənləşdirildiyi bu yarışmada qələbə əldə etməyimiz həm də Avropanın mədəniyyətimizə mühüm qiymət verməsinin təzahürüdür. Məhz Avropanın Azərbaycan mədəniyyətinə münasibəti ölkəmizi birinci yerə daşıdı. Unutmaq lazım deyil ki, mədəniyyətlər mübadiləsi nəticəsində bir çox sədləri aşmaq mümkündür. Bu yolla ölkə həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq daha asandır.
Lakin sözügedən uğuru təkcə mədəniyyətlə bağlamaq qeyri-obyektiv olar. Bu, bir həqiqətdir ki, belə uğurların qazanılmasında siyasi və iqtisadi zəminlər də müstəsna rola malikdir.
Digər bir tərəfdən bu qələbə bütün Avropanın diqqətini Azərbaycana yönəltdi və nüfuzlu media qurumlarının, on minlərlə insanın ölkəmizə gəlməsinə imkan yaratdı. Məhz növbəti “Eurovision” müsabiqəsində iştirak etmək üçün ölkəmizə təşrif buyuracaq on minlərlə xarici vətəndaşın, habelə media təmsilçilərinin diqqətini Azərbaycan həqiqətlərinə yönəltmək daha mühüm uğurlara qapılar açacaq.
Ölkəmizin beynəlxalq aləmdəki yüksək nüfuzunu nümayiş etdirən bu hadisə, həm də dünya birliyinin Azərbaycana olan hörmət və inamını bir daha sübuta yetirdi. Bu qələbənin İlham Əliyev tərəfindən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması haqqında imzalanmış sərəncamın qloballaşan dünyada ölkəmizin qazandığı nailiyyətlərin daha da möhkəmləndirilməsi və davamlı inkişafının təmin olunmasında mühüm rol oynayacağı da şübhəsizdir.
Ötən ilin mühüm uğurlarından biri də böyük rəqabətə baxmayaraq, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi ilə bağlıdır. Ölkəmizin TŞ-ya qeyri-daimi üzv seçilməsi xarici siyasətimizin, diplomatiyamızın beynəlxalq aləmdəki ən mühüm uğurlarından biridir. TŞ-ya qeyri-daimi üzv seçilməsi üçün 155 ölkənin Azərbaycana səs verməsi beynəlxalq arenada bizə xoş münasibətin daha bir nümunəsi kimi qiymətləndirilməlidir.
Bu səsvermə prosesi həm də Azərbaycanın regionda lider dövlət olmasını bir daha göstərdi. Sözün həqiqi mənasında bu regionda Azərbaycansız hansısa bir layihənin reallaşması mümkünsüzdür. Amma reallıq budur ki, Azərbaycanın nüfuzu, imkanları artıq region çərçivəsindən də kənara çıxır. Heç şübhə yox ki, ölkəmizin beynəlxalq aləmdə böyük nüfuza sahib olmasının əsas səbəblərindən biri də dövlətimizin yeritdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. İlham Əliyevin yeritdiyi xarici siyasət, dövlət başçımızın səfərləri, beynəlxalq aləmə inteqrasiyanın sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizə olan inam və etimadı daha da artırdı.

REGİONUN ƏHƏMİYYƏTLİ “OYUNÇUSU”: BAKI

2011-ci ilin yanvarında Azərbaycanın Avropa İttifaqı ilə energetika sahəsində çox mühüm əhəmiyyət kəsb edən sənəd imzalaması da nailiyyətlərdəndir. Sonradan ilboyu müxtəlif beynəlxalq təşkilatların tribunasından və dövlət başçımızın çoxsaylı görüşlərində tez-tez yada salınan həmin sənəd ölkəmizin beynəlxalq aləmdəki əhəmiyyətini kifayət qədər artırdı.
Ekspertlərin fikrincə, Azərbaycan beynəlxalq təşkilatlar ilə elə sıx əməkdaşlıq nümunəsi formalaşdırır ki, məhz həmin örnək rəsmi Bakını regionun ən önəmli və əhəmiyyətli oyunçusuna çevirir. BMT ilə siyasi, Avropa İttifaqı ilə iqtisadi, NATO ilə hərbi-strateji, Avropa Şurası ilə hüquqi-demokratik, İslam Əməkdaşlıq Təşkilatı ilə mənəvi-humanitar sahədə yaratdığımız əməkdaşlıq nümunələri bəzi dairələrdə qısqanclıqla qarşılanırsa, dünyanın əksər nöqtələrində də böyük məmnunluq və rəğbətlə qarşılanır.
2011-ci ildə Azərbaycan Respublikası YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilib. Bu, maddi-mədəni sərvətlərinin böyük bir hissəsi düşmən işğalında qalan ölkə üçün çox böyük uğurdur.
Azərbaycanın xarici siyasətinin mühüm hissələrindən biri də regional əməkdaşlığa, xüsusən, yaxın qonşularla dostluq və tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə istiqamətləndirilib. Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Gürcüstan, Qazaxıstan və Türkmənistanla dostluq və tərəfdaşlıq münasibətlərimiz ötən il ərzində də kifayət qədər inkişaf edərək, əməkdaşlığa yeni-yeni üfüqlər açdı. Rusiyanın kütləvi informasiya vasitələri yazır ki, Azərbaycanın qonşuları ilə dostluq münasibətlərinin durmadan artmasının əsas səbəblərindən biri də İlham Əliyevin qonşu dövlətlərin rəhbərləri ilə olan dostluq münasibətlərində nümayiş etdirdiyi səmimiyyət və sədaqət hissləridir. Onların fikrincə, dövlət başçısı siyasətçilər arasında ən sədaqətli dost və etimad göstərilən dövlət başçısı kimi tanınır.
Yeri gəlmişkən, 2011-ci ildə Azərbaycan özünün şimal qonşusu olan Rusiya Federasiyası ilə dövlət sərhədi haqqında müqavilənin ratifikasiya sənədlərinin mübadiləsini reallaşdırdı. Bu, o qədər də adi fakt deyil. Çünki 2009-cu ildə mütəxəssislər qeyd edirdilər ki, bu proses 2015-ci ilə qədər həll oluna bilər. Ancaq göründüyü kimi həmin proqnozdan cəmi iki il sonra qeyd olunan sənədlər ratifikasiya olundu.
Xatırladaq ki, Azərbaycan bu qəbildən olan uğurlara imza atan yeganə Qafqaz dövlətidir.
Ölkəmizin regional əməkdaşlığının daha bariz nümunələri Türkiyə və Gürcüstanla əldə edilən razılıqlar, anlaşmalardır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrindən sonra Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında qaz alqı-satqısı və tranziti məsələlərinə dair sənədlər paketi, ondan sonra isə Azərbaycanla Türkiyə arasında TransAnadolu qaz kəmərinin tikintisi layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması rəsmi Bakının regional əməkdaşlığa verdiyi önəmin təzahürüdür.
2011-ci ildə təhsil quruculuğu sahəsində aparılan işlər müvəffəqiyyətlə davam etdirilmiş, bir sıra ürəkaçıcı uğurlara imza atılıb.

GƏLƏCƏK PERSPEKTİVLƏRƏ HESABLANMIŞ SİYASƏT

Qeyd etdiymiz bu qələbələr, uğurlar göstərdi ki, Azərbaycan siyasi müstəvidə, beynəlxalq aləmdə artıq özünə layiqli yer tutaraq, ötən il bunu daha da möhkəmləndirməyi bacarıb. Azərbaycan postsovet məkanında ən uğurlu beynəlxalq əməkdaşlıq edən bir dövlət olması da ölkəmizin inkişafa, inteqrasiyaya maraqlı olduğunu göstərir.
Məhz bütün bunlar ölkəmizin öz ədalətli mövqeyi ilə dünyada tanınmasına şərait yaradır. Yuxarıda sadalanan uğurların dövlət müstəqilliyimizin 20 illiyinə təsadüf etməsi də sevindircidir.
Cəmi 20 il müstəqillik tarixi olan dövlətin belə mühüm uğurlar qazanmasının təməlində ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi, dahiyanə uzaqgörənliyi dayanır. Bütün azərbaycanlıların liderinin mükəmməl bir şəkildə işləyib hazırladığı siyasi kursun son səkkiz ildə Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla və prinsipiallıqla davam etdirilməsi bir çox belə nailiyyətə imza atmağımızı günün reallığına çevirdi. Bir sözlə, 1993-cü ilin yayından etibarən çoxsaylı problemlərinin həlli yolunda uğurlu addımlar atan, 2003-cü ilin oktyabrından sonra isə yeni əsrin çağırışları əsasında sürətli inkişaf tendensiyası formalaşdıran gənc müstəqil Azərbaycan dövləti 2011-ci ildə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, xarici siyasətdə də mükəmməl uğurlara imza atdı.
Bu uğurların 2012-ci ildə daha geniş miqyas alacağı şəksizdir. Çünki dövlət başçısının istər daxili, istərsə də xarici siyasəti məhz gələcək perspektivlərə hesablanıb. Prezidentin yeritdiyi bu siyasət fəth ediləcək yeni-yeni zirvələrin heç də uzaqda olmadığını göstərir.

Aqil LƏTİFOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.






06.03.2012     Çap et  Çap et