525-ci qəzet

ORALARDA KİMLƏR VAR:kulis.az-dakı Dostlar


 
İstedadlı qələm sahibi, kulis.az yazarı Elmin Həsənliyə təxminən bu məzmunda bir e-mail göndərirəm: hörmətli Elmin bəy, “4 bucaq” proyektindən mən öz imzamı geri çəkirəm və sizin bütün yaradıcılara uğurlar arzulayıram. Sizinlə birlikdə keçirdiyim günlər unudulmaz günlər idi.
Təxminən belə bir e-mail.Təxminən deyirəm ona görə ki,e-maili arxivimdən silmişəm.
Elmin Həsənli mənə yazır: Seçim sizindi.Biz sizin seçiminizə hörmətlə yanaşırıq.
Üstündən isə növbəti “4 bucaq” proyektində oxuyuram:
Bəri başdan onu deyim ki, “4 bucaq” komandasında dəyişiklik (??????????????? suallar mənimdi T.A.) olub. Bundan sonra yazar Murad Köhnəqalanı da ( bəs niyə “da” T.A.)   “4 bucaq”da görə biləcəksiniz.Elmin HƏSƏNLİ
Baxın: mənim yazdığım nə,Elmin bəyin yazdığı nə :dəyişiklik olub.
Vəssalam.

...hər gün işə gələndə bir mağazanın yanından keçirəm və hər gün də ( bu yazını yazana qədər,yəni sevimli Elmin Həsənlinin məni yenidən kulis.az. saytının “4-bucaq” proyektinə çağırana qədər və mən artıq bilirdim ki, bu proyektdən imzamı çəkəcəm və çox sədaqətlə mənə müraciət olunmanı gözləyirdim ki,o da oldu) o mağazanın vestübülündə vilvet parçadan gözəl bir kostyum asıldığını görürdüm.Bu təbii,reklam idi.Bir neçə gün beləcə bir neçə dəqiqə o kostyuma baxıb,içəri girməyə   cürət eləmirdim. Çünki...O kostyumu alacaq maddi durumum yox idi.Olsa da boğazımdan kəsməli idim.
BURADA BİR PARANTEZ AÇAQ :
 “18 dekabr 1969-cu il. Yeni filmin rejissoru Jan Pyer Melvil və Burvil çəkilmiş kadrlara baxırlar. Polis rolunda Con Forsayt oynayır.Melvil Burvilə deyir: “Forsayt görünən kimi sizə toxunacağam.Bax, yeni filmdə siz belə olmalısınız”.
Forsat görünən kimi Burvil özünü saxlaya bilmir.Melvilə pıçıldayır : “ Axı Forsayt çox qəşəngdi.Mənsə yox.Bir də o çox gözəl geyinib”.
“Siz də qəşəng görünəcəksiniz.Bax, elə onun kimi eleqant,onun kimi qəşəng”.
Onlar nahara gedirlər. İlk dəfə olaraq Burvil öz xəstəliyindən söz açır. Melvil onu sakitləşdirir. Deyir: “Forsayt xərçəng xəstəliyi keçirə-keçirə on filmdə çəkilib.Onun xərçəngi lap pisindən olub”.
Səhərisi Melvil Burvili öz dərzisinin yanına aparır. Onun üçün italyan dəbində qəşəng bir kostyum sifariş edir. Burvil uşaq kimi sevinir.Kostyumu geyinəndə “MƏN HEÇ ZAMAN BELƏ QƏŞƏNG GEYİNMƏMİŞƏM.NECƏ BİLİRSİZ, FİLM QURTARANDAN SONRA MƏN BU KOSTYUMU ALA BİLƏRƏMMİ?”- deyə soruşur.
Bəli, mən çox böyük ümidlə gözləyirdim ki... inşallah kulis.az. saytından xoş və bəxtəvər bir xəbər gələcək və mən də güman ki, daha bu vitrinə həsrətlə baxmayacağam.
Doğrudur bu xəbəri gözləyirdim, amma daha acınacaqlı bir xəbər gəldi.
Bu da ibarət olsun ondan ki,yenə də gözəlim Elmin Həsənlidən soruşanda ki,balam nədən mənim yazılarıma soyuq bir biganəlik var ( bunun fevral ayının soyuqlarıyla heç bir əlaqəsi yoxdu və kiçik bir etiraf da edim: mən heç vaxt kompaniya yazıları yazmamışam və işə bax ki, bu sayta göndərdiyim XOCALIDA BİR GECƏ yazım da fıs çıxdı ) Elmin gənc birisi və çox utana-utana ( təbii ki,telefonda mən bunu hiss edirdim) : abi,- dedi,- vallah, mən burada söz sahibi deyiləm, mən də redaktoram,amma onu bilirəm ki,bizim qonorar məsələmiz bir az tıxandı deyəsən.
HOPPALA...
...mən bunun nə zamansa olacağını bilirdim.Çünki kulis.az saytı heç bir gəlir gətirmədən mənim kimi şəxsi işiylə, şəxsi yazılarıyla məşğul olan bir yazara nədən qonarar versin ki...Heç lazım da deyil və haqlı da eləyirlər.Hər kəs İradə Tuncayın,Rəşad Məcidin,Aqil Abbasın yerişini yeriyə bilməz ki... Bu saytın bu qədər pul xərcləyə biləcəyinə mən əvvəlcədən şübhə etmişdim. Və həmişə də deyirdim : bax, bu bəxtəvərlik uzun çəkməz ha...
Amma bunu belə tezliklə baş verəcəyini bilmirdim və mənim də bu saytın yaradıcılarını bu tezliklə bezdirəcəyimə də inanmırdım.
Bu saytın yaradıcılarından biri haqqında mənə deyirdilər: a bala, onların ipinin üstünə odun yığmaq olmaz.Onlar etibarsız adamlardı.
Mən qulaq ardına alırdım.
Bunu da deyim ki,bu saytın baş redaktoru, gənc yazar məni bu işə şirnikdirəndə də mən buna şübhə ilə baxmışdım, çünki səbəbini yuxarıda açıqladım.
Tamam, qonorar ( təlif haqqı) məsələsini qoydum bir yana.Amma içimdə yenə də rəhmətlik Burvilin başına gələn o əhvalat, düşündüm ki, heç olmasa yanvar ayında gedən üç yazıma bəlkə bir şeylər verərlər ki, o arzuma çataram.
Bir neçə gün sonra üzümə üz bağlayıb yenə də Elmin bəyə telefon açdım,dedi ki,abi bəs sənin qonorarın var... Bu olur fevral ayının 16-da, o tarixi gündə ki,günümüzün ən populyar və modda olan yazarı İradə Tuncayın Yazarlar Birliyində “Yol Romanı” kitabının təqdimatı olacaqdı.Elmindən xahiş etdim ki,bəs sən o qonorarı al və mənə gətir.Mümkünsə, əlbəttə.Elmin bəy də ,Qan Tural da təqdimata gəldilər və Elmin bəy mənim təlif haqqımı gətirdi,baxdım ki,arzumun yarısı həll olunur. 
Amma artıq mən bu mavi arzunun dalınca düşməkdən vaz keçsəm də, yenə də o mağazanın vitrininə baxıb yoluma davam edirdim.
Sonunda düşündüm ki, bu YÜZ ALTMIŞ MANATA (maaşım bu günlərdə artandan sonra olub 181 manat) olan vilvet kostyumu necə əldə edə bilərəm.
AHA TAPDIM...
 ...iş yoldaşlarımdan bir neçəsinə bir təklif götürdüm.Dedim ki,yoldaşlar bir kostyum var, gəlin belə eləyək, kimə şalvar lazımdısa o kostyumu alaq, şalvarı o götürsün, mənə də pencək lazımdı.
Bir nəfər təklifə razı idi ki, məlum oldu ki, bəs ona da pencək lazımdı, şalvarı istəmir.
Bu da belə fıs çıxdı.
Olmayanda olmur,qardaşlar.Olmur.
Daha dərd eləməkdən keçdi.
Olmadı olmadı, daha nə dərd eləmək. Təbii ki,özümə təsəlli verə–verə dərd eləməyinə eləmədim və bir çox illər öncələri xatırladım ki, a balam, Bakıda ilk vilvet geyinənlərdən biri olmusan,barmaqla göstəriblər və hətta indi də xatırlanır bu.Nə olsun ki, indi sən bu vilvet kostyumu ala bilmirsən.
Xeyr əfəndim, məsələ burda təkcə vilvet kostyumda deyil, işin dərin qatını açmaq daha çətindi. Və bu ağır güzaran içində insanın,özü də yetmişi keçmiş bir insanın dərdinə şərik ola biləcək bir insan tapmaq çox zor bir işdi və inanın ki, mən Burvilin o kostyum arzusunu da kulis.az. saytının gözəl yaradıcılarına misal çəkəndə də, onların reaksiyası çox üzdən oldu.
Bax, dəxli olmadığı üçün də bu günə qaldım. Yəni birdəflik kulis.az məni çox mədəni surətdə öz sıralarından çıxdaş elədi. Yəni bir az da dəqiq desəm:
NECƏ YƏNİ MƏDƏNİ
SURƏTDƏ ?
sevimli Qan Tural, o Qan Tural ki, baş ucumda “Mustafa”sı, yavaş-yavaş oxuyuram,(Yazdığı avtoqrafı saxlayaq daha bəd günə) bir neçə dəfə telefonuma cavab vermədi, bir neçə dəfə yazılardan bir neçəsinə şərhlər yazdım və bir dəfə də zarafatla Zəki Müren haqqında olan bir yazıya şərh yazdım ki, bilmədiyiniz şeyləri yazmayın.Yazırsınız : Adam arvad imiş kişi olub,kişi imiş arvad olub. Adam öz diliylə deyir ki, mən Türkiyə Ordusu sıralarında xidmət etmişəm. Bundan dərsinizi alın.
Doğrusu bu xəbər məni incitdi və mən də zarafatla yazdım ki, bəs sizi məhkəməyə verəcəm, adam haqqında olan şeyləri yazın...
Sonra yenə də Nazim Hikmət haqqında bir şeylər yazdılar, mən də bunun əksinə bir şeylər yazdım. Qadasını aldıqlarım heç bir vnimaniya vermədilər, amma Şərif Ağayar bu işin “günahkarı”,yəni Nazim haqqında yazan gözəl nasir və şair, mənim şərhimin içindən yox, onunla telefonda danışığımdan gözəl bir yazı yazdı, kulis.az da onu həmən yayınlatdı.
Məni bu məsələdə incidən bir şey də var.
O maraqlı günlərdə,yəni kulis.az-lı günlərdə ordan çıxıb evə qayıdanda baxdım ki, bir xanım əfəndi körpə uşaqla bu saytın yerləşdiyi binanın pilləriylə qara nəfəs yuxarı qalxır və soruşdum ki, bəs lift işləmir?
Yox,- dedi.
Təbii ki, doqquzuncu mərtəbədə yaşayan bir insan olaraq mənim liftdən çəkdiyimi heç kəs çəkməyib.Gör nələr çəkmişəm ki, sevimli dostumuz Orhan Aras mənimlə görüşmək istəyəndə deyirdim: Allah xatirinə gəl bizim evin yanına. O da ərinmədən gəlirdi və bir gün soruşdu: əfəndim, sən nədən bu evinizin yanından başqa yerə getmirsən?
Məsələdən onu agah elədim: Orhanciyim,bizim liftimiz (asansorumuz) çox tez-tez bozulur və torunlarım küçükdür,ilişib içində qalırlar,onları ordan çıxarmaq lazımdı.Ona görə də gərək yaxında olam.
Adam o qədər güldü ki...Sonra Almaniyada bu lətifədən (həqiqi lətifədən) bir yazı da yazdı.
Kulis.az-dan ayrılıb aşağı endim, baxdım ki,qapılar aralı qalıb, bir toxundum,iki toxundum...Lift çalışmağa başladı.
Və mən tənbəllik eləməyib bunu da qadasını aldığım Qan Turala, o Qan Turala ki,başucumda onun “Mustafa”sı, ona dedim.
Tural dedi ki,abi, liftdən bir yazı yaz də...
Bilirsiniz niyə belə demişdi.Keçmiş olsun, “4 bucaq” proyektində qoyulan məsələlərdən birində, demişdim bu liftlərdən danışaq.
Yanan yerimdi axı!
Qardaşım,bizim liftlər sevişmə məskəni... tualet...zibil qabı... külqabı... qalx yuxarı... düş aşağı oyuncağı...daha nə bilim nələr...
Nə demiş ulu Sabir : harda müsəlman görürəm qorxuram.    
Bir şey anladınızmı?
NOT: kulis.az-da keçən az
görüşlərdə ilk dəfə tanış
olduğum istedadlı qələm sahibi İlqar Rəsul bəyəfəndi ilə,
tanınmış yazarlar Günel
Mövludla,Elmin Həsənli ilə, Ağa Cəfərli ilə və təbii ki, Qan Turlla birlikdə keçən saatlar ömrə
yazılası günlər idi.
Tofiq ABDİN,
[email protected]
tofigabdin.com





Mənbə: Tofiq ABDİN03.03.2012     Çap et  Çap et