525-ci qəzet

“Azərbaycan mədəniyyətlərarası dialoq üçün körpü rolunu oynayır”



Azərbaycan Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyənin Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) əməkdaşlığı çərçivəsində dünən Gülüstan Sarayında “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində dəyişikliklər və transformasiyalar” mövzusunda İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin III forumu keçirilib. Mərasimdə Azərbaycan dövlət rəsmiləri, nazirlər, müxtəlif ölkələrdən gəlmiş 100-dək dövlət xadimi, millət vəkilləri, diplomatik nümayəndələr, ekspretlər və başqa qonaqlar iştirak ediblər. Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tədbiri giriş sözü ilə açaraq forumun əsas məqsədinin İslam ölkələrində daxili və xarici siyasət sahəsində mühüm dəyişikliklərin və tarnsformasiyasının tətbiqi üçün səmərəli təklif və tövsiyələr hazırlamaq, yeni islahat modellərini təklif etməkdən ibarət oluğunu deyib. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev forumun böyük əhəmiyyətinin olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın son zamanlar mühüm əhəmiyyət kəsb edən beynəlxalq forumların mərkəzinə çevrildiyini söyləyib. R.Mehdiyevin fikrincə, dünya birliyinin qarşısında duran çağırışlar siyasi elitanın və qərar qəbulunda öz tövsiyələrini verən “beyin mərkəzləri”nin daha səmərəli əməkdaşlığını tələb edir”. Onun sözlərinə görə, belə əməkdaşlıq önləyici tədbirlər görməyə, strateji təşəbbüsü ələ keçirməyə imkan verir: “Bakıda təmsil olunan ekspertlərin tərkibi, nüfuzu və sayına görə Forumu yalnız İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin deyil, ümumilikdə qlobal məkanda həmkarların mövcud çağırışlarına ortaq cavab axtarışı, açıq beynəlxalq dialoq adlandırmaq olar”. Prezident Adminstrasiyasının rəhbəri dünyanın çoxsaylı ölkələrini əhatə edən Forum iştirakçılarının potensialı və dəyərli təcrübəsinin dövrümüzün üzləşdiyi çağırışlara dair səmərəli fikir mübadiləsinin aparılmasına, əməkdaşlığın intensivləşməsinə imkan yaradacağına inandığını bildirib. Ölkəmizin əldə etdiyi nailiyyətlərdən, inkişafdan danışan R.Mehdiyev Azərbaycanın qarşıdakı 10 ildə ümumi daxili məhsulu 2 dəfə artırmağı nəzərdə tutduğunu qeyd edib. O, İlham Əliyevin yürütdüyü siyasətin gələcək perspektivlərə planlaşdırıldığını dilə gətirərək, bunun nəticəsi olaraq Azərbaycanın yüksək sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycanın elmi, mədəniyyəti ilə dünyada əvəzsiz rol oynadığını nəzərə çatdıran Adminstrasiya rəhbəri ölkə iqtisadiyyatının yalnız neft sektorundan asılı olmadığını vurğulayıb: “Azərbaycanda iqtisadiyyat çoxşaxəli inkişaf edir və neft asılılığı aradan qaldırılır. Dövlətimiz elm və biliyə çox həssas yanaşır. Çünki elm və təhsil ölkənin gələcyi üçün müstəsna yerə malikdir. Buna görə də təhsil sahəsində ölkədə mühüm işlər həyata keçirilir. Azərbaycanın hazırda çoxsaylı gəncləri xarici ölkələrdə təhsil alırlar və onlar qayıtdıqda ölkənin inkişafına öz töhfələrini verəcəklər. Bu, bir faktdır ki, artıq Azərbaycan müxtəlif xalqlar arasında mədəniyyətlərarası dialoq üçün körpü rolunu oynayır. Məhz bu kimi addımlar Azərbaycanın regionda nüfuzunun artamasına şərait yaradır”. Xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, son 20 ildə Azərbaycanın yürütdüyü xarici siyasət kursuna baxsaq, bu kursu üç sözlə – coğrafiya, geologiya və geosiyasət şəklində xarakterizə etmək olar. O, Azərbaycan enerji xətlərinin şaxələnməsinə çox mühüm töhfə verdiyini blidirib. Nazir bütün bu layihələrin Azərbaycanın etibarlı tərəfdaş olmasını göstərdiyini deyib: “Bütün bu enerji layihələri Azərbaycanın çox etibarlı tərəfdaş olduğunu söyləməyə əsas verir. Azərbaycanın beynəlxalq arenada uğurlarına misal olaraq BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycanın namizədliyinin dəstəklənməsini göstərmək olar. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin qlobal çağırışlara – terrorizmə, insan alverinə və digər qlobal təhlükələrə qarşı mübarizədə aktiv iştirak etməyə imkan verir. Biz qonşularımızla xoş münasibətlər qurmuşuq. Lakin bizim regionun inkişafına mane olan səbəb var, bu, Dağlıq Qarabağ münaqişəsidir”. BMT Təhlükəsizlik Şurasının bu problemlə bağlı 4 qətnamə qəbul etdiyini xatırladan xarici işlər naziri buna rəğmən Azərbaycan torpaqlarının hələ də işğal altında qaldığını, məcburi köçkünlərin öz evlərinə qayıda bilmədiyini bildirib: “Bu situasiya ikili standartların mövcudluğundan xəbər verir. BMT-nin digər qətnamələri icra olunsa da, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamə hələ də icra olunmayıb. BMT qətnamələri Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa və qaçqınların öz torpaqlarına qayıtmasına çağırır. Təəssüf ki, biz həmin qətnamələrin həyata keçirilməsinə nail ola bilmirik. Halbuki hamı Azərbaycan ərazilərinin işğal altında olduğunu, əhalinin etnik təmizlənməyə məruz qaldığını etiraf edir. Həqiqətən bu, çox ağır və həssas mövzudur. Fikrimizcə, Ermənistanın qoşunlarının Azərbaycan ərazilərindən çıxması və məcburi köçkünlərimizin öz Vətənlərinə qayıtmaları üçün danışıqlarda irəliləyişin əldə olunmasına hər cür səy göstərilməlidir”. E.Məmmədyarov ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də toxunub. O, münaqişənin sülh yolu ilə həllinə çalışdıqlarını söyləyib: “Bizim bütün səylərimiz danışıqlarda tərəqqinin əldə olunmasına, torpaqlarımızın azad olunmasına, məcburi köçkünlərin öz evlərinə qayıtmasına yönəlib. Lakin hələ də danışıqlar prosesində tərəqqi əldə olunmayıb. Həmsədr ölkələr yeni baza prinsipləri təqdim ediblər və Azərbaycan onları sülh sazişinin əldə olunması üzrə işlərə başlanılması üçün böyük stabilliyə və danışıqlar prosesində irəliləyişə gətirib çıxaracaq yaxşı baza kimi qəbul edib. Erməni tərəfi isə yenilənmiş prinsipləri qəbul etməkdən imtina etdi. Bütün səylərdən sonra biz danışıqlarda irəliləyişə nail ola bilməmişik. Bu, çox vaxt regionda status-kvonun saxlanmasına çalışan və Azərbaycan ərazilərindən qoşunların çıxarılması ilə razılaşmayan erməni tərəfinin qeyri-konstruktiv mövqeyi üzündən baş verir. Bu münaqişə sülh yolu ilə həll olunmalıdır. Bəzən qoşunların təmas xəttində tərəflər arasında məsafə 60 metr təşkil edir ki, bu da təhlükəsizliklə bağlı narahatlıq yaradır. Düzdür, bu ilə hər üç həmsədr ölkədə, eləcə də Ermənistanda da seçkilər keçiriləcək. Və heç kəsə sirr deyil ki, seçki dövrü başlayanda danışıqlar aparmaq asan olmur. Asan olmayacaq, lakin biz sülh danışıqlarını və saziş imzalanmasını uzatmamaq üçün bütün imkandan istifadə etməyə hazırıq. Azərbaycan tərəflər arasında etimad mühitinin formalaşdırılmasına tərəfdardır. Biz adi məntiqdən çıxış edirik – tərəflər arasında divar çəkmək səmərəsizdir. Beynəlxalq birlik də bu məntiqi dəstəkləyir”. Onun sözlərinə görə, şərt kifayər qədər sadədir – hamı etiraf edir ki, başqa dövlətin ərazisində xarici qoşunların olması qətiyyən yolverilməzdir, irəliləyiş mərhələli şəkildə əldə edilməli və ilk addım Ermənistanın qoşunlarının işğal olunmuş ərazilərindən çıxarılması olmalıdır. Nazir Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycana verdiyi dəstəyə görə islam dövlətlərinə təşəkkürünü də bildirib. TASAM sədri Süleyman Şensoy Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu bildirib. Fransa ilə Türkiyə arasında yaşanan son olayları xatırladan S.Şensoy bu məsələdə Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu və bu dəstəkdən razı qaldıqların diqqətə çatdırıb. Onun sözlərinə görə, İslam ölkələri öz rolunu yaxşı oynayaraq beynəlxalq arenada daim bir-birinə dəstək olmalıdırlar. İƏT Baş Katibinın xüsusi nümayəndəsi Ömər Orhun belə tədbir təşkil etdiyi üçün azərbaycan dövlətinə minnətdarlığını çatdırıb. O, müsəlman ölkələrinin mütəmadi olaraq belə toplantılar keçirilməsinin zəruri olduğunu vurğulayıb. Müsəlman ölkələrinin çox böyük dəstəyə ehtiyac duyduğunu xatırladan Ö.Orhun İslam ölkələrinin vətəndaşlarının problemlərinin daim diqqət mərkəzində saxlanılmasının zəruriliyini deyib. O, İslam dünyası ilə Qərb arasında sıx əlaqələrin qurulmasının da vacibliyini diqqətə çatdırıb. Daha sonra çıxış edən İslam İnkişaf Bankının strateji planlaşdırma departamentinin direktoru Məhəməd Rafe bin Yusif, Ərəb Dövlətləri Liqasının Avropa departamentinin rəhbəri Omniya Taha, Bəhreyn Strateji, Beynəlxalq və Enerji Araşdırmaları Mərkəzinin sədri, Bəhreyn Kralının diplomatik məsələlər üzrə müşaviri Məhəməd Əbdül Qaffar, Malayziya Beynəlxalq İslam Universitetinin rektoru Zaleha Kamaruddin, Küveytin strateji araşdırmalar mərkəzlərinin rəhbəri Sami əl-Fərəc, İslam Araşdırmaları üzrə Oksford Mərkəzinin rəhbəri Fərhad Əhməd Nizam və başqaları belə forumların vacibliyin diqqətə çatdıraraq, bu tədbirlərin İslam ölkələrini bir-birinə daha da yaxınlaşdırdığını deybillər. Onlar dünya neftinin, qazının ödənilməsində İslam ölkələrinin böyük çəkiyə malik olduqlarını bildirərək, “Beyin mərkəzləri”nin rəhbərləri bu formatda görüşlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar. Forum öz işini “Sosial-iqtisadi dinamika və siyasi dəyişikliklər”, “Milli və xarici siyasətin inkişaf icmalı”, “Dövlət idarəetməsində idarəetmə və innovasiyalar” sessiyaları üzrə davam etdirib. Bu gün forum iştirakçıları islam ölkələrində münaqişələrin sülh yolu ilə nizamlanması, həmçinin yeni “beyin mərkəzləri”nin yaradılması, onlara dəstək məsələlərini müzakirə edəcəklər. Forumun yekununda bir sıra sənədlər, o cümlədən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Misir, Pakistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın müvafiq qurumları arasında əməkdaşlıq haqqında memorandumlar imzalanacaq.
Aqil LƏTİFOV




03.03.2012     Çap et  Çap et