525-ci qəzet

Hər şeyi görən göz


 
Mövlanə Məhəmməd Füzuli qəzəllərində klassik Azərbaycan-türk şeirinə xas bir cəhət – Gözəlin üz cizgilərinin vəsfinin dərin rəmzi mənalar kəsb etməsi, eləcə də məhz bu təsvirlərdə poetik təxəyyülün intəhasız üfüqlərə baş vurması bütün aydınlığı ilə görsənir. Füzuli şeirində hər bir üz cizgisi canlanıb qeyb aləmi, varlıq, kainat, müqəddəs yazı, ilahi eşq, insan taleyi, onun mənəvi kamillik yolundakı çətinlikləri ilə yanaşı, həm də gündəlik həyat qayğıları, dünyəvi aşıq-məşuq münasibətləri, təbiət təsvirləri və s. ilə bağlı çeşidli səhnələrin ifaçılarına çevrilir. Təsvir edilən üz cizgisinin poetik obrazlarının bolluğu həmin cizginin funksiyası, sayı, şəkli, rəngi, başqa cizgilərlə əlaqəsi ilə sıx bağlıdır. Bu baxımdan poetik təxəyyülə ən geniş imkanlar yaradan üz cizgisinin məhz gözlər olmasını söyləsək, səhv etmərik. Say baxımından geniş mənalara yol açan qoşa gözlər özündə həm də dərin irfani mənalar ifadə edən və poeziyada mühüm rəmzlərə çevrilən kirpikləri, göz ağını, göz qapağını və göz bəbəklərini birləşdirdiyindən, eləcə də klassik poeziyada mehraba, qoşa yaya (qaba-qövseynə) çox bənzədilən qaşların bilavasitə yaxınlığında olduğundan Füzuli lirikasında ən çox müraciət edilən öz cizgisi sayıla bilər. Digər tərəfdən, gözlərin həm də göz yaşları ilə əlaqələndirilməsi şiəliyin Kərbəla kimi gözü yaşlı bir torpağında dünyaya göz açmış şairin poetik dünyasına təsirsiz ötüşə bilməzdi. Füzulinin böyüyüb boya-başa çatdığı torpaqda – Mesopotamiya qədim dövrlərdən “Hər şeyi görən Göz” ilahələrinə ibadət edilib. Bundan əlavə, çox güman ki, Füzulinin mənsub olduğu orta əsrlər şiə mühitində qadınların hicaba bürünərkən gözlərindən başqa hər yerlərini örtməsi, gözlərə olan marağı, onların vəsfi üsullarını daha da artırmışdır. Ayrıca olaraq, Qurani-Kərimdə gözlərlə bağlı motivlərin bolluğu, gözün həm də Allahın basir (hər şeyi görən) sifəti ilə bağlılığı, ilahi feyzin lütfkar bir baxışla ifadəsi, Allahın özünü göstərməsinin ilahi təcəlli (manifestasiya) tərzində olması, “qəlbin gözü” kimi bir deyimin dərin məna tutumu və s. də gözlə bağlı poetik deyimlərin bolluğuna gətirib çıxarmışdır. Füzuli irsi irfani düşüncə və təsəvvüflə sıx bağlı olduğundan onun gözlə bağlı obrazlarında “vəhdət və kəsrət”, “bəzm-i əzəl”, “kənz-i məxfi”, “Nur-i Məhəmməd” kimi geniş yayılmış sufi anlamları ilə yanaşı, bəzi sufi rituallarının (məs. xirqə cırmaq) da təsirini görmək mümkündür. Digər tərəfdən, bəzi Sufi dairələrində Gözün özünün makroaləmin ontoloji təbəqələrinin və ruhi dərəcələrinin kiçildilmiş forması olması söylənilmişdir; burada göz mülk aləmini (görünən məcazi aləmi), göz qişası ətrafındakı qara dairə məlakütü (mənalar və ruhlar dünyası), qız qişası özü cəbərutu (ilahi adların Məhəmməd həqiqəti ilə birləşdiyi bərzəx aləmi), göz bəbəyi isə Lahutu (Ilahi Zat) təcəssüm etdirmişdir. Bu yazılardan məqsəd Füzuli şeirində gözün vəsfi ilə bağlı obraz və mənaları araşdırmaq, onların mümkün qaynaqlarını, xüsusilə Qurani-Kərimlə bağlı məqamlarını üzə çıxarmaq, şairin qəzəllərində geniş yer tutan gözlə bağlı dixotomlar (göz-qəlb, göz-qaş, göz-ağız, göz-saç, göz-üz, göz-xal) arasındakı məna əlaqələrinə aydınlıq gətirməkdir. Füzuli şeirində gözlərin vəsfi ilə bağlı mənaları ilkin olaraq aşağıdakı kimi qruplaşdıra bilərik: Allahın basir (hər şeyi görən) sifəti və ilahi baxışın feyzi; Allahı görməklə bağlı sufi təsəvvürləri; Yaradılışla bağlı “bəzm-i ələst” sufi rəvayəti; Yaradılışla bağlı “kənz-i məxfi” deyimi; Bədən və ruhla bağlı deyimlər; Yaradılışın əsasında dayanan ilkin gövhərlə (Nur-i Məhəmməd) bağlı deyim; Sufizmdə sirrin gizli saxlanması; Şərab rəmzi və ilahi vəcddən yaranan məstlik anlamı; İlahi lütfə yetişmək mənasına gələn və İncildən qaynaqlanan “damən tutmaq” (üst geyiminin ətəyini tutmaq) deyimi; Hicab anlamı; İlahi vəcdi ifadə edən, Tövrat və Qurandan qaynaqlanan “çak-i giriban” (paltarın yaxasını və ya sinəni cırmaq) deyimi; Fitnə və ğəmzə anlamları; İlahi yazı, Lövh-i məhfuz və qələm anlamları; “Qəlbin gözü” anlamı...
Bütün bu anlamlar Füzuli şeirində misilsiz poetik obrazlar və dixotomlar, göz-qəlb qarşılaşmaları, göz yaşı və atəşin ah təzadları, döyüş səhnələrinə aid ox, yay, xəncər rəmzləri, kainat və təbiət, göy cisimləri ilə bağlı mübaliğələrlə ifadə edilmişdir. Bu obrazlarda gözlərin Kimyagər, Sahir (Sehrkar), Fəttan (Fitnəkar), Ğəvvas, Cadugər və s. adlanması da məna çalarlarının, xüsusilə irfani mənaların rəngarəngliyindən xəbər verir.
Füzuli şeirində gözlə bağlı mənaların zənginliyi və çoxçalarlılığı şairin bu hiss orqanı ilə bağlı xüsusi təsəvvürlərinin olmasını düşünməyə sövq edir. Bizə bunu açıqlamağa şairin başqa bir əsəri – fars dilində yazdığı alleqorik tibbi-psixoloji traktat olan Səhhət və Mərəz kömək edir. Məsələ burasındadır ki, insanın beyinlə əlaqəli 10 duyğu hissinin – “beyin muzdurların”ın olduğunu söyləyən Füzuli onların bir qismini gözlə, daha doğrusu həqiqi və xəyali görmə hissi ilə əlaqələndirir. Şairin xəyalı görmə prosesi ilə əlaqələndirməsi onun poeziyasında gözlə bağlı obrazların bolluğuna gətirən amillərdən biri sayıla bilər. Digər tərəfdən, Füzuli poeziyasında xəyali obrazların bolluğu, yəni Əbdül-qahir Curcaninin “təxyil” adlandırdığı sənətin güclü əks olunması müşahidə olunur. Görünür, şair özü də bu hala biganə qalmamış, xəyalını daim hərəkətə gətirən və şeirlərinə süzülən bu görüntülərin, səhnələrin yaranma prosesi barədə düşünmüşdür. Təsadüfi deyil ki, Füzuli şeirində təbii gözün arxasında bir çox hallarda xəyalın gözü dayanır.
Füzuli şeirinin möhtəşəm irfani tutuma malik olması danılmaz bir faktdır. Amma bu tutum, yəni təsəvvüf təliminin yuxarıda göstərdiyimiz nəzəri-fəlsəfi anlamları çoxlaylı poetik deyimin alt qatlarında gizlənir. Üzdə olan isə misilsiz sənətkarlıq, hisslərin coşqunluğu və təbiiliyi, şair qələminin çəkdiyi misilsiz xəyali səhnələrdir. Nəsib Göyüşovun dediyi kimi, Füzuli “ənənəvi rəmz və deyimləri donuq ehkam və dəyişməz qəlib kimi saxlamır, hər bir rəmzi ifadəyə və bədii deyimə yeni-yeni incə məzmun naxışları və emosional-estetik cizgilər vurmaqla fərdi sənətkarlıq özəllikləri yaradır.”
Gözlərin Füzuli şeirində ən çox vəsf olunan üz cizgisi olmasının bir səbəbi də, yuxarıda bəhs etdiyimiz mənaların ifadəsi üçün gözlə bağlı obrazlarda geniş imkanlar olmasıdır; yəni gözün mürəkkəb quruluşu, dinamikliyi, açılıb yumulması, göz yaşları, göz sürməsi, gözün şəffaf cisim kimi ətrafı əks etdirməsi, bəd nəzərə inam, gözün qəlbin aynası sayılması, gözün həsrətlə əlaqələndirilməsi poetik təxəyyülü qanadlandırırdı. Bütün bunlar Füzulinin özünün ədəbi şəxsiyyəti, psixi durumu, mənəvi aləmi ilə vəhdətdə xüsusi bir cazibə və emosionallıq kəsb edirdi.
Füzulinin gözlə bağlı obrazlarının leksik arsenalı həm də kirpik, göz bəbəyi, göz qapağı və göz yaşlarını əhatə edib türk, fars və ərəb dində olan müxtəlif sözlərin kombinasiyasını əhatə edir. Burada rəmzləşmiş istiarələr, müxtəlif epitet və bənzətmələri əhatə edən söz birləşmələri mühüm yer tutur: Göz, çeşm, nərgis, eyn; kirpik, peykan, ox, xədəng, navek, muje; sirişk, yaş, əbr, seylab; didə, bəbək, mərdüm; göz bəyazı; pərdey-i çeşm və s.
Füzuli qəzəllərində gözlə bağlı metaforik birləşmələr o qədər çoxdur ki, onların hamısını burda göstərmək mümkün deyil: Çeşmey-i xurşid, mövc-i sirişk, çeşm-i gövhərəfşan, durr-i əşk, feyz-i nəzər, navək-i müjgan, xədəngi- ğəm, çeşm-i pürab, xəncər-i müjgan, didey-i bəxt, nərgis-i məst, çeşm-i gövhərbar, ab-i didə, əbr-i nisan, xəncər-i ğəmzə, qullab-i müjgan, seyl-i sirişk, və s. Ərəb-fars tərkibləri ilə yanaşı Füzuli qəzəllərində əşk dəryası, sınmış muje, dağılmış gövhər və s. kimi türk tərkibləri, yəni söz birləşməsinin türk dilinə uyğun şəkildə verilməsi də yer alır.
İslam dünyasında yaşamış hər bir şair kimi Füzuli də ilk növbədə müqəddəs Qurani-Kərimdən bəhrələnmişdir. Ona görə də Füzuli qəzəllərində gözlə bağlı mənaların açarı ilk növbədə müqəddəs kitabımızda, daha sonra isə sufi təlimlərində axtarılmalıdır.
Qurani-Kərimin bir sıra ayələrində Allahın hər şeyi görən olduğu söylənilir. (Al İmran, 15; əl-İsra,1; Taha, 46; əl-Şuara, 218-220; əl-Tur, 48; əl-Hadid,4.) Ortodoks İslama görə, Allah hər bir zaman insanladır və onun işlərindən xəbərdardır. (əl-Hadid, 4). Səhih hədisdə deyilir. “Allaha elə ibadət et ki. Sanki onu görürsən. Sən onu görməsən də o səni görür.” Allahın insanı görməsi, onun lütfkar baxışı və təcəllisi sufi ədəbiyyatında dərin mənalar kəsb edib varlığın xəlq olunması və mahiyyəti ilə əlaqələndirilmişdir. Füzulinin aşağıdakı beytinə nəzər salaq:
Əks-i rüxsarın ilə oldu
müzəyyən mirat,
Bədən-i mürdəyə feyz-i
nəzərin verdi həyat.
Şair birinci misrada Əksi-rüxsarın ilə oldu müzəyyən mirat (Üzünün əksi ilə güzgü zinətləndi) deməklə varlığın mahiyyəti ilə bağlı İbn Ərəbi (1240) təlimini əks etdirmiş olur. Bu təlimə görə, Mütləq Varlıq substansiya (Zat) olaraq transsedentdir. Amma O öz ad və atributları (sifətləri) ilə immanent olub varlıqlarda əks olunur. Beləliklə, kainat bütövlükdə Allahın ad və atributlarının surəti, əksidir, yəni maddi aləm Mütləq Varlığın çoxsaylı sifətlərinin bir növ kölgəsi, surəti kimidir və dünyadakı ziddiyyətlər də bu atributların müxtəlifliyindən doğur. Füzulinin Allahın Qəhhar (Qəhr edən) və Latif (Lütf göstərən) sifətlərini əsas tutub dediyi kimi,
Damədəm əks alır mirat-i aləm qəhr-ü lütfündən,
Onunçün gah küdurət zahir eylər, gah şəfa peyda.
(Dünyanın güzgüsü hər an Sənin qəhr və lütfünü əks etdirir, ona görə də (bu güzgüdə) gah küdurət, gah da şəfa görsənər.)
Digər tərəfdən, maddi aləm Mütləq varlığının özünüdərkinin bir növ vasitəsi kimidir. Mütləq Varlıq yalnız və yalnız Öz ad və atributlarının aləmdə əksi ilə öz kamilliyini seyr edir. Füzuli poeziyasına güclü təsir göstərmiş İbn Ərəbi təlimi də Qurandan qaynaqlanıb öz nəzəriyyə və təlimlərinin təsdiqini Quranda axtarırdı. Bu təlimə görə, mələkləri belə Adəmə səcdə qılmağa sövq etmiş Allahın ad və sifətləri ən mükəmməl surətdə varlığın tacı olan insanda əks olunmuşdur. İbn Ərəbiyə görə, İnsan Allahın öz yaratdıqlarını görüb mərhəmət göstərdiyi göz bəbəyi kimidir. Hər bir insan kiçik aləm (mikrokosm) olaraq bu və ya digər ilahi ad və atributu özündə əks etdirir. Amma bu ad və sifətlər tam surətdə yalnız Kamil Insanda əks olunur.
İbn Ərəbi nəzəriyyəsinin bütün islam dünyasına, xüsusilə bir çox Sufi təriqətlərinə böyük təsiri olmuşdur. Sözsüz ki, orta əsrlərin Sədi, Nizami, Rumi, Hafiz kimi fikir və poeziya nəhəngləri tək, Füzuli də vəhdəti-vücud və kamil insan barədə İbn Ərəbi təlimindən, ümumiyyətlə, irfani düşüncənin bir sıra nəzəriyyə və deyimlərindən bəhrələnmişdir. Bunu şairin qəzəllərindən gətirəcəyimiz çoxsaylı nümunələr də təsdiq edəcək. Füzulinin şiə mənsubluğunu nəzərə alıb bir məsələni də vurğulamağı lazım bilirəm; ibn Ərəbi nəzəriyyəsi şiəliyə də güclü təsir göstərmişdir.
A. Knış göstərir ki, şiə alimləri demək olar ki heç bir dəyişiklik etmədən ibn Ərəbinin metafizik və teoloji təlimlərini və “Kamil İnsan” konsepsiyasını qəbul etmişlər. Amma onların təlimində Kamil İnsanı təcəssüm etdirən müqəddəslər övliyalar deyil, şiəliyə müvafiq, imamlar, xüsusilə qeyb olmuş imam idi. Təbii ki, Kərbəla kimi şiə ideyaları ilə nəfəs alan, torpağını imamların qanı boyamış bir diyarda böyüyüb elmi biliklərə, etiqad və inanclara yiyələnmiş şairin poetik təfəkkürünə İbn Ərəbi nəzəriyyəsi həm birbaşa, həm də şiə interpretasiyası ilə təsir edə bilərdi. Bu təsirdən danışarkən, xüsusilə Mahmud Şəbüstərini qeyd etməyimiz lazım gəlir. Yuxarıdakı qəzəldə varlığın bir güzgü kimi ilahi təcəllini əks etdirməsi ilə bağlı beyti izah edərkən Şəbüstərinin “Gülşən-i Raz” əsərinə, ayrıca olaraq, bu əsərin ən mükəmməl şərhini yazmış, Füzulidən təxminən yarım əsr əvvəl yaşamış Məhəmməd Lahicinin fikirlərinə müraciət etməməyimiz qeyri-mümkündür. (Sevindirici haldır ki, bu əsər N. Göyüşov tərəfindən azəri türkcəsinə tərcümə olunub nəşr edilmişdir.) Şübhəsiz ki, Şah İsmayıl Xətainin özünün dəyərləndirib görüşünə getdiyi Lahicinin bu şərhi Füzulinin əlində olmuş, o bu dəyərli əsərin məna və ideyalarından bəhrələnmişdir.
(Ardı gələn şənbə sayımızda)
 
Aida QASIMOVA
professor





Mənbə: Aida QASIMOVA 03.03.2012     Çap et  Çap et