525-ci qəzet

İztirablı yollarla




Gənc şair Elxan Zalın redaktəsi ilə “Ulu çinar” adlı yeni dərgi işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin və Mahmud Qaşqarlı Fondunun nəşri olan bu dərginin ilk sayında xalq şairi Zəlimxan Yaqubun “Sürgünlə söhbət” poeması dərc edilib. Poemanı birnəfəsə oxudum və telefon açıb Zəlimxanı təbrik etdim. Bilirəm, irad tutacaqlar ki, “telefon etdim, zəng etdim” əvəzinə Türkiyə türkcəsiylə “telefonu açdım” dedim. Məsələ ondadır ki, “etmək”, “olmaq” feillərini o qədər çox işlədirik ki, sözün təsir imkanı azalır. Zəlimxan kimi həm Türkiyə türkcəsini, həm də sinonimləri sevən şair haqqında yazıda bəzən Türkiyə türkcəsindən alınan sözlərə, ifadələrə müraciətim, umaram etiraz doğurmamalıdır.
Poemadan əvvəl dərgi əməkdaşının müəlliflə söhbəti verilib. Bu söhbət əsnasında Zəlimxan deyir: “Sürgün” poeması mənim 60 illik ömrümdə yazdığım ən bəyəndiyim əsərdir”.
Müəllifin hansı əsərini daha çox bəyənməsi onun öz işidir, amma, məncə, onu doğru deyir ki, bu əsərin mövzusuna ədəbiyyatımızda toxunan olmayıb. Stalin repressiyaları illəri haqqında şeirimizdə, nəsrimizdə, dramaturgiyamızda bir sıra dəyərli əsərlər yaranıb, amma Qazaxıstan, Qırğızıstana sürgün edilmiş soydaşlarımız haqqında, Ahıska türklərinin faciəvi taleləri haqqında yazılmış ilk əhatəli əsər Zəlimxanın yeni poemasıdır. Bu əsər həm də ara-sıra mətbuat səhifələrində, o cümlədən öz qələm həmkarlarımız tərəfindən səslənən iradlara – “son illər Azərbaycan ədəbiyyatında ciddi mövzularda maraq doğuran əsərlər yaranmayıb” iradına tutarlı cavabdır. Çağdaş Azərbaycan yazıçılarının əsərlərinin bütün əvvəlki dövrlərdən qat-qat daha çox Türkiyədə, Rusiyada, MDB və Qərb ölkələrində nəşr olunması faktını dilə gətirəndə isə, “bu, təmayül deyil” – deyirlər. Ədəbiyyatımızın ölkə sərhədlərindən uzaqlarda da tanınması ən müsbət təmayül deyilsə, onda təmayül necə olur görəsən?
Zəlimxan Qazaxıstana, Qırğızıstana səfər edib, bu xoşməramlı səfər imiş, şairin çoxsaylı oxucuları, yaradıcılığını sevənlərlə maraqlı görüşləri olub. Amma şair üçün bu səyahət həm də iztirablı yollarla keçən bir səfərdir. Özü də başıbəlalı bir ailənin, babaları sürgün edilmiş bir nəslin övladı olan Zəlimxan soydaşlarımızın sürgün dərdini, dözməli olduqları min bir əzabı qəlbinin bütün hüceyrələriylə duyaraq, yaşayaraq, acıyaraq qələmə alıb.
Qazaxıstana, Qırğızıstana sürülmüş azərilərlə müxtəlif illərdə mən də görüşmüşəm. Hələ sovet dövründə Alma-Atada olarkən görüşdüyüm qoca azərbaycanlıyla söhbətimi heç vaxt unutmayacam. Dərdlərindən, bəlalarından danışan qocaya azacıq təsəlli kimi söylədim ki, hər halda burada dini dinimizdən olan, qohum dildə danışan millətin içindəsiniz. Qoca: – “Yox, oğul – dedi, – necə olur-olsun, bunlar bizdən ayrıdır, vətənin dadı tamam başqadır”.
Ola bilsin aşırı turançılar qocanın bu sözlərini xatırlatdığıma görə məni qınayacaq. Amma gerçəkçi olmadan turançı olmaq da mümkün deyil. Qazaxlar da, qırğızlar da qardaş millətlərdir, amma... “Amma vətənin dadı başqadır”. Havasının, suyunun, nəğmələrinin, təamlarının, zarafatlarının, nəvaziş və gileylərinin dadı başqadır.
2008-ci ildə Bişkekə böyük yazar Çingiz Aytmatovun dəfninə getmişdim. Qırğızıstandakı səfirimiz Arif Əliyevin yardımıyla qohumlarımı – Rəfibəyliləri tapdım. Akif, Eldar, Ruslan Rəfibəylilərlə görüşdüm. Bişkekin Fəxri xiyabanında uyuyan Rəfibəylilərin məzarlarını ziyarət etdim.
Bişkekdəki Rəfibəylilərdən Zəlimxan da poemasında bəhs edir. Bolşevik-daşnaklar tərəfindən güllələnmiş ana babam, Azərbaycan Cümhuriyyətinin ilk səhiyyə naziri, sonra isə Gəncənin general-valisi Xudadat bəy, dəfələrlə həbs edilmiş, sürgünlərə göndərilmiş, cəlayi-vətən olmuş Rəfibəylilər haqqında Rafael Hüseynov sanballı kitab yazıb. Bu kitab haqqında Zəlimxan da vaxtilə ürək sözünü demişdi. İndi yeni poemasında nəslimizin ağsaqqalı, anamın babası Ələkbər bəy Rəfibəyli haqqında səmimi ağrıyla söz açan Zəlimxana minnətdaram. Əsasən şeirlə yazılmış, amma bəzi parçaları nəsrlə qələmə alınmış poemada Zəlimxan deyir:
“Gəncə ən ağır günlərini yaşayırdı. Nuhun gəmisi kimi tufanlardan onu sağ-salamat çıxarmaq istəyən bir kişi vardı: Ələkbər bəy Rəfibəyli, “Vətən atası!”. Xalq bu adı ona qəlbinin səsi, könlünün arzusu ilə vermişdi. Onun vaxtsız ölümü, Xudadat bəyin ermənilər tərəfindən güllələnməsi bu nəslə dalbadal zərbələr vurmaq istəyən düşmənlərə geniş fürsət verdi. Bu nəslin qara günü belə başladı:
Ölümlər, itimlər belini əydi,
Tapdadı nahaqlar, tapdandı haqlar.
Gəncənin atası nədən biləydi,
Nəslini gözündən batıracaqlar.
Nələri görmədi bu nəsil, Allah,
Çarmıx da, zindan da, edam da gördü,
Dırnağı çəkilən, dili doğranan,
Dərisi soyulan adam da gördü.
Qara libas geymiş qara dövranın
Dərdli ürəklərdə qanlı yası var
Harda Rəfibəyli güllələnibsə,
Harda Rəfibəyli sürgünü varsa,
Altında erməni familyası var.
Rəfibəyliləri nəm divar kimi,
Gah yağış çəkirmiş, gah qar çəkirmiş.
Bu nəslin ən ağır şöhrət yükünü
Adı Suğra olan Nigar çəkirmiş.
Diqqətimi o da çəkdi ki,
Əsir zəmanənin soyuq yelləri,
Üşüyür, sızlayır ruhu Gəncənin.
Yoxdu rahatlığı Ələkbər bəyin,
Odur xilaskarı, Nuhu Gəncənin.
– qoşmasının rədifi vaxtilə Gəncənin Cavad xan nisbətinə ağı demiş Aşıq Həsənin misralarıyla səsləşir:
Bayraqları bürc üstündə qurdular,
Uşaq, böyük – hamısını qırdılar.
O zaman ki, Cavad xanı vurdular,
Sanasan qırıldı beli Gəncənin.
Ümumiyyətlə, xalq ədəbiyyatımızın, şeirimizin dərin bilicisi olan Zəlimxan bu poemasında da poeziyamızın müxtəlif biçimlərindən məharətlə faydalanmış, qoşma, gəraylı, bayatı, o cümlədən daha çox Kərkük türklərinə xas olan kəsik bayatılar-xoyratlar poemanın müxtəlif hissələrində yeri-yerində və yaradıcı şəkildə işlənmişdir.
Əsərin sürgün vaqonlarını, abrına-ismətinə qısılıb əziyyət çəkən, balasını əmizdirməyə belə imkan tapmayan qadınların iztirabını, yollarda ölüb qalan və yollarda doğulan insanların ağlasığmaz keşməkeşləri poemada yüksək bədii boyalarla, canlı ayrıntılarla, yadda qalan təfsilatlarla təsvir edilmişdir. Cavid ailəsinin ağrı-acıları, neçə-neçə kübar nəsillərin məhv edilməsi, Gəncənin başına açılan oyunlarla bərabər Zəlimxan Ahıska türklərinin iztirablarından da söz açır və bəlkə də ilk dəfə olaraq bu mövzunu ədəbiyyatımızda belə müfəssəl əks etdirir.
Ahıska türklərinin bu günə qədər davam edən vətən nisgili, yurd həsrəti haqqında parçaları oxuduqca bu bədbəxt xalqın şairlərini xatırladım. Vaxtilə tərtib etdiyim “1500 ilin oğuz şeiri” antologiyasına Ahıska şairlərinin də əlimə keçən şeirlərindən örnəklər daxil etmişdim.
Zəlimxanın qürbətdə rastlaşdığı soydaşımızın adını anası “Sürgün” qoyub. Ahıska şairlərindən birinin də təxəllüsü Sürgündür. Antologiyamda Şimşək Sürgün Kaxaretli adını daşıyan şairdən gətirdiyim “Bəxtsiz türklər” şeirində belə bəndlər var:
Ahıska elləri – elimiz bizim,
Yenə pərişanlıq halımız bizim,
Qürbətlərə düşdü yolumuz bizim,
Aman Allah, aman, qaldıq biçarə!
Yandıq Allah, yandıq, bizə bir çarə!
Antologiyada yer almış başqa Ahıska şairlərindən misralar:
Durdum, vətən dedim, oturdum vətən,
Vətənim gül açıb, ağacı tikən,
Boynundan bağlayıb bazara çəkən
Qul kimi ellərə satan dünyasan.
Od qoyub elimə etdilər talan,
Ağladı qız-gəlin, etdilər şivən,
Bu ahı qoymasın sizə Yaradan,
İndiyəcən dərdimizə yanan görmədim.
Fəhlul
Düşdüm qürbət elə, oldum divanə,
Səbəbini məndən soran olmadı,
Ellər ağ geyindi, mən geydim qara,
Soruşub dərdimi bilən olmadı.
Zeynalam, gəzərəm elsiz-obasız,
Tapılmaz təbibim, qaldım davasız,
Məhv olsam, qəbrimdə belə yazarsız:
“Bu dünyada bizə vətən olmadı”.
Zeynal Yekta
Xəyalım önündə durursan hər dəm
Kədəri uduram hey qurtum-qurtum
Quş olub Qocurda gözlərimdə nəm.
Süzdüm sənə sarı, ey baba yurdum.
Cabir Xalidov
Həsrət qaldıq torpağına-daşına,
Məndil qalmaz gözümüzün yaşına,
Nələr gəldi millətimin başına,
Allah nəsib etsin, gedək vətənə.
Günəş Müzəffərova
Bu yanıqlı misraları gətirməklə bəxtsiz xalqın övladlarına bir daha bildirmək istəyirəm ki, onların bir qismini bağrına basmış Azərbaycan qardaş millətin dərdini, nisgilini, həsrətini hər zaman paylaşmış, öz dərdi, öz fəlakəti, ağrı-acısı kimi yaşamış və yaşamaqdadır. Gözəl şairimiz Zəlimxan Yaqubun poeması bu həqiqətin ən yeni və ən bariz sübutudur.
Zəlimxanın “Sürgün” poemasının vaxtında yazılmasının bir önəmi də ondadır ki, bu əsər həm də xəbərdarlıqdır. O məşum və mənhus zamanların kabusu hələ də əriyib itməyib. Rusiyada sorğular nəticəsində bu ölkənin ən böyük siması kimi Stalinin göstərilməsi bu təhlükənin nə qədər real olduğuna daha bir sübut deyilmi? İndiki zamanın çətinliklərindən, bir çox ədalətsizliklərdən, ifrat varlı və ifrat kasıb təzadlarından bezmiş insanlar nostalji hissləriylə ötən rejimi xatırlayırsa, bu çox qorxunc bir təmayüldür. Rus şüurunda hələ də yer tutan Stalin kultu imperiya duyğularıyla bağlıdır. Rusiyanın bəzi çevrələri hələ də dərk etməyiblər ki, imperiyayla demokratiya bir yerdə uyuşa bilməz. İmperiya şüuru başqa millətləri zor gücünə öz itaətində saxlamaqdırsa belə düşüncə demokratik anlayışlarla daban-dabana ziddir.
Poemanın sonluğunda “Ulusa səsləniş”i çox ciddi çağırış kimi qavramaq olar:
Qurduğun saraylar dağıla bilər,
Yeni Stalinlər çıxar meydana,
Yeni Bağırovlar doğula bilər,
Səni yağlı vədlər, yalan ümidlər
Tərif xumarında uyuda bilər.
Ayılıb görərsən kəsib qapını,
Qəfil otuz yeddi qayıda bilər.
Qəfil bəlalardan özünü gözlə,
Tayqadan, Uraldan özünü gözlə,
Sibirdən, Araldan özünü gözlə.
Öz etirafına görə qürbətdə başlayıb vətəndə bitirdiyi “Sürgün dastanı” yalnız Türküstan səfərindən deyil, ta uşaqlıq illərindən iztirab yollarına alışmış şairin bəlkə də ən səmimi əsəridir. Bu təəssüratımı yeni ilin – 2010-cu ilin ilk günündə –yanvarın 1-də yazdım. Uca Tanrı yeni ildə də, bütün gələcək illərdə də xalqımızı və hər birimizi bir daha iztirablı yollardan keçməyə düçar eləməsin.
1 yanvar 2010 ANAR






Mənbə: ANAR06.01.2010     Çap et  Çap et