525-ci qəzet

“İdman ili”ndə Respublika stadionu möhtəşəm görkəmdə olacaq



2012-ci ilin ölkəmizdə “İdman ili” elan edilməsi, üstəlik Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyinin irəli sürülməsi idman qurğularında da yenidənqurma işlərinin aparılmasını labüd edir. Buna görə Azərbaycanın bir nömrəli arenası yenidən qurulur. Söhbət tanınmış hakim Tofiq Bəhramovun adını daşıyan Respublika stadionundan gedir. İdman qurğusunun rəsmi açılışı 1951-ci ilin 16 sentyabrında keçirilib. Tikintisinə 1939-cu ildə başlanılsa da, Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar stadionun tikinti işləri yarımçıq qalıb. Tikinti işləri yalnız müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra azarkeşlərin ixtiyarına verilib. Alman hərbi əsirləri tərəfindən tikilən arena əvvəlcə Stalinin, 1956-cı ildən isə Leninin adını daşıyıb. Ancaq müstəqilliyin ardından stadion dünya şöhrətli hakim Tofiq Bəhramovun şərəfinə adlandırılıb. 60 yaşlı stadionda vaxtilə Anatoli Banişevski, Ələkbər Məmmədov və başqa tanınmış futbolçular oynayıb. 1966-cı ildə “Neftçi” məhz bu qurğuda Moskva “Spartak”ı üzərində 3:0 hesablı qələbə qazanmaqla SSRİ çempionatında bürünc medala sahib olub. Respublika stadionunun 3-4 ay sonra möhtəşəm görkəmdə olacağı gözlənilir. İdman qurğusunun beynəlxalq standartlara uyğun qurulması üçün Prezident İlham Əliyevin sərəncamına əsasən 10 milyon manat ayrılıb. Arenanın yenidən qurulmasında Azərbaycan və Koreya mütəxəssisləri çalışırlar. Gənclər və İdman Nazirliyinin nəzarətində stadionda yenidənqurma işləri yüksək səviyyədə aparılır. Stadion direktoru Akif İsmayılov Supersport.Az-a açıqlamasında arenanın azarkeş tutumunun 29 mindən 32 minə çatdırılacağı haqda məlumat verib. Tribunaların üstü qapalı olacaq. VİP oturacaqlarının sayı artırılaraq 1000-ə çatdırılacaq. Bunun üçün tribunaların yuxarı hissələrində də 14 qapalı yer nəzərdə tutulub. Mətbuat nümayəndələri üçün 520 nəfərlik məkanın ayrıldığını da qeyd etmək yerinə düşərdi. Jurnalistlərin əvvəl oturduqları yer indi fərqli görkəmdə olmaqla yanaşı, fasiləsiz internetlə təmin olunacaq. Bundan başqa, oyunların canlı nümayiş etdirilməsi üçün 8 yayım otağının tikilməsi planlaşdırılıb. 4 komanda üçün müasir standartlara uyğun paltardəyişmə otaqları istifadəyə veriləcək. Yeniliklərdən biri də futbolçuların meydana açılıb-bağlanan tuneldən daxil olması ilə bağlı olacaq. Meydançanın durumuna gəlincə, hazırda yenidənqurma ilə əlaqədar qazon təbəqəsi götürülərək betonla əvəzlənib. Ölkə iqliminə uyğun olaraq yeni salınacaq ot ortüyünün altında alman texnologiyasına məxsus isitmə sistemi quraşdırılacaq. Stadion rəhbəri bildirib ki, Koreya istehsalı olan və 2010-cu ildə stadionda quraşdırılan tablo işlər başa çatandan sonra yenidən yerinə qoyulacaq. Həmçinin, tribunalar bu ölkəyə məxsus oturacaqlarla təmin olunacaq. Direktor, sonda yenidənqurma işlərinin may ayının axırı və ya iyunun əvvəllərində başa çatdırılacağını vurğulayıb: “Allahın köməyilə işlər öz axarında gedir. Mənə elə gəlir ki, planlaşdırılan vaxtda stadion təhvil veriləcək”.
Anar CƏFƏRSOY




03.03.2012     Çap et  Çap et