525-ci qəzet

“Gürcüstan prezidentinin verdiyi orden bizə göstərilən etimaddır”



Gürcüstanın Azərbaycandakı səfirliyində millət vəkili Qənirə Paşayevanın Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib. Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilk öncə bildirdi ki, Azərbaycanla Gürcüstan arasında tarixən dostluq, qardaşlıq münasibətləri mövcud olub və bu münasibətlər hər iki ölkə müstəqillik əldə etdikdən bu yana ötən 20 il ərzində daha da yüksələn xətt üzrə inkişaf edib.
Səfirin qeyd etdiyinə görə, müəyyən xırda məqamlar nəzərə alınmasa, iki dost, qonşu, strateji müttəfiq ölkə arasında heç zaman ciddi problemlər olmayıb və olmayacaq. “Əsas olan budur”- deyə, səfir qeyd edib. Səfir eyni zamanda qeyd edib ki, ötən bu illər ərzində həm dövlətlər, həm parlamentlər, həm hökumətlər səviyyəsində güclü əməkdaşlıq münasibətləri qurulub: “İstər siyasi sahədə, istər iqtisadi sahədə, istər mədəniyyət, incəsənət sahəsində bu əməkdaşlıq münasibətləri öz müsbət töhfələrini verib və verməkdədir. Məsələn, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Marcenaşvili adına Dövlət Dram Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yəni, bunlar göstərir ki, hər iki ölkə, xüsusilə hər iki dövlətin rəhbərliyi xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin güclənməsinə, inkişaf etməsinə necə böyük önəm verirlər”.
T.Şaraşenidze sonra bildirib ki, hər iki ölkənin parlamentləri, parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında da ciddi əməkdaşlıq münasibətləri mövcuddur:
“Elə bir müddət öncə Gürcüstan parlamentinin vitse-spikeri Fridon Toduanın başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycanda səfərdə oldu və bu səfər zamanı bir çox maraqlı görüşlər, müzakirələr gerçəkləşdirdi. Bu gün isə buraya yığışmaqda məqsəd Azərbaycan-Gürcüstan parlamentlərarası münasibətlərinə öz töhfəsini verən millət vəkili Qənirə Paşayevanın Gürcüstan prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlıdır. Gürcüstan prezidenti Mixail Saakaşvilinin 25 yanvar 2012-ci il tarixli sərəncamı ilə Gürcüstan və Azərbaycan Respublikası arasında mehriban qonşuluq əlaqələrinin və strateji tərəfdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə və beynəlxalq aləmdə Gürcüstanın maraqlarını dəstəklədiyinə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva “Şərəf” ordeni ilə təltif edilib”.
Öz növbəsində, səfirə və Gürcüstan prezidenti Mixail Saakaşviliyə təşəkkürünü bildirən Q.Paşayeva qeyd edib ki, o, bu ordeni təkcə öz adına deyil, həm də Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu adına verilən orden kimi qəbul edir: “Hesab edirəm ki, bu, təkcə mənə deyil, parlamentimizin Gürcüstanla əlaqələr üzrə işçi qrupuna, onun fəaliyyətinə verilən bir ordendir, qiymətdir. Çünki parlamentlərarası əlaqələr üzrə İşçi Qrupumuz fəaliyyət göstərdiyi müddət ərzində çox işlər görüb, Gürcüstanla əlaqələrə böyük önəm verib. Eyni zamanda, Azərbaycan Milli Məclisi hər zaman Gürcüstanla əlaqələri xüsusi diqqətdə saxlayıb və artıq iki çağırışdır ki, dalbadal bu qrupa rəhbərliyi mənə həvalə edib. Ona görə, bu ordeni həm də parlamentimiz adına verilən orden kimi qəbul edirəm. Mən xüsusilə, ölkə Prezidenti İlham Əliyevə və Gürcüstan prezidenti Mixail Saakaşviliyə təşəkkürümü bildirirəm. Əgər onlar tərəfindən iki ölkə arasında əməkdaşlığa, tərəfdaşlığa bu qədər önəm verilməsəydi, Gürcüstanla Azərbaycan münasibətləri bugünkü yüksək səviyyəsinə gəlib çatmazdı. Həm Azərbaycan rəhbərliyi, həm Gürcüstan rəhbərliyi hər zaman iki ölkə arasında olan münasibətlərə, əməkdaşlığa, tərəfdaşlığa, dostluğa böyük önəm veriblər və verməkdədirlər. Gürcüstan şəxsən mənim üçün ən əziz, ən doğma ölkələrdən biridir. Doğulub boya-başa çatdığım bölgə də Gürcüstanla sərhəddə yerləşir. Yəni, mənim Gürcüstana bu qədər bağlı olmağımda həm bölgəmizin Gürcüstanla sərhəddə yerləşməsinin , həm də valideynlərimin, xüsusilə anamın bu ölkəni mənə daima sevdirməsinin böyük rolu olub. Mən öz adımdan onlara da minnətdarlığımı bildirirəm. Bu orden, bu mükafat, bu qiymət bizə göstərilən etimaddır, bir avansdır. Odur ki, daim öz fəaliyyətimizdə bu etimadı doğrultmağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, münasibətlərimiz daha da güclü olsun” .
KAMİL







06.03.2012     Çap et  Çap et