525-ci qəzet

“Bəzi məmurların özləri və övladları belə zərərli vərdişlərlə məşğuldur”



Ölkəmizdə dini tolerantlıq mühitinin yüksək səviyyədə olması hər kəsə bəllidir. Məhz buna görə də Azərbaycandakı dini tolerantlıq hər zaman örnək göstərilir. Lakin bəzi qüvvələr bu dini tolerantlıq mühitindən məkirli niyyətləri üçün istifadə etməkdən belə çəkinmirlər. Ziyanlı dini kitabların satılması buna nümunə kimi göstərilə bilər. Aidiyyati dövlət qurumların bu qeyri-qanuni hərəkətlə bağlı lazımi addımlar atmasına baxmayaraq, istifadəsi qadağan olunmuş kitabların satışına rast gəlmək mümkündür. Əgər indidən bu kimi halların qarşısı alınmasa, gələcəkdə bunun fəsadlarını çox ağır olacağını təsəvvür etmək heç də çətin deyil.
Məsələyə münasibət bildirən şərqşünas, Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli bizimlə söhbətdə sözügedən məqamdan narahatlığını gizlətməyib. Azərbaycanda dinlərarası, habelə təriqətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu söyləib. Onun sözlərinə görə, aidiyyatı dövlət qurumlarının məsələ ilə bağlı mübarizə aparmasına rəğmən ziyanlı dini ədəbiyyatların satışının tam şəkildə qarşısının alınmasına nail olunmayıb: “Bu gün Azərbaycandakı dini tolerantlıq mühiti bir çox ölkələrə nümunə göstərilir. Bu, sevindirici məqam olsa da, təəssüf ki, bəzi qüvvələr bundan məkirli şəkildə sui-istifadəyə cəhd edirlər. Digər narahatedici məqam isə bu qüvvələrin sayının sürətlə artmasıdır. Düzdür, hüquq-mühafizə orqanları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi məsələ ilə bağlı mühümi işlər həyata keçirir. Onların gördüyü təqdirəlayiq işlərə baxmayaraq, bəzi işbazların tolerantlıq mühitindən hansısa maraqlar üçün istifadə etməsinin qarşısının tam alınmayıb. Bu, bir faktdır ki, Azərbaycanda heç zaman təriqətlərarası, dinlərarası məzhəblərə görə savaşlar yaşanmayıb. Əksinə, hər zaman bu əlaqələr yüksək səviyyədə olub. Təəssüf ki, Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənafeyi üçün çox təhlükəli olan məqamlarla üzləşməkdəyik. Hesab edirəm ki, artıq bu məsələyə ciddi diqqət ayırmağın zamanı yetişib. Yerlərdəki ziyalılarımız, digər aydınlarımız bu kimi məsələlərdə çox həssas olmalıdırlar. Dini mühitdə “sən, hansı camatdansan” kimi suallar yer tutmağa başlaması da düşündürücüdür. Zənnimcə, bu zərərli dini ədəbiyyatların yayılması ilə bağlıdır. Hətta işbazlar heç bir icəza olmadan bu zərərli kitabları ölkəmizdə olan mətbəələrdə belə çap etdirirlər. Bəzən xaricdən gələn ziyanlı dini kitbaların müsəlmanlığı şübhə doğuran şəxslər tərəfindən tərcümə edilərək, gerçəkliyin bu olduğu insanlara sırınmağa çalışılır”.
C.Əzimbəyli dini ədəbiyyatla bağlı monitorinq apardıqlarını diqqətə çatdıraraq, heç də xoş olmayan mənzərə ilə qarşılaşdıqlarını deyib. O, bu mənzərinin sözügedən sahədə həyəcan təbilini çaldığını ifadə edib: “Biz – dini, milləti, dövlətçiliyi sevən bir neçə şəxs bu sahədə monitorinqlər apardıq. Təəssüf ki, zərərli meyarlarla rastlaşdıq. Artıq din adı altında bölücülüyə xidmət göstərən kitablar, braşürlər çapdan çıxır. Bu şəbəkə fəailyyətini artıraraq, təhsil adından geniş şəkildə istifadə edirlər. İnsanlar düzgün yoldan çəkindirilərək, başqa, yəni gələcəkdə zərərli olacaq istiqamətlərə yönləndirilir. Məsələ ilə bağlı aidiyyatı qurumlara, dövlət başçısına müraciət hazırlamışam. Fikrimcə, bu məsələ ilə ciddi şəkildə məşğul olmağın vaxtı keçir. Əgər biz İran, İraq, Əfqanıstan, Pakistan, Suriya və digər müsəlman ölkələrinə nəzər salsaq, din adından istifadə edən məkirli qüvvəllərin nələr törətdiyini aşkar şəkildə görərik. Fikrimcə, Azərbaycan dövlətini sevirəm deyərək, dövlətçiliyimiz üçün zərərli toxumlar əkən insanların, dərnəklərin, qüvvəllərin dövlətçilik prinsiplərimizə nə qədər ziyan vurması təftiş edilməlidir. Azərbaycanda təriqətlərarsı, məzhəblərarası münasibətlərə zərər vuracaq ədəbiyyatların yayılmasının qarşısı alınmalıdır. Bu, Azərbaycan dövlətçiliyinin bütövlüyü üçün də zəruridir. Hazırda əlimdə bir neçə kitab var ki, onlar məhz belə ziyanlı məqsədlərə xidmət edir”.
İndiki mərhələdə zərərli ədəbiyyatların adlarına, eləcə də onların Azərbaycanda hansı nəşriyyatlarda çap olunmasına toxunmaq istəmədiyini diqqətə çatdıran C.Əzimbəyli məsələni araşdırmaq üçün monitorinq qrupunun yaradılmasının zəruri olduğunu söyləyib: “Hesab edirəm ki, məsələni araşdırmaq üçün dövlət tərəfindən mənəviyyat adamlarından ibarət monitorinq qrupu təşkil edilməlidir. Və bu monitorinq qrupu kitab evlərinə, nəşriyyatlara gedərək araşdırma aparmalıdır. Çünki bir çox kitab evləri, nəşriyyatlar Dini Komitədən icazə almadan zərərli dini ədəbiyyatlar satırlar və çap edirlər. Bəzi məmurların məsələyə biganə yanaşması da düşündürücüdür. Biz araşdırmamız zamanı bunun şahidi olduq. Əfsus ki, ölkəmizdəki dini tolerantlıq mühitindən sui-istifadə edən qüvvələrə bəzi məmurlar aşkar şəkildə dəstək verirlər. Hətta bəzi məmurların özləri və övladları belə artıq bu kimi zərərli vərdişlərlə məşğuldurlar. Bu yolla bir tərəfdən insanların pulu alınır, digər tərəfdən beyinlərdə məkirli və hiyləgər inqilablar yetişdirilir. Bu, çox təhlükəlidir. Əgər bunun qarşısı zamanında alınmasa, dövlətçiliyimiz gələcəkdə ciddi problemlə qarşılaşa bilər. Unutmaq lazım deyil ki, Allah-Təala da məzhəblər arasında təfriqə salanları sevmir və onları lənətləyib”.
Aqil LƏTİFOV





06.03.2012     Çap et  Çap et