525-ci qəzet

Yaddaşın tarixi qoruyucusu



Görkəmli tarixçi alim Cəmil Həsənlinin 60 yaşı tamam olur. Çağdaş tariximizin açılmamış səhifələrini yüksək peşəkarlıqla işıq üzünə çıxarmaqda Cəmil müəllimin müstəsna xidmətləri danılmazdır. Cəmil Həsənli Azərbaycanın, eləcə də başqa ölkələrin – Rusiyanın, ABŞ-ın, Türkiyənin arxivlərində yorulmaz axtarışlar nəticəsində əldə etdiyi faktları əsl tarixçi obyektivliyiylə üzə çıxarır, ümumiləşdirir, nəzəri cəhətdən əsaslandırır. İllər boyu davam edən ağır zəhmətin bəhrəsi olan neçə-neçə samballı, qalın kitabı XX əsr Azərbaycan həyatının tamamilə əvvəlki araşdırmalardan çox fərqli, daha gerçək mənzərəsini yaradır.
XX əsrin ikinci onilliyində – 1918-ci ildə Şərq tarixində görünməmiş hadisə baş verdi – Azərbaycanda ilk demokratik Cümhuriyyət yarandı. Bu Cümhuriyyətin istər daxili, istər xarici siyasətində rastlaşdığı çətinlikləri C.Həsənlinin tədqiqatlarında bütün ayrıntılarıyla əyani şəkildə görürük. Ölkəmizin təbii sərvətlərinə tamah salmış və ilk növbədə elə buna görə də müstəqilliyimizə qənim kəsilmiş böyük dövlətlər, – müxtəlif xarici maraqların toqquşması, hakimiyyət hərisliyindən törəyən daxili hərki-hərkilik, ölkənin içindəki bolşevik “beşinci kolonu”, Cəmil müəllimin kitablarında elə konkret faktlar və real simalar vasitəsiylə canlandırılır ki, sanki biz özümüz bu hadisələrin şahidinə çevrilirik.
Alim XX əsr Azərbaycan tarixini vətənimizin hüdudlarından kənarda – yaxında ya uzaqda – cərəyan edən hadisələrdən təcrid olunmuş şəkildə təhlil etmir. Rusiyada, İranda, Türkiyədə baş verən hadisələrin Azərbaycanın taleyində rolunu araşdırır. Yalnız keçən əsrin əvvəllərində deyil, ortalarında da, İkinci dünya müharibəsi illərində Sovet hökumətinin İranda və Türkiyədə yürütdüyü siyasi oyunlar tarixçinin yozumunda ibrət dərsi kimi səslənir. Yalnız Azərbaycanın deyil, qonşu dövlətlərin də ibrət götürəcəyi dərs kimi...
Təsadüfi deyil ki, C.Həsənlinin kitabları Türkiyədə də, ABŞ-da da, Rusiyada da böyük maraq doğurur, nəşr olunur, diqqətlə izlənilir.
Cəmil müəllimin tədqiqatçı-alim kimi özəlliyi ondadır ki, o, tariximizin haqlı milli qürur doğuran və təəssüf ki, faciələrlə sonuclanan dövrlərini qələmə alır. 1918-ci ildə ilk Cümhuriyyətimizin fərəhi 1920-ci ilin bolşevik istilasıyla alt-üst oldu. 45-ci ilin dekabrında “21 Azər” günü kimi tarixə düşmüş iftixar doğuran başqa bir hadisə – Cənubi Azərbaycanın azadlıq sevinci – bir il sonra elə həmin gün “21 Azər” müsibətiylə nəticələndi. Cəmil Həsənli bu hadisələr haqqında vətəndaş ağrısıyla, ziyalı təəssübüylə, eyni zamanda alim dəqiqliyiylə bəhs edir.
Cəmil Həsənlinin son dərəcə maraqlı və vacib tədqiqatlarından biri də 1950-ci illərdə Azərbaycanda baş verən hadisələr, bu hadisələrdə Moskva hökumətinin inzibati təzyiqi və qabaqcıl Azərbaycan ziyalılarının dirənişi – konkret faktlarla açıb göstərir. Bu da çox mühüm məsələdir. Çünki indi “icazəli cəsarət” şəraitində bu hadisələrdən bixəbər olanlar, yaxud da onları bilib özünü bilməməzliyə qoyanlar belə bir təsəvvür yaratmaq istəyir ki, sovet dövründə rəsmi siyasətə heç bir müqavimət olmayıb, hamı ucdan tutma ideologiyaya mütiliklə boyun əyib.
Çağdaş rus mediasında Xuruşovun altmışıncılar nəslinə mənsub olan o vaxtın şairləri və yazıçılarına qarşı qaba davranışı, onları təhqir etməsi, hədələməsi haqqında dönə-dönə yazırlar. Qoy Cəmil müəllimin kitabıyla da tanış olsunlar, həmin Xuruşovun mötəbər yazıçımız Mirzə İbrahimovu doğma dil uğrunda mübarizəsinə görə millətçilikdə ittiham edərək, hətta faşist adlandırmasından da xəbər tutsunlar.
Tarix yalnız ictimai və milli yaddaşın güzgüsü deyil, tarix həm də bugünki rəftarımız, davranışımız üçün bələdçidir, kompasdır. Axmatovanı, Zoşşenkonu, Pasternakı, Soljenitsini sovet rejiminin müxtəlif dövrlərində ən ağır ittihamlarla suçlayanlar, ən çirkin böhtanlarla şərləyənlərin tarixə hansı adla düşdükləri bu gün hamıya bəllidir.
Obyektiv faktlara və tarixi gerçəklərə əsaslanan araşdırmalar gələcək nəsil üçün yazılmış tarix kitablarıdır. Belə əsərlər Keçmişimiz haqqında Gələcəyə yönəlmiş xəbərdarlıqlardır. Biz tariximizi qoruduqca tariximiz bizi qoruyur.
Cəmil Həsənli tarixi yaddaşımızın ən görkəmli qoruyucularından biridir.
Altmış yaşınız mübarək, əziz Cəmil müəllim!
ANAR
12 yanvar 2012







Mənbə: ANAR14.01.2012     Çap et  Çap et