525-ci qəzet

QAX MƏZARLIĞI


 
2011-ci ilin 9 apreliydi. Qəbulzadələrin tarixini dəqiqləşdirmək üçün onların məzar daşlarını araşdırmaqdan ötrü Abdürrəhman bəy Qəbulzadənin dəvətiylə onunla birgə Bakıdan Qax şəhərinə yola düşdük. Vaxtımız dar olduğundan burada cəmi bircə gün qalmalıydıq, o üzdən də şəhərə çatan kimi birbaşa qəbiristanlığa yollandıq.
Qaxdakı bu məzarlıq çox qədim olsa da onun yaşını dəqiq müəyyənləşdirmək indi mümkün deyil, çünki əski çağlarda islamın istəyinə uyğun olaraq qəbir üstündə dəbdəbəli başdaşları qoymurdular ki, məzarın yeri itsin, ona görə də bu qəbiristanlıqda yaşı bir neçə yüzillə ölçülən, üstü yazılı qədim məzar daşları qalmayıb.
Elə ilkin görünüşündən bu məzarlığın üç bölümdən ibarət olduğu aydınlaşır. Aşağı hissə nisbətən köhnə qəbirlərdən, orta hissə yeni qəbirlərdən, yuxarı hissə isə əski qəbirlərdən ibarətdir. Hər hissədəki başdaşlarının və məzarüstü daşların hazırlanma texnologiyası, yazıların biçimi və naxışlama sistemi bir-birindən kəskin fərqlənir.
100-150 yaşlı məzarların bulunduğu aşağı hissədəki başdaşlarının, demək olar ki, hamısı sal çay daşlarından hazırlanıb. Onların üzərindəki yazılar ərəb dilindədir. Bir çox başdaşları sınıb və məzarlığın girəcəyinə yaxın yerdə baxımsız halda atılıb. Adi çay daşı üzərində yüksək sənətkarlıqla qazılmış yazılar və naxışlar onları dəyərli sənət əsərinə və tarixi vəsiqəyə çevirsə də, təəssüf ki, bu abidələr indi gərəksiz bir şey kimi qırağa atılıb. Örnək üçün Məhəmməd bəy Hacı Ömər bəy oğlunun başdaşını göstərə bilərəm. Çox mahir bir sənətkarın əlindən çıxmış bu qiymətli əsər hansı yollasa zorla sındırılıb və məzarından ayrı salınıb. Biz onu torpaqdan, zir-zibildən birtəhər təmizlədikdə gözəlliyinə heyran qaldıq. Burada bir neçə belə başdaşı gördük. Təbii ki, onların hamısının üstünü oxuyub qeydə almağa vaxtımız yoxdu.
Ümumən bu məzarlıqdakı əksər əski qəbirlərin üzərində yalnız başdaşı var. Heç yerdə üstü yazılı sinə daşına, yaxud sənduqəyə rast gəlmədik, çünki əskidən bəri bu yerlərdə məzarın üstünü açıq saxlamağa üstünlük verilib.
Başdaşlarındakı yazılar və naxışlar müxtəlif rənglərlə boyadılıb. Xeyli başdaşının ətrafı qızıl kərpiclə hörülüb. Görünür, bu, çay daşından hazırlanmış başdaşının üstündəki yazıların qar-yağışdan və başqa təbii təsirlərə uğrayaraq qopmaması üçün edilib. Xatırladım ki, bu üsul Oğuz – Balakən bölgəsi qəbirləri üçün səciyyəvidir. Bəzi məzarların üstündə günbəzvari tikililər var, ancaq onların çoxu artıq uçulub və yarımxaraba haldadır.
Orta hissədəki çağdaş qəbirlərin üzərində qoyulmuş, əsasən mərmərdən hazırlanan və mərhumun fotosu həkk olunmuş, ad-soyadı və doğum-ölüm tarixləri yazılmış (türkcəmizdə əski latın, kiril və yeni latın qrafikalarında) hündür başları üstünlük təşkil edir. Bu hissə səliqəli və təmizdir. Çox yerdə güllər əkilib və alaq otlarından, kol-kosdan əsər-əlamət yoxdur, çünki burada basdırılanların ailə üzvləri hələ sağdır və bu qəbirləri tez-tez ziyarət edirlər.
Qəbiristanlığın əski qəbirlərin yerləşdiyi yuxarı hissəsində isə durum sözün gerçək anlamında faciəlidir. Qaxlıların ulu babalarının əbədi uyuduğu bu müqəddəs guşə yalnız Allahın umuduna buraxılıb. Buranı görəndə, insanların öz ulularına necə hörmətsiz yanaşdığının, təhqiramiz münasibət bəslədiyinin şahidi olanda adamın ürəyi parçalanır. Qaxın tarixinə şərəflə daxil olmalı neçə-neçə böyük şəxsiyyətin dəfn edildiyi bu yer indi əsasən mal-qara otlağına çevrilib. Neçə yerdə kəndirlə bağlanmış inək, otlağa buraxılmış qoyunlar gördük. Əlbəttə, onlar olan yerdə hansı başdaşı salamat qala bilər?! Bu ərazinin yarısında, “xoşbəxtlikdən”, mal-qara otlaya bilmir, çünki... böyürtkən kolluğu hər yanı basıb və həmin kolluğu nəinki insanlar, hətta heyvanlar belə yarıb qabağa gedə bilmir. Xatırladıram: bu kolluğun altında onlarca qəbir qalıb! Deməli, burada yatanlar artıq büsbütün unudulub! Deməli, artıq neçə illərdir ki, onları ziyarət edən, üstündə Qur’an oxutduran yoxdur! Məzarlığın bu sahəsinin qorunması, təmiz və abad saxlanılması üçün heç nə edilməyib.
Başdaşlarını yaxşı oxumaq üçün Abdürrəhman bəylə bir neçə üsula əl atdıq. Yazıları aydın seçə bilmək üçün gah daşların üzərinə tabaşir sürtdük (Tiflisdəki məzarlıqda bu üsul mənə çox kömək etmişdi), gah da onları suyla islatdıq. Gördük ki, suyla islatdıqda yazılar daha aydın oxunur və sonadək bu üsuldan yararlandıq.
Təbii ki, ilk oxuduqlarımız Qəbulzadələrin başdaşları oldu, çünki Bakıdan onları deyib yola çıxmışdıq. Qəbulzadələrin şəcərəsini hazırlayan Abdürrəhman bəy bütün qohumlarının başdaşlarındakı yazıları diqqətlə köçürərək “Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri” üçün hazırladığı məqaləsində verdiyinə görə mən onlardan burada söz açmıram.
Başdaşlarını oxumağa məzarlığın yuxarı başından – əski qəbirlərin bulunduğu yerdən başladıq. Abdürrəhman bəyin göstərdiyi ilk başdaşı yuxarısında dairəvi medalyon içərisində “Kullu nəfsin zaiqətul-mout” (“Hər ruh ölümü dadır”; Qur’an, 29, 57) ayəsi yazılmış, nəbati (bitkisəl) naxışlarla bəzədilmiş “əmirəl-kərim” (kərəmlilərin başçısı) Məhəmməd bəy Hacı Abbas bəy oğlu Qəbulov’unku oldu. Əsas mətnin sağ və solunda üzüaşağı iki sətirdə ərəbcə 4 misralıq (2 beyt) şeir də yazılıb; onları oxuya bilmədik. Mətnin rəngini daşın öz rəngindən seçdirmək üçün yazılar daha çox göy və qızılı boyayla əhatələnib. Ətrafı qızıl kərpiclə hörülmüş, ancaq hörgüsü artıq uçub-dağılmağa başlamış bu başdaşının da yazısı ərəbcədir. Məhəmməd bəyin ölüm tarixi rəbiül-axir 1342 (miladi tarixlə: noyabr-dekabr 1923) göstərilib. Doğum tarixi yoxdur.
Azərbaycan Cümhuriyyəti (1918-1920) Parlamanının üzvü olmuş görkəmli ictimai-siyasi xadim, böyük ruhani və el ağsaqqalı Abdulla əfəndi Qəbulzadə’nin (1853, Qax-1943, Qax) məzarı da Məhəmməd bəyinkiylə yanaşı olsa da biz onun başdaşını heç cür tapa bilmədik, halbuki nəvəsi Abdürrəhman bəy bir vaxtlar onu burada gördüyünü bildirdi.
Oxuduğumuz ikinci başdaşı Qəbulzadələrdən “əz-zəki əl-aqil” (zəkalı və ağıllı) Hacı Məhəmməd oğlu’nunku oldu. Bitkisəl naxışlarla süslənmiş bu abidədə mərhumun 1341-ci ilin şəvvalında (may-iyun 1923) öldüyü yazılıb.
Bundan bir qədər aralıda yerləşən başqa bir qəbirdə Hacı Baba əfəndi Qəbulzadə uyuyur. Onun çay daşından hazırlanmış başdaşının üzərində qazılmış ərəbcə mətndən aydın olur ki, “məşhur alim, təqva sahibi” Hacı Baba əfəndi Molla Xəlil oğlu 1 cəmadiyüs-sani 1301-də (29 mart 1884-də) Allahın rəhmətinə qovuşub.
Böyürtkən kolluğunu çətinliklə aralayaraq onun altında sağ qalmış bir başdaşını da oxuduq. Bu, hicri 1314-cü (miladi: 13 iyun 1896-1 iyun 1897) ildə dünyasını dəyişmiş Hacı Yusuf Hacı Bilal əfəndi oğlu’nun məzarının başdaşıydı. Böyürtkən kolları onu mal-qaradan qoruduğuna görə yaxşı qalıb.
Bunlar mənim Qax şəhərinin məzarlığı haqqında ötəri qeydlərimdir.
Azərbaycan xalqının tarixinin çox önəmli bir bölümü məzarlıqlarımızdadır, çünki millətimizin ən dəyərli övladları onlarda əbədi uyuyur. Həmin məzarlıqları qorumaqla, öyrənməklə eyni zamanda tariximizi də qorumuş və yaşatmış oluruq. XX yüzilin başlanğıcında Böyük Knyaz Nikolay Mixayloviç Romanov’un (1859-1919) təşəbbüsüylə bütün Rusiyada, o sıradan Azərbaycanda şeyxülislam və müfti qəbiristanlıqlarımızda və başqa müqəddəs ocaqlarımızda araşdırma apararaq məzar daşları, məscid kitabələri və başqa abidələr üzərində görkəmli soydaşlarımızla bağlı qeydlərin üzünü köçürərək rusca tərcüməsiylə birgə Peterburqa göndərmişdilər. Bu işdə Qafqaz müftisi, görkəmli alim Mirzə Hüseyn əfəndi Qayıbzadə (1830-1917) xüsusilə seçilmişdi. Bu gün biz onun hazırladığı materiallardan yararlanmaqdayıq. İndi də bizə yeni bir Böyük Knyaz gərəkdir ki, məzarlıqlarımızı öyrənmək, onları tarixi baxımdan araşdırmaq üçün hərəkat başlatsın.
Yeri gəlmişkən, vaxt məhdudluğuna baxmayaraq şəhərin mərkəzində son illərdə aparılan abadlıq və yenidənqurma işlərinə də ötəri də olsa nəzər saldıq. Asfaltlanmış səliqəli küçələr, fışqıran fəvvarələr, şəhər sakinlərinin sevimli dincəliş yerinə çevrilmiş yeni parklar, Veteranlar bağı, xüsusilə tarixi sənət abidələri qoruğuna çevrilmiş İçəribazar küçəsi diqqətimizdən yayınmadı.
İnanmaq istərdim ki, şəhərin abadlaşdırılmasına, əhalinin istirahəti üçün tədbirlərin həyata keçirilməsinə əhəmiyyət verən rayon rəhbərliyi ulularının uyuduğu və gələcək nəsillər üçün miras qalacaq Qax şəhər qəbiristanlığının da abadlaşdırılması və qorunmasının təşkili ilə yaxından maraqlanacaq.
Ədalət TAHİRZADƏ, Bakı Avrasiya Universitetinin professoru
Tel.:+994506126813
E-mail:
[email protected]





Mənbə: Ədalət TAHİRZADƏ03.03.2012     Çap et  Çap et