525-ci qəzet

Bu qar havasında...



...Günlərdi ürəyimi söz tutub. Bu qanlı, sinəsi dağlı sözlər dillənmək havası ilə üsyan edir qəlbimdə. Bu qar havasında, çovğunda Xocalı müsibətim, Şuşa fəryadım, doğma evim- Ağdam dərdim daha artıq üşüdür, titrədir bəzən daşa dönən, bəzən də nanə yarpağı kimi əsən könlümü. Düşünürəm ki, Qarabağ müharibəsi, torpaqlarımızın işğalı ilə bağlı bir şahid kimi, yəni hadisələrin qaynar mərkəzlərindən olan Ağdamda doğulub boya-başa çatmış bir insan kimi mənim də deməyə sözüm var. Bəlkə də çox az adam bilir ki, atam Rəşid Qarabağ müharibəsinin qurbanı olub. Bunu heç kitabımda da nədənsə söyləməmişəm.

ATAM ŞƏHİD OLDU

...1992-ci ilin mart ayında Ağdam şəhərinə atılan mərmilərdən tökülən qəlpələr atamı yaraladı. Həmin anda yaşadığımız Qiyaslı kəndi də od içində idi. Belə dəhşətli bir vəziyyətdə birdən həyət qapısı açıldı və atam al qan içində içəri keçdi. Tək, köməksiz vəziyyətdə... Çünki o anda hər kəs özünün, öz ailəsinin hayında idi. Nə xəstəxana işləyirdi, nə də yaralını harasa aparmağa bir maşın tapılırdı. Evin üç oğlu isə ön cəbhədə düşmənlə savaşda idi.
Böyük qardaşım Ədalət könüllü özünü müdafiə dəstəsində, ortancıl qardaşım Nəsib polis serjantı kimi polis bölümündə döyüşürdü, balaca qardaşım Talib isə hərbi xidmətə ön cəbhəyə yollanmışdı. Nəsib müharibənin başlandığı vaxtda ilk yaralananlardan biri oldu və sağalıb yenidən cəbhəyə döndü. Talib Ağdam işğal olan ili 1993-cü ildə ağır yaralandı və ikinci qrup Qarabağ müharibəsi əlili oldu. Böyük qardaşım isə atəşkəs elan olunduqdan sonra rəhmətə getdi.
...Bacılarımla birgə heç vaxt övlad yaddaşından silinməyən bir faciəni yaşayırdım o anda. Anamla böyük bacılarım nə qədər çalışırdılar qanı saxlaya bilmirdilər. Ara sakitləşdikdən sonra atamı Gəncə xəstəxanasına çatdırdılar. Anam da onun yanında qaldı. Biz böyük bacımla Sabirabada, uzaq qohumların yanına getdik. Atam elə qoçaq, sağlam adam idi ki, inanmırdıq bu yaralardan dünyasını dəyişsin. Düz bir ay müalicə olundu, bir dəfə ani hərəkətdən yarasının tikişi söküldü və bir daha bitişmədi...
Bir qohum bizi evimizə aparmağa gəldi, dedi ki, atanız evə gəlib sizi gözləyir. Amma ürəyimə dammışdı, yuxum da başqa şey deyirdi. Yolda fikirdən ürəyim sıxıldı, evimizə çatanda isə darvazamızı taybatay açıq gördüm...
...Ruhunun gözlərində də,
Bilirəm yenə göyçəyəm.
Sən qərib, ellər didərgin-
Mən don vurmuş göyçiçəyəm.
Atam öz yurdunda torpağa tapşırıldı, bir il sonra isə eli-obası qaçqın düşdü. Özü də qərib oldu öz yurdunda, öz məzarında...

ŞAHMALI KÜRDOĞLU OĞLU ŞƏHİD OLDU

Bir dinləyici kimi mənim üçün səsi, avazı xüsusi çalarda bənzərsiz olan xanəndə Şahmalı Kürdoğlu ilə biz qonşu idik. Hərdən onun gözəl zümzüməsini eşidərdik. O qədər tutumlu səsi vardı ki, adamı valeh edirdi. Bir gün güclü mərmi səsindən hamımız təşvişə düşdük. Bir az keçmiş yola çıxdım. Bir də baxdım Şahmalının həyat yoldaşı qucağında oğlu Şahmalı qışqıra-qışqıra özünü qapıdan bayıra atdı. Uşaq tamam qana boyanmışdı. Elə sarsıldım ki, bir də baxa bilmədim. Ata-bala nar yedikləri zaman mərmi yanlarında partlamışdı. Həmin gecə başqa kənddə gecələdik. Eşitdik ki, ata-bala ikisi də dünyasını dəyişib. Bir yazı da yazmışam, “Nar ağacının fəryadı”. Səhəri gün evimizə qayıtdıq. Həyətə daxil olan kimi anam əyilib torpağı öpdü. Onda mən çox gənc idim və bu mənə qəribə gəldi.

İŞĞALINA İNANMADIĞIMIZ AĞDAM

Bu bir həqiqətdir ki, Ağdamın nə vaxtsa işğal olunacağına heç kəs inanmırdı. Çünki düşmənə ən ağır zərbələrdən biri də Ağdamdan vurulurdu. İlk dəfə “Uzun dərə” deyilən yerdən düşmənə atılan ağır artilleriyadan açılan atəşin qulaqbatıran səsindən adamlar yerindən dik atılıb çaş-baş qalmışdılar. Kiminin ürəyi getmişdi, kimi ayağıyalın bayıra qaçmışdı... Sonra düşməndən bizə bizdən də düşmənə atılan atəş səsinə öyrəşdik. Atılan mərmilərdən darvazamız dəlmə-deşik olmuşdu. Hər birimiz hər an bu güllənin qurbanı ola bilərdik və olurduq da. İstər şəhərin özündə, istərsə də kəndlərimizdə hər gün ölənlər və yaralananların sayı durmadan artırdı. İndi bu yazını yazarkən sanki o mərmilərin səsi qulağımda səslənir. Düz son günə, yəni Ağdamın işğal gününə qədər evimizdə olmuşuq. Bu o qədər də asan deyildi. Çünki kənddə bir-birinin səsinə, nəfəsinə öyrənmiş adamların, xüsusilə qadın və uşaqların sayı çox azalmışdı. Son zamanlar, xüsusilə də işıq sönən gecələrdə kənddə qorxulu bir vəziyyət yaranmışdı. Bütün bunlara baxmayaraq, anam evindən ayrıla bilmirdi və balaca bacımla mən də ondan ayrılmırdıq. Evimizin əşyalarına da toxunmağa icazə vermirdi, deyirdi evin bərəsini pozmayın...
Ağdam sona qədər vuruşdu və 6 mindən artıq ağdamlı şəhid oldu. Sonda inanmaq istəmədiyimiz bir faciəni yaşadıq, Ağdamın 70 faizi erməni terrorçularının əlinə keçdi. Sözsüz, digər ərazilərimiz kimi bu işğalda da daxili düşmənlərimizin xüsusi xidməti var idi. Ağdamın 126 min nəfərdən artıq sakini ev-eşiyindən didərgin düşdü...

DƏMİR VAQONLAR,
DİDƏRGİN KÖRPƏLƏR...

Didərgin düşəndən sonra Bərdənin Kətəlparaq kəndinə gəldik və qısa müddətdə üç yer dəyişdik. Baxdıq ki, ev-evə sığmır. Beləcə minnətsiz-filansız Bərdənin Dəmiryolu Stansiyasındakı dəmir vaqonlardan birinə yerləşdik. Yəqin ki, çadır şəhərciyi ilə bağlı eşitməyən yoxdu. Çünki bununla bağlı hər janrda yetərincə yazılar yazılıb. Amma dəmir vaqon şəhərciyi barədə şəxsən mənim yadımda heç bir yazı qalmayıb. Eşitdiyimə görə bu dəmir vaqonlar heyvan daşımaq üçün nəzərdə tutulubmuş və yəqin ki, istifadə də olunmuşdu. İndi də bu dəmir “evin” aqibətindən danışım. Ağzında dəmir deyirsən, yayda od kimi qızırdı, adamları həmişə ya onun yan-yörəsində, ya da altında görmək olardı. Qışda isə daha dəhşətli olurdu, çünki “evin” çölü ilə içi o qədər də fərqli deyildi. Mən bu dəhşət saçan dəmir vaqonda çox yaşaya bilmədim. Çünki o vaxtlar müxtəlif xəstəliklər yayılmışdı və mən də ağır xəstələndim. İyirmi gün Bərdə xəstəxanasında müalicə olundum. Sonra böyük bacım məni Bakıda məskunlaşdığı ADPU-nin 1 saylı yataqxanasına gətirdi. Neylədik anamı Bakıya gətirə bilmədik. Dedi bura evimə daha yaxındı, yurdun havasını alıram burdan, o göyün üzündə yaşaya bilmərəm... Tez-tez anamın yanına gəlirdim və bu vaqon həyatı heç məni sakit buraxmırdı. Hələ orda donan körpələr...Bir şeir də yazmışdım –”Dəmir vaqonlar, didərgin körpələr”. Nə qədər çalışıram yenə bu şeiri bütünlüklə təqdim etməyə bilmirəm...

...Əlim qələm də tutmur,
Varaq üstə qan sıza.
Qar yağır ürəyimə-
Əllərim dönür buza.

Bizi çölə atanlar,
Qu tükü arasında.
Şaxta ilana dönür-
O dəmir parçasında.

Əlini ovuşdurur,
Üzünü ovuşdurur,
Körpə gülüşlərini-
Şaxta vurur, don vurur.

Yeddibaşlı şaxtaya,
Bir cüt göz yaşı neylər?
Körpələrin xətrinə-
Allah, qışı yaz eylə.

Allaha dua etməkdən başqa adamın əlindən nə gəlirdi ki?

ƏN BÖYÜK ARZUMU
UNUTMUŞDUM


...Orta məktəbi bitirdikdən sonra ən böyük arzum ali məktəbə daxil olmaq olub. Ancaq ailədə narazı olublar, xüsusilə anam buna imkan verməyib. Sadəcə Ağdamdakı makinaçılıq kursunu bitirmişdim, bir də “Ağdam” qəzetində bir neçə şeir və məqalələrlə çıxış etmişdim. Müharibənin vurduğu zərbələrdən elə təsirlənmişdim ki, Bakıya gələndən sonra ali təhsil almaqla bağlı ən böyük arzumu belə unutmuşdum. Amma bilirdim ki, işləmək lazımdı, yollanmışdım “Ədalət” qəzetinə. Heç vaxt yadımdan çıxmaz Aqil müəllimin məhz həmin çətin anlarda təkcə mənə yox, elimizə, camaatımıza göstərdiyi qayğı. Hələ sonra çox adamlara rast gələcəkdim. Biri mədəni şəkildə başından edəcəkdi, biri soyunu-kökünü unudub qaçqını heç adam da saymayacaqdı. Və sonra da arsız-arsız Qarabağı vəsv edəcək, gənclərə göstərdiyi “qayğıya” görə hələ mükafat da alacaqdı. Çox sonralar isə belə bir şeir yarandı. “Sən də Vətənsən” adlı Aqil müəllimə, əslində isə hər kəsə ünvanlanmış həmin şeir bu günlərdə çap olundu.

...Yalançı yurd aşiqləri,
Könlümün gözünü ovub.
Mükafat, rütbə alan çox-
Qaçqını qapıdan qovub.

Dağ ürəkli, yuxa qəlbli,
Atam, səni unutmadım,
Sən də mənə bir Vətənsən-
Vətən, səni unutmadım...

Doğrudan da içində böyük Vətən sevgisi olan belə ziyalı adamların özü də bir Vətəndi. Əfsus ki, çox vaxt biz bunu hiss etmirik. Nədən ki,

Bir-birimizi görəndə sevinmirik
Unuduruq hərəmiz bir parça
Vətən torpağı olduğumuzu
Amma yerli-yersiz bar-bar bağırırıq
Daşı-torpağı necə sevdiyimizdən
Dəm vururuq...

Hə, sözüm onda qaldı axı, hər şey “Ədalət” qəzetindən başladı. Amma plansız, nəyi necə etmək lazım olduğunu bilmirdim. Uşaq idim, təcrübəm yox idi. Əslində mənim böyüməyim də bir az başqa cür oldu axı.

...Qoynu yumşaq kəndimizin
havasından, suyundan
bir ovuc qaldı içimdə
Müharibədən təkcə uşaqlığım
salamat çıxdı
Böyüyə bilmədim...

Makinaçı işləyə-işləyə müxtəlif qəzetlərdə məqalələr çap etdirirdim. Şeirlərim isə özümdən asılı olmayaraq tezliklə qəzet-jurnal sərhədlərini də aşaraq məni aparıb radio və televiziyaya çıxardı. Rəhmətlik Əməkdar İncəsənət xadimi, şair Ağalar Mirzə məni dəfələrlə Yurd həsrətli verilişlərinə çağırmışdı. Sanki yerə-göyə sığmırdım, içimdə elə bir yazmaq həvəsi vardı ki, gəncliyimin ən gözəl çağında həyatımın başqa tərəflərini demək olar ki, unutdum. Gözümə nə gənclik, nə də ağır maddi durum görünürdü. Birdən böyük arzuma doğru elə yüyürdüm ki, həyəcandan ali məktəbə daxil ola bilmədim. Amma boş dayanmayıb Bakı-Mədəni-Maarif Texnikumuna daxil oldum və tezliklə anladım ki, mənim bundan da yüksəkdə oxumağa gücüm var. Tələbə yoldaşlarımdan o qədər fərqlənirdim ki... Çünki orta məktəbdə imtahan verəndə bileti çəkib hazırlaşmırdım, elə birbaşa cavab verib qiymətimi alırdım. Texnikumu bitirən il BDU-ya daxil oldum. Doğmalarımdan təkcə bacım bildi ki, mən ali məktəbə daxil olmuşam. Çox sevindim, amma o qədər çətin tələbə həyatı yaşadım ki...
...Ali məktəbə daxil olan il – 1998-ci ildə anam o dəmir vaqonun içində xərçəng xəstəliyinə tutuldu. Anamı Bakıya gətirdik, bir müddət müalicə olundu, amma artıq iş işdən keçmişdi. Özünün bundan xəbəri yox idi və elə arzularla yaşayırdı ki, sanki qəriblikdə ölmək istəmirdi. Elə indi də düşünüb əzab çəkirəm ki, anamı o ölüm quyusunun – dəmir vaqonun içindən gərək vaxtında çıxaraydıq. Baxmayaraq ki, özü buna razı olmurdu... Anam sağ olsaydı indi Ağdamın Xındırıstan kəndində qaçqınlar üçün salınmış qəsəbədə nəvələri ilə yaşayardı və öz evinə, elinə daha yaxın olardı...

TİKANLARIN ÜSTÜ İLƏ

Hərdən düşünürəm ki, bəlkə həyatın dilini bilsəydim bu qədər əziyyət çəkməzdim. Amma tikanların üstü ilə addımlamaq sanki alın yazıma çevrilmişdi. Həmişə özümdə günah axtarsam da çəkdiyim əziyyətlərdə insanlıq anlayışı olmayan başqalarının da günahı az olmayıb. Mən qəzetdə də çalışmışam, ixtisasım üzrə M.F.Axundov adına Milli Kitabxanada da. O vaxt kitabxanada indiki pulla cəmi on iki manat əmək haqqı alırdım. Bu mənim heç yol pulumu da ödəmirdi. Həm də onda özümdən balaca qardaşım və bacımla yataqxanada balaca, yaşayış üçün nəzərdə tutulmayan sement bir otaqda yaşayırdıq. Düzdü mən işimlə bərabər bəzi qəzetlərlə əməkdaşlıq edərək az-çox qonorar da alırdım. Amma bu bizə bəs eləmirdi. O vaxt “Azərbaycan 21-ci əsr” adlı qəzet müəyyən fasilələrdən sonra yenidən nəşrə başladı və mən bu redaksiyaya işləməyə getdim. Çünki əmək haqqı kitabxana ilə müqayisədə çox yüksək idi və həm də bu mənim sevdiyim iş idi. Amma buna baxmayaraq istəyirdim ki, yarım ştat olsa da kitabxanadakı işimi itirməyim. Nə qədər çalışsam da çalışdığım “Oxucuya xidmət” şöbəsinin rəhbəri olan qadın buna razı olmadı. Çünki yeni işçi götürmək ona daha artıq sərf edirdi. İndiki ağlım olsaydı əvvəlki direktor Leyla xanıma müraciət edərdim. Artıq olan olmuşdu... Və heç bir il keçməmiş redaksiya bağlandı və mən çox ağır həm maddi, həm də mənəvi sarsıntılar yaşadım...Düzdü, mən çox yerdə işləyə bilərdim, amma Allah məni elə qəribə, utancaq yaradıb ki, özümü rahat hiss etmədiyim, sıxıldığım yerdə işləyə bilmirdim. Ürəyimə yatan işlərin isə ömrü uzun olmurdu.
Tutaq ki, ilk müxbir kimi çalışdığım “Fədai” veteran qəzeti, “Binəqədi”, De Fakto” və.s. Əslində isə əgər mən vaxtında qərarsız və səbirsiz olmasaydım elə “Ədalət” qəzetinin özündən, sonra həmişə qapısı üzümüzə açıq olan “525-ci qəzet”dən ayrılmazdım ki... Əzəldən həyatla mənim istədiklərim tərs mütənasib oldu, sonra özüm də bu tarazlığı düzəldə bilmirdim. Bir dəfə şair Xanəmir dedi ki, sən heç vaxt ürəkdən gülə bilməzsən. Elə indinin özündə də düşünürəm ki, çox düz deyib dərdi dərdimdən olan qardaşım. Bir də uşaqlıqda oxuduğum şerlərin birindən belə bir misra qalıb yadımda, “Fərasət özü də bir istedaddır”. Bu gün ürəyimin dərinliyindən gələn bu yazını məhz “525-ci qəzetin” səhifələrində görməyimin özünün də yəqin ki, bir önəmi var. Bir faktı da unutmaq mənim üçün haqsızlıq olardı. Ən çətin anlarımda ürəyimə düşən işıqdan biri də “Üç nöqtə” qəzeti olub. Qəzetin bütöv bir səhifəsində, bəzən isə yazımın anonsunu birinci səhifədə görəndə çox sevinmişəm...
2001-ci ildə YB-nə üzv qəbul olundum. 2004-cü ildə çox hörmətli, xeyriyyəçi insan, professor Elçin İsgəndərzadə digər seçilmiş gənclər kimi mənim də kitabımı rəhbərlik etdiyi “Vektor” Elm Nəşriyyatında təmənnasız olaraq çap etdirdi. Bizim kimi könlü-gözü Yurd nisgilli qardaşımızın işıq üzünə çıxardığı “Könlümün sarı simi” adlı bu kitab, böyük şair Musa Yaqub demiş, neçə könüllərin sarı siminə toxunaraq uğurlu oldu.
...Və nəhayət çox sevdiyim şair, yüksək mədəniyyəti və əxlaqı ilə mənim üçün bir məktəb olan Çingiz Əlioğlu mənim işsizlik məsələmə bir əncam çəkdi. Artıq Mədəniyyət Nazirliyinin təsis etdiyi “Yaddaş” qəzetində şöbə redaktoru vəzifəsində çalışırdım. Bundan sonra “Qarabağa aparan yol” adlı qəzetdə də bu vəzifədə çalışdım. Məni bu işə dəvət edən qəzetin redaktoru şair Əli Mahmud yadımda qalan ən xeyirxah, ən nəcib insanlardan biridi. Elə bu qəzetdə çalışarkən axır ki, bəxtim üzümə güldü və mən ailə həyatı qurdum. Allaha şükürlər olsun, mənə bir oğul, bir qız övladı bəxş elədi. Bundan böyük xoşbəxtlik nə olar ki...

XOCALI YARASI SAĞALMAZ


Dünyadakı havadarları ilə erməni birləşməsi türkün ən qatı düşməni kimi bizə zaman-zaman çox yaralar vurub, millətimizin başına çox müsibətlər gətirib. Bu günlərdə bir daha tanış olduğum bəzi mənbələrdə erməni xislətinin vaxtilə başımıza gətirdiyi müsibətlərin miqyası məni dəhşətə gətirib. Həmçinin dinc adamlarımızı necə amansızlıqla qətlə yetirmələri, körpələrə, qocalara divan tutulması adamı yandırıb-yaxır. Amma bununla belə Xocalı soyqrımı bizim ürəyimizdə başqa bir yara açıb – SAĞALMAZ BİR YARA. Bu dərdi, müsibəti ifadə etməkdə söz acizdi. Xocalıda elə bir soyqırım dəhşəti yaşanıb ki, bəlkə dünyada belə analoqu yoxdu. İtirdiklərimiz, atamın ölümü belə mənə adi gəlir Xocalı müsibətinin yanında. Bu şeytan yığnağı necə özünə millət, xalq deyir? Adam özünə necə insan deyir ki, hələ doğulmamış körpəni süngüyə keçirir, diri-diri adamı yandırır, başının dərisini çıxarır, gözlərini tökür? Allahın yaratdığı insanı gözü baxa-baxa eybəcər bir hala salır, hələ bu azmış kimi tanınmaz şəklə saldığı adamı öldürdükdən sonra meyitini də təhqir edir. Uşaqları diri-diri yandıran bu manyaklar, biclər necə ata olur, Allah?! Özü də bu dəhşətlər fevralın şaxtasında, qarın, buzun içində yaşanır. Bu vəhşilərdən üzü Ağdama doğru birtəhər qaçıb canlarını qurtaran az-çox adamların da ayaqlarını don vurur, sağalmaz xəstəliklərə düçar olurlar. Qaçarkən düşmən əlinə keçməsinlər deyə qundaqdakı çağasını boğan anaların halını təsəvvür edin. Şükürlər olsun ki, bu gün o boğulmuş uşaqlardan sağ qalan şahidlər də var. Hələ düşmən əlində nə qədər əsirimiz var, itgin düşənlərdən hələ də bir xəbər yoxdu. Xocalı soyqrımında neçə ailə var ki, onlardan bir nəfər belə sağ qalmayıb. Doğmalarını itirən, özü də bu cür amansızlıqla qətlə yetirilən adamların qohumlarının, Xocalı şahidlərinin yarası sağalarmı görən?!. Heç mənim də, sənin də, bizim də yaramız sağalmaz...Və nə qədər ki, qanımıza boyanmış o torpaq murdar əlindən xilas edilməyib bizə bu dünyada rahatlıq yoxdu və olmamalıdı...Çünki unutqanlıq başımıza gələn yeni müsibətlərə rəvac vermiş olar. Necə ki, tariximizin qanlı səhifələrini vərəqlədikcə biz bunun şahidi oluruq...









Mənbə: Mina RƏŞİD 24.02.2012     Çap et  Çap et